Məhkəmə qərarları › İş №e-2(024)-192/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-192/2025

09.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-192/2025 09.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, X1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «miras qalmış əmlakda payın tam olaraq müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «miras əmlakın faktiki idarə olunmasının tanınması və miras qalmış əmlakda payın tam olaraq müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X4 miras qalmış 1977-ci il istehsalı olan, 29 yanvar 2020-ci il qeydiyyat tarixli 34T622 qeydiyyat nömrə nişanlı traktor «MTZ50» markalı traktorun faktiki idarə olunmasının tanınması və miras qalmış əmlakda onun payının tam olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X8 14 aprel 2021-ci il tarixdə vəfat etmişdir. 1977-ci il istehsalı olan, 29 yanvar 2020-ci il qeydiyyat tarixli 34T622 qeydiyyat nömrə nişanlı traktor miras qalmışdır. Həmin miras əmlakı idarə etmiş və sahiblik etmişdir. Digər vərəsələrin həmin əmlakın ona keçməsinə görə heç bir etirazları yoxdur. Göstəriklərini nəzərə alaraq məhkəmədən mərhum atası X4 miras qalmış 1977-ci il istehsalı olan, 29 yanvar 2020-ci il qeydiyyat tarixli 34T622 qeydiyyat nömrə nişanlı traktor MTZ50 markalı traktorun faktiki idarə olunmasının tanınması və miras qalmış əmlakda onun payının tam olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, mərhum atası X4 miras qalmış 1977-ci il istehsalı olan, 29 yanvar 2020-ci il qeydiyyat tarixli 34T622 qeydiyyat nömrə nişanlı traktor MTZ50 markalı traktordan ibarət miras qalmış əmlakda onun payının tam olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, atasından qalan traktoru istifadə etmək və öz adına keçirmək istəyir. O miras əmlakı qəbul etmək üçün notariusa müraciət etmiş, lakin orada imtina edilmiş və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmişdir ki, iddia tələbi ilə bağlı qətnaməni alsın və traktoru özü adına rəsmişlədirə bilsin. Miras əmlakın ona verilməsi ilə bağlı cavabdehlərlə arasında heç bir mübahisə yoxdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, iddiaçı onun oğludur. İddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Miras əmlakla bağlı qardaşı ilə razılaşmışlar. Miras əmlakdan ona düşən payı qardaşına verir. Miras əmlakla bağlı aralarında mübahisə yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Cavabdeh1 və Cavabdeh2 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, mərhum X4 miras qalan 34-T-622 qeydiyyat nömrəli traktordan ona düşən paydan qardşı İddiaçı xeyrinə imtina edir və gələcəkdə həmin əmlakla bağlı heç bir iddia və tələbləri olmayacadqıdr. İİİ-JQ №396821 №li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 Cavabdeh1 nikahları 11 dekabr 1985-ci ildə 43 № ilə rəsmi qeyd olunmuşdur. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi Arayışdan görünür ki, X8 14 aprel 2021-ci ildə ölmüşdür. AZ010137 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 34-T-622 qeydiyyat №li, buraxılış ili 1977-ci il, qeydiyyat tarixi 29 yanvar 2020ci il olan mühərrik nömrəsi 409217, ban nömrəsi 683889, şassi nömrəsi 130181 olan göy rəngli «MTZ 50» markalı traktorun X6 mülkiyyətindədir. XİV-JQ 465524 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 atası X8, anası isə Cavabdeh1dır. Ölüm haqqında AZ-İİ 175217 №li şəhadətnamənin surətindən görünür ki, X8 14 aprel 2021-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 22 aprel 2021-ci il tarixdə 188 № ilə qeydiyyat aparılmışdır. Qax RİHB-in Qax-İngiloy kənd İƏDÜN-in verdiyi 17 №li, 19 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, X2 14 aprel 2021-ci ildə ölmüşdür, onun həyat yoldaşı Cavabdeh1, oğulları X7 və Cavabdeh2 ibarət vərəsələri vardır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 6.6-cı bəndində göstərilmişdir ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından görünür ki, iddia tələbinin həcminin azaldılması barədə ərizə iddiaçı tərəfindən 01 aprel 2025-ci il tarixdə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sorna, baxiş iclası ərəfəsində verilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən olunumşdur ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının əvvəlki məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan İddiaçı 14 aprel 2021ci il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiq edici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020ci il tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının izahatından, digər vərəsələrin miras əmlakdan iddiaçının xeyrinə imtina etməsi barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmiş, miras əmlakdan onlara düşən paydan iddiaçının xeyrinə imtina etmişlər. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarım sahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə AZ010137 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 29 yanvar 2020-ci il tarixdə X6 adına qeydiyyata alınan 34-T-622 qeydiyyat nömrəli, buraxılış ili 1977-ci il, mühərrik nömrəsi 409217, ban nömrəsi 683889, şassi nömrəsi 130181 olan göy rəngli «MTZ 50» markalı traktor daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhum X6 həyat yoldaşı Cavabdeh1, oğulları X7 və Cavabdeh2 ibarətdir. Mərhumdan qalmış miras qanun üzrə keçir. Mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi işin mübahisəsiz halıdır, cavabdehlər miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsinə etiraz etməmişlər. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, AZ010137 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 29 yanvar 2020-ci il tarixdə X6 adına qeydiyyata alınan 34-T-622 qeydiyyat nömrəli, buraxılış ili 1977-ci il, mühərrik nömrəsi 409217, ban nömrəsi 683889, şassi nömrəsi 130181 olan göy rəngli «MTZ 50» markalı traktor üzərində vərəsəlik hüququ müəyyən olunmalıdır. Vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi isə Notariat haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə görə notariat orqanının səlahiyyətinə aiddir. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı mərhum atası X4 miras qalmış 1977-ci il istehsalı olan, 29 yanvar 2020-ci il qeydiyyat tarixli 34T622 qeydiyyat nömrə nişanlı traktor MTZ50 markalı traktordan ibarət miras qalmış əmlakda onun vərəsəlik hüququ müəyyən olunsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar