Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-369/2025 19.08.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi» barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən Qax şəhəri, H.Z.Tağıyev küçəsində d-114 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı bildirir ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nı tələbləri pozularaq İddiaçı X1 istismarı İdarəsinin balansında və istismarında olan Qax şəhəri, H.Z.Tağıyev küçəsindən keçən d-114 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin 0.10 metrlikdə özünə məxsus bir mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Bununla əlaqədar olaraq X2 istismarı İdarəsi tərəfindən həmin ünvanda baxış keçirilmiş, baxışın keçirilməsinin nəticələrini əks etdirən 28 fevral 2025-ci il tarixli mühafizə zonasının pozulmasına dair akt tərtib edilmişdir. Lakin keçən müddət ərzində qanun pozuntusu cavabdeh tərəfindən hələ də aradan qaldırılmamışdır. Nəzərə çatdırır ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 28 sentyabr 1998-ci il tarixli, 773 №li fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 №li qərarı ilə «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları» təsdiq edilmişdir. «Qaydalar»ın 2 №li əlavəsinə əsasən orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Həmçinin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili təxirə salınmadan sökülməlidir. Bundan əlavə nəzərə çatdırır ki, «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» Azərbaycan Respublikasının Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanın 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikinti aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. İddiaçı Zaqatala RQİİ tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikintinin adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən adı çəkilən qanunsuz tikili ilə bağlı tələblərin yerinə yetirilməsindən imtina edildiyindən hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iki aydır ki, evi almışlar və evi alanda eyni vəziyyət olmuşdur. Qaz borusu heç ev tərəfdən keçmir və çıxarışda da görünür. Evin altından qaz borusu keçmir və çöldədir. Qaz borusu yolda hamısına münasibətdə elə keçir. Evə dair mülkiyyəti təsdiq edən sənədi vardır. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o tikilini inşa etmişdir. Lakin həmin tikili artıq satılmışdır. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron ərizə ünvanlayaraq baxış iclasının onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Belə ki, iş materiallarına əlavə edilmiş 28 fevral 2025-ci il tarixli mühafizə zonasının pozulmasına dair Akt-dan görünür ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 №li qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»ın tələbləri pozularaq İddiaçı X1 istismarı İdarəsinin balansında və istismarında olan Qax şəhəri, H.Z.Tağıyev küçəsindən keçən d-114 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin 0.10 metrlikdə özünə məxsus bir mərtəbəli fərdi yaşayış evi inşa edildiyi, qaz xəttinin mühafizə zolağının pozulması qeyd olunmuşdur. 03 mart 2025-ci il tarixli, AN-1 ******* №li alqı-satqı müqaviləsindən görünür ki, ƏMDk yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Cavabdeh1 verilmiş 05 aprel 2011-ci il tarixli, Qeydiyyat ********** №li, Reyestr **********09-10301 №li Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 84.10 kv.m olan fərdi yaşayış evi həyətyanı torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 40.000 manata satılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsinin verdiyi 04 aprel 2025-ci il tarixli, Qeydiyyat ********** №li, Reyestr **********09 №li Çıxarışın surətindən görünür ki, ünvan 2, Yeni Qaydalarla AZ 3400, ünvan 3 ünvanda 0.03 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 84.10 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsinin verdiyi Reyestr **********09-10301 №li fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2, Yeni Qaydalarla AZ 3400, ünvan 4 ünvanda 0.03 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 84.10 kv.m olan fərdi yaşayış evi 1958-ci ildə tikilmişdir. Həyətyanı tikililərin texniki göstəricilərindən görünür ki, hamam, ayaqyolu 2008-ci, altıaçıq 2011-ci ildə tikilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı cavabdehlər Cavabdeh1 tərəfindən Qax şəhəri, H.Z.Tağıyev küçəsində d- 114 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehlərin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı və tədqiq edilən iş materialları ilə müəyyən olundu ki, Qax şəhəri H.Z.Tağıyev küçəsindən keçən d-114 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin 0.10 metrlikdə yerləşən torpağa və tikililərə Cavabdeh2 qanuni sahiblik və mülkiyyət hüququna dair hüquqi sənəd mövcuddur. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsinin verdiyi 04 aprel 2025-ci il tarixli, Qeydiyyat ********** №li, Reyestr **********09 №li Çıxarışa əsasən ünvan 2, Yeni Qaydalarla AZ 3400, ünvan 5 ünvanda 0.03 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 84.10 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 qanuni mülkiyyətindədir. Həmin tikili 03 mart 2025-ci il tarixli, AN-1 ******* №li alqı-satqı müqaviləsi əsasında həmin evə əvvəllər mülkiyyət hüququ əldə etmiş Cavabdeh1 tərəfindən (ƏMDk yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş 05 aprel 2011-ci il tarixli, Qeydiyyat ********** №li, Reyestr **********09-10301 №li Çıxarışa əsasən) Cavabdeh2 satılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsinin verdiyi 04 aprel 2025-ci il tarixli, Qeydiyyat ********** №li, Reyestr **********09 №li Çıxarışın verilməsi ilə bağlı hüquq pozuntusuna yol verilməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə məlum olur ki, daşınmaz əmlaklar üzərində həm Cavabdeh1, daha sonra isə digər Cavabdeh2 mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət reyestrindən müvafiq Çıxarışlar olmuş, hazırda Cavabdeh2 əmlak üzərində qanunla qorunan mülkiyyət hüquqları mövcuddur. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək və aşağıda sadalanan qanunvericilik aktlarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdehə məxsus olan sözügedən tikili tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində tikilmiş, özbaşına tikili hesab edilmir, Cavabdeh2 qanuni mülkiyyətindədir. Ona görə də tikilinin sökülməsi üçün heç bir əsas yoxdur və iddia rədd edilməlidir. Mülki Məcəllə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddədən görünür ki, mülkiyyət hüququ əşya hüquqları əsas və aparcı sahədir. Mülkiyyət hüququ yalnız həmin əşyanın mülyyətçisinə mənsub ola bilər. 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddədən görünür ki, tikilmiş yaşayış evi, digər tikililər, qurğular və ya başqa daşınmaz əmlak aşağıdakı hallarda özbaşına tikinti sayılır: tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində tikildikdə, lazımı icazələr olmadan tikildikdə, şəhərsalma və tikinti formalarına və qaydalarını ciddi surətdə pozmaqla tikildikdə. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Torpaq Məcəlləsi
49.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 №li fərmanın 10-cu bəndində göstərilir ki, qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər(rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır.
Azərbaycan Respublikası Konstitusiyası
13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözü gedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Cavabdeh1 tərəfindən Qax şəhəri H.Z.Tağıyev küçəsində d-114 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi» barədə iddiası əsassız odluğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mirheydər Zeynalov.