Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-242/2025 18.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi Xankişiyev Sədrəddin Süleyman oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə iddiasına dair mülki işə 18 mart 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 oktyabr 1964-cü il təvəllüdlü Cavabdeh 25 iyul 2019-cu il tarixli, QZK483917 saylı borc müqaviləsinə əsasən 360 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 390 (üç yüz doxsan) manat pul vəsaitinin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə 15 ay müddətinə 25 iyul 2019-cu il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən dəyəri 1889 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 360 manat əsas borcu qalmışdır. Odur ki, cavabdehdən 25 iyul 2019-cu il tarixli, QZK483917 saylı borc müqaviləsinə əsasən 360 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 390 (üç yüz doxsan) manat pul vəsaitinin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMCnin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini, hazırda qeyd edilən kredit müqaviləsi üzrə iddia müddəti ötürülməklə verildiyini bildirmişdir. İddiaçının son ödəniş qəbzlərini məhkəməyə təqdim etməsini xahiş etmişdir. Odur ki, iddia müddətinin keçməsinə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, QZK483917 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1889 manat məbləğində məişət avadanlığı üçün 89 manat ilkin ödəniş etməklə, qalan məbləği 15 ay müddətinə hər ay 120 manat ödəmək şərtilə almışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə 25 iyul 2019-cu il tarixdə "xxxx" MMC arasında bağlanmış ümumi məbləği 1889 manat olan QZK483917 saylı müqavilə üzrə ödənilməmiş 360 manat əsas (qalıq) borcu qalmışdır. Ödəniş cədvəli üzrə xx.xx.2019-cu il tarixdən son ödəmə tarixi xx.xx.2022-ci il tarix olmaqla, ümumilikdə 1529 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin materiallarından görünür ki, sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlamışdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödəniş cədvəli üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2022-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə sübutetmə vəzifəsinin bölgüsü baxımından alqı-satqı müqaviləsi üzrə əşyanın alıcıya verilməsini satıcı (iddiaçı), satılan əşyanın dəyərinin ödənilməsini isə alıcı (cavabdeh) sübut etməlidir. Hazırki mülki iş üzrə iddiaçının nisyə alqı-satqı müqavilələri üzrə satılmış əşyaları cavabdehə verməsi işin mübahisəsiz halıdır. Bununla belə iddiaçı cavabdehin müqavilə üzrə ümumilikdə 360 manat ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iddiaçıya ümumiyyətlə borcunun olmadığını bildirsə də, nisyə-alqı satqı müqavilələri üzrə alınmış əşyaların dəyərinin (tam və ya qismən) ödənilməsini təsdiq edən sübutlarını (ödəniş qəbzi) məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyanın nisyə alqı-satqı müqavilələri bağlamışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehə təhvil vermişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, müqavilə üzrə yaranmış ümumilikdə 360 manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 25 iyul 2019-cu il tarixli, QZK483917 saylı borc müqaviləsinə əsasən 360 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumu, cəmi 390 (üç yüz doxsan) manat pul vəsaiti alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-242/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-242/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver