Məhkəmə qərarları › İş №e-2(023)-1386/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1386/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1386/2023 30.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Çobanova Elminaz Zarif qızının katibliyi , İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********42478 Samsung Galaxy A33 markalı telefon və APPLE ADAPTER üçün 602 manat ödənilməmiş hissə, 60 manat cərimə olmaqla, ümumilikdə 662 manat borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2022ci il tarixli müqavilə üzrə İmei kodu **********42478 Samsung Galaxy A33 markalı telefon və APPLE ADAPTER almış, nəticədə 662 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1076 manat (12 ay x 75.25 manat + 173 manat ilkin ödəniş) olan İmei kodu **********42478 Samsung Galaxy A33 markalı telefon və APPLE ADAPTER üçün ümumilikdə 1076 manat - bundan 602 manat ödənilməmiş hissə, 60 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 474 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli, 02992503 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1076 manat olan əşyanı (üzrə İmei kodu **********42478 Samsung Galaxy A33 markalı telefon və APPLE ADAPTER) Cavabdeh “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 75.25 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh cəmi 474 manat ödəniş etmiş, onun hal-hazırda 602 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı hər iki müqaviləyə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə cəmi 60 manat cərimə tələb etmişdir. Lakin, məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 10 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 602 manat əsas borc, 60 manat cərimə olmaqla, cəmi 662 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 602 manat əsas borc, 30 manat cərimə olmaqla, cəmi 632 (altı yüz otuz iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar