Məhkəmə qərarları › İş №e-2(023)-923/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-923/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-923/2025 04.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı MMC Cavabdeh qarşı əsas borcun əvəzi qismində 1860 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 39 manat, cəmi 1899 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-dən borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 5235 manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Belkə ki, xx.xx.2022 tarixli, QZK6181424-M saylı müqavilə üzrə 24 ay müddətinə dəyəri 4260 manat və xx.xx.2022 tarixli, QZK6181425 saylı müqavilə üzrə 24 ay müddətinə dəyəri 975 manat olan məişət avadanlığı Cavabdeh verilmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1860 manat əsas borcu qalıb. Cavabdeh müqavilə üzrə 1860 manat əsas borc, 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1899 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. xx.xx.2025-ci il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməli olduqları həmin şəxslərə izah edilmişdir. Cavabdeh xx.xx.2025-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddianı qəbul etmədiyini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(023)-923/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, onun cavabdeh təşkilata cəmi 250-300 manat borcu qalmışdır. O hər ay 200 manat Lamiyə adlı işçiyə pulu ödəyirdi. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022 tarixli, QZK6181424-M nömrəli nisyə alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən məişət avadanlığı ilkin 660 manat ödəniş etmək, digər məbləği isə 24 ay ərzində hissə-hissə ödəmək şərti ilə 4260 manat məbləğinə İddiaçı MMC-dən almışdır. İş materiallarında olan xx.xx.2022 tarixli, QZK6181425 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən məişət avadanlığı ilkin 15 manat ödəniş etmək, digər məbləği isə 24 ay ərzində hissə-hissə ödəmək şərti ilə 975 manat məbləğinə İddiaçı MMC-dən almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2022 tarixli, QZK6181424-M nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 1500 manat və xx.xx.2022 tarixli, QZK6181425 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 360 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışlarının surətindən görünür ki, Cavabdeh xx.xx.2022 tarixli, QZK6181424-M nömrəli alqı-satqı müqaviləsinə əsasən 1500 manat və xx.xx.2022 tarixli, QZK6181425 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022 tarixli, QZK6181424-M nömrəli alqı-satqı müqaviləsinə əsasən 360 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı MMC-yə əsas borc qismində 1860 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2022 tarixli, QZK6181424-M nömrəli və xx.xx.2022 tarixli, QZK6181425 nömrəli müqavilələri üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1860 manat, məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 39 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borcun əvəzi qismində 1860 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 39 manat, cəmi 1899 manat məbləğində pul vəsaiti tutulsun Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar