Məhkəmə qərarları › İş №e-2(024)-498/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-498/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-498/2024 08.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmiyyətin Cavabdeh 18 fevral 2021-ci il tarixli “nisyə alıq-satqı” müqaviləsinə əsasən 990 manat gecikdirilmiş borcun, 79.2 manat cərimənin və ödənilmiş 31.10 manat dövlət rüsumunun xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemi və AZ-İİ № 363104 nömrəli ölüm haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ürəyin xroniki işemik xəstəliyindən ölmüşdür. Yəni Cavabdeh iddianın məhkəməyə verilməsindən əvvəl öldüyündən iddiaçının ölmüş cavabdehə qarşı hazırki tələbi ilə bağlı işə məhkəmədə baxıla bilməz. Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina əsasları qeyd olunmuşdur. Qeyd olunan Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Həmin məcəllənin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, İddiaçı MMC ölmüş Cavabdeh hüquq və vəzifələrinin universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçibkeçməməsi və vərəsələrinin olması ilə bağlı notariat orqanına müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Həmin qərardan da göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi borclunun ölümü halında onun hüquq və vəzifələrinin universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçməsini, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmədiyini və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olmasını göstərmişdir. Hazırki mülki iş İddiaçı MMC-nin Cavabdeh qarşı “nisyə alıq-satqı” müqaviləsinə əsasən 990 manat gecikdirilmiş borcun, 79.2 manat cərimənin və ödənilmiş 31.10 manat dövlət rüsumunun xeyirinə tutulması tələbi ilə əlaqədardır. İddiaçı MMC Cavabdeh ölümündən sonra onun sağ olan və mübahisə edilən hüquq münasibəti üzrə onların hüquq varisinin olubolmamasını notariat orqanına müraciət edərək müəyyənləşdirdikdən sonra, əgər varsa həmin şəxslərə qarşı məhkəmədə tələb irəli sürə bilərdi. Mülki-Prosesual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 153, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı MMC-nə ölmüş Cavabdeh hüquq və vəzifələrinin universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçib-keçməməsi və vərəsələrinin olması ilə bağlı notariat orqanına müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı tərəfindən ödənilmiş 31.10 (otuz bir manat on qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar