Məhkəmə qərarları › İş №e-2(023)-688/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-688/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-688/2024 22.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı «ELİTE ESTETİK” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə 22 oktyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada «ELİTE ESTETİK” MMC-nin xeyrinə 1600 manat və cərimə olaraq bank uçot dərəcəsi nəzərə alınmaqla 500 manat, cəmi 2100 manat borcun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında CAVSM adlı avadanlığın nisyə alqı-satqısı barədə 0006 nömrəli, 30 avqust 2023-cü il tarixli müqavilə imzalanmışdır. Avadanlığın ümumi dəyəri 2000 manat müəyyən edilmişdir. Müqavilə şərtlərinə əsasən yuxarıda göstərilən avadanlıq ilkin ödəniş edildikdən sonra 5 ay (sentyabr istisna olmaqla) müddətinə hər ayın 30-u son ödəniş müddəti olmaqla tam olaraq ödənilməli idi. Lakin bütün aylar üzrə ödənişlər gecikdirilmişdir. Hazırda qalıq borc 1600 manat təşkil edir. Həmçinin göstərilən müqavilənin yerinə yetirilməsinə dair Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı MMC tərəfindən yaranmış vəziyyətin danışıqlar yolu tənzimlənməsinə çalışılmışdır, dəfəfələrlə cavadehlərlə danışıqlar aparılsa da nəticəsi olmamışdır. Cavabdehlərə yazılı xəbərdarlıq məktubu göndərilmiş, lakin bu tədbirlər heç bir nəticə verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmiş və verdiyi izahatında göstərmişdir ki, həqiqətən İddiaçı MMC ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən CAVSM adlı avadanlıq almışdır. Maddi imkanı olmadığı üçün borcunu qaytara bilməmişdir. Borcunu ödəməkdən imtina etmir. Borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Cavabdeh1 əvvəlki məhkəmə iclasında və məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, İddiaçı MMC-nin istinad etdiyi zaminlik müqaviləsi saxtadır, qanunsuzdur və cinayət yolu ilə bağlanılmış müqavilədir. Həmin müqavilə oniun adından imzalanaraq saxtakarlıq edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 30 avqust 2023-cü il tarixli №0006 saylı alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC dəyəri 2500 manat olan əşyanı 500 manat ilkin ödəniş edərək, aylıq ödəniş 400 manat olmaqla 05 ay müddətinə ödəmək şərti ilə Cavabdeh2 satmışdır. İddiaçı MMC ilə Cavabdeh1 (zamin) arasında bağlanmış 30 sentyabr 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin ”Firma” ilə borclu arasında bağlanmış 30 sentyabr 2023-cü il tarixli №0001 saylı alqı-satqı müqaviləsi üzrə borclunun öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı pretenziya məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli 4/1150 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2024-cü il tarixli Zaminlik müqaviləsində “Alıcı” bölməsindəki imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 İddiaçı MMC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən borcunu vaxtında lazımi qaydada icra etmədiyindən onun 1600 manat və cərimə olaraq bank uçot dərəcəsi nəzərə alınmaqla 500 manat məbləğində borcu yaranmışdır. Həmçinin, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında zaminlik müqaviləsi bağlanmamış və Cavabdeh1 adına rəsmiləşdirilmiş 30 sentyabr 2024-cü il tarixli zaminlik müqaviləsinə imza etməmişdir. Bu fakt Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli ekspert rəyi ilə öz təsdiqini tapdığından iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilə bilməz. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 500 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1600 manat və cərimə olaraq bank uçot dərəcəsi nəzərə alınmaqla 50 manat, cəmi 1650 (bir min altı yüz əlli) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 41 manat dövlət rüsumunun 36,50 (otuz altı manat 50 qəpik) manatı iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, İddiaçı MMC-dən və Cavabdeh2 müştərək qaydada iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 127 (bir yüz iyirmi yeddi) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 1600 manat və cərimə olaraq bank uçot dərəcəsi nəzərə alınmaqla 50 manat, cəmi 1650 (bir min altı yüz əlli) manat məbləğində pul və 36,50 (otuz altı manat 50 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı MMC-dən və Cavabdeh2 müştərək qaydada iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 127 (bir yüz iyirmi yeddi) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar