Məhkəmə qərarları › İş №e-2(023)-632/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-632/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-632/2025 23.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, İddiaçı (MMC) Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı 26 fevral 2024-cü il tarixli, 02107424 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4205,96 manat, cərimə qismində 2102,98 manat, cəmi 6308,94 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 83,09 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********29924 İPHONE 15 PRO markalı telefon almış və nəticədə 6308.94 (altı min üç yüz səkkiz manat, 94 qəpik)manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı 5927.76 (beş min doqquz yüz iyirmi yeddi manat, 76 qəpik) manat (18 ay x 329.32 manat + 0 manat ilkin ödəniş) olan APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********29924 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə 6308.94 (altı min üç yüz səkkiz manat, 94 qəpik ) manat olmaqla, ondan, 4205.96 (dörd min iki yüz beş manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2102.98 (iki min yüz iki manat, 98 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1721.80 təşkil edir. 17 may 2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 26 fevral 2024-cü il tarixli, 02107424 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********29924 İPHONE 15 PRO markalı telefonu 5927,76 manat məbləğinə "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Mülki işdə olan Cavabdeh "xxxx" MMC-nə olan borcu barədə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu 26 fevral 2024-cü il tarixli, 02107424 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4205,96 manat, cərimə qismində 2102,98 manat, cəmi 6308,94 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 26 fevral 2024-cü il tarixli, 02107424 nömrəli müqavilə üzrə 2102,98 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 26 fevral 2024-cü il tarixli, 02107424 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4205,96 manat, cərimə qismində 5 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 62,10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 02107424 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4205,96 manat və cərimə qismində 5 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62,10 manat, cəmi 4273,06 manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı MMC-nin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar