Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-252/2024 22.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 27 fevral 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2017-ci il tarixli 1922-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6253,00 manat gecikdirilmiş borcu və hesablanmış 3231,10 manat cərimənin, eləcə də xx.xx.2018-ci il tarixli 1522-L/18 nömrəli müqavilə üzrə yaranmış 1694,00 manat gecikdirilmiş borcu və hesablanmış 1548,83 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, cəmi 13226,93 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 1922-GL/17 nömrəl və xx.xx.2018- ci il tarixli 1522-L/18 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 1922-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6 253,00 manat gecikdirilmiş borcu və hesablanmış 3 231,10 manat cərimə məbləğini, eləcə də xx.xx.2018-ci il tarixli 1522-L/18 nömrəli müqavilə üzrə yaranmış 1 694,00 manat gecikdirilmiş borcu və hesablanmış 1 548,83 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Odur ki, xx.xx.2017-ci il tarixli 1922-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6253,00 manat gecikdirilmiş borcu və hesablanmış 3231,10 cərimənin, eləcə də xx.xx.2018-ci il tarixli 1522-L/18 nömrəli müqavilə üzrə yaranmış 1694,00 manat geciukdirilmiş borcu və hesablanmış 1548,83 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, cəmi 13226,93 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 1922-GL/17 nömrəli müqavilə üzrə 1000 manat, 1522-L/18 nömrəli müqavilə üzrə isə 500 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Odur ki, xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 1922-GL/17 nömrəli müqavilə üzrə yaranmış 5253,00 manat gecikdirilmiş borcu və hesablanmış 3231,10 manat cərimə məbləğini, eləcə də xx.xx.2018-ci il tarixli 1522-L/18 nömrəli müqavilə üzrə yaranmış 1194,00 manat gecikdirilmiş borcu və hesablanmış 1548,83 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Lakin Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində iddianı qəbul etmədiyini bildirərək göstərmişdir ki, onun hazırkı iddia ərizəsində qeyd edilən məbləğdə borcu yoxdur. İddia ərizəsi məhkəməyə daxil olmamışdan 1 gün əvvəl və sonrakı gün, yəni xx.xx.2024-cü il tarixdə qəbzlərlə ödənişlər etmişdir, həmin ödənişlər "xxxx" ASC ("xxxx" ASC)-nin hesabına ödənilsə də həmin məbləğlər borcdan silinməmişdir. Ona qarşı verilmiş iddiada cərimə borcu şişirdilmiş, həddindən artıq göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə baxışı iclasını onun iştirakı olmadan keçirib, ona hesablanmış cərimə borcunun silinməsi və ödədiyi qəbzlərin nəzərə alaraq qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli 1922-GL/17 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 19938,00 manat olan, dəyəri 47250,00 manat olan 1 ədəd Belarus-892 markalı traktor və dəyəri 1122,00 manat olan 1 ədəd 4 gövdəli asma (təkərli)-AK-4-35 markalı kotanı ilkin dəyərinin 40%-nə qədər güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə istifadəyə verilmişdir. Cavabdeh isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 1 oktyabr 2018-ci il tarixli 1522-L/18 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 10450,00 manat olan, taxılsəpən, gübrəsəpənlə AG-TS24 markalı kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə istifadəyə verilmişdir. Cavabdeh isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 12 oktyabr 2017-ci il tarixli 1922-GL/17 nömrəli lizinq müqaviləsi borcu 6253,00 manat gecikdirilmiş borcu və hesablanmış cərimə 3231,10 manat təşkil edir. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 1 oktyabr 2018-ci il tarixli 1522-L/18 nömrəli lizinq müqaviləsi borcu 1694,00 manat gecikdirilmiş borcu və hesablanmış cərimə 1548,83 manat təşkil edir. Müqavilənin 2.1.5-ci bəndində lizinq alan müqavilənin şərtlərinə əməl edilmədikdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq 1 dəfə ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə texnikanın istismarını dayandırıb ona təhvil verir və bu müqavilənin 5.2-ci bəndində göstərilən şərtlərin yerinə yetirilməsini öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabeh Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərin icrası tələb edilmiş, əks təqdirdə borcun, cərimənin və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Məhkəmə, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı Cəmiyyətlə aralarında bağlanmış lizinq müqavilələrinə əsasən kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2017-ci il tarixli 1922- GL/17 nömrəli müqavilə üzrə 5253,00 manat gecikdirilmiş borcu və 3231,10 manat hesablanmış cərimə, eləcə də xx.xx.2018-ci il tarixli 1522-L/18 nömrəli müqavilə üzrə 1194,00 manat gecikdirilmiş borcu və 1548,83 manat hesablanmış cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alan məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı xx.xx.2017-ci il tarixli 1922-GL/17 nömrəli müqavilə üzrə 3231,10 manat məbləğində cərimə pulunun 200 manat məbləğinə, xx.xx.2018-ci il tarixli 1522-L/18 nömrəli müqavilə üzrə 1548,83 manat məbləğində cərimə pulunun 100 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli 1922-GL/17 nömrəli müqavilə üzrə yaranmış 5253,00 manat gecikdirilmiş borc və hesablanmış 200 manat cərimə, eləcə də xx.xx.2018-ci il tarixli 1522-L/18 nömrəli müqavilə üzrə yaranmış 1194,00 manat gecikdirilmiş borcu və hesablanmış 100 manat cərimə borcu, cəmi 6747 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Xırdalan şəhəri Vəkil Bürosunun hesabına 500 manat pul köçürülmüşdür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan vəkil xərci də cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 500 manat vəkil xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, Cavabdeh 87,47 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 1922-GL/17 nömrəli müqavilə üzrə 5253,00 manat gecikdirilmiş borc və 200 manat cərimə, xx.xx.2018-ci il tarixli 1522-L/18 nömrəli müqavilə üzrə 1194,00 manat gecikdirilmiş borc və 100 manat cərimə borcu olmaqla, cəmi 6747 (altı min yeddi yüz qırx yeddi) manat və tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Cavabdeh hüquqi yardımla bağlı ödənilmiş 500 manat vəkil xərci alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Cavabdeh 87,47 (səksən yeddi manat qırx yeddi qəpik) manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-252/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-252/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver