Məhkəmə qərarları › İş №e-2(024)-543/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-543/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-543/2024 06.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli HAK5717419-O saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 792 manat məbləğində əsas borcun, 150 manat cərimə borcunun, xx.xx.2020-ci il tarixli HAK5717420-O saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 180 manat məbləğində əsas borcun, 100 manat cərimə borcunun və 33 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1255 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-dən dəyəri 854 manat olan məişət avadanlığı almış və nəticədə 792 manat məbləğində əsas borcu qalmış, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-dən dəyəri 180 manat olan məişət avadanlığı almış və nəticədə 180 manat məbləğində əsas borcu qalmışdır. Belə ki, cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdeh iddiaçıya əsas borcdan əlavə olaraq HAK5717419-O saylı nisyə alqı-satqı müqaviləsi üzrə 8553 manat cərimə borcu (792 manat * 1080 gün *1% = 8553 manat), HAK5717420-O saylı nisyə alqı-satqı müqaviləsi üzrə isə 1944 manat cərimə borcu (180 manat *1080 gün *1% = 1944 manat) yaranmışdır. İddiaçı 8553 manat cərimə borcundan 150 manat, 1944 manat cərimə borcundan 100 manat tələb edir. Ona görə də ona güzəştlə müvafiq olaraq, 150 manat və 100 manat cərimə hesablanmışdır. Odur ki, cavabdehdən xx.xx.2020-ci il tarixli HAK5717419-O saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 792 manat məbləğində əsas, 150 manat cərimə borcu,xx.xx.2020-ci il tarixli HAK5717420-O saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 180 manat məbləğində əsas, 100 manat faiz borcu və 33 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1255 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. SX030269652AZ seriya nömrəli xəbərnamədən görünür ki, məktub xx.xx.2024-cü il tarixdə “Şıxəliyev” soyadında olan şəxs tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli HAK5717419 saylı müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 854 manat olan məişət avadanlığını nisyə almışdır. Cavabdeh ilkin olaraq 62 manat ödəmiş, qalan 792 manat ödəməli olduğu məbləği isə 12 ay müddətə aylıq 66 manat olmaqla iddiaçıya hissə-hissə ödəməyi üzərinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli HAK5717420 saylı müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 180 manat olan məişət avadanlığını nisyə almışdır. Cavabdeh ilkin olaraq 0 manat ödəmiş, qalan 180 manat ödəməli olduğu məbləği isə 12 ay müddətə aylıq 15 manat olmaqla iddiaçıya hissə-hissə ödəməyi üzərinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçınə xx.xx.2020-ci il tarixli HAK5717419-O saylı müqavilə üzrə 792 manat, xx.xx.2020-ci il tarixli HAK5717420-O saylı müqavilə üzrə 180 manat, ümumilikdə 972 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli HAK5717419 saylı müqaviləyə əsasən İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 854 manat olan məişət avadanlığı almış, cavabdeh ilkin olaraq 62 manat ödəmiş, qalan 792 manat ödəməli olduğu məbləği isə 12 ay müddətə aylıq 66 manat və xx.xx.2020-ci il tarixli HAK5717420 saylı müqaviləyə əsasən İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 180 manat olan məişət avadanlığı almış, cavabdeh 0 manat ilkin ödəmiş, qalan 180 manat ödəməli olduğu məbləği isə 12 ay müddətə aylıq 15 manat olmaqla iddiaçıya ödəməyi üzərinə götürmüş, lakin cavabdeh müqavilələr üzrə öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya hər iki müqavilə üzrə müvafiq olaraq 792 və 180 manat əsas borcu qalmışdır. Öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə əsas məbləğə iddiaçı tərəfindən hər iki müqavilə üzrə müvafiq olaraq cəmi 250 manat (150+100) məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2020-ci il tarixli HAK5717419 saylı alqısatqı müqaviləsi üzrə 792 (yeddi yüz doxsan iki) manat, xx.xx.2020-ci il tarixli HAK5717420 saylı alqı-satqı müqaviləsi üzrə 180 (yüz səksən) manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılaraq, xx.xx.2020-ci il tarixli HAK5717419 saylı alqı-satqı müqaviləsi üzrə 15 (on beş) manat, xx.xx.2020-ci il tarixli HAK5717420 saylı alqı-satqı müqaviləsi üzrə 10 (on) manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq hər iki müqavilə üzrə müvafiq olaraq 15 (on beş) manat və 10 (on) manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli HAK5717419 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 792 (yeddi yüz doxsan iki) manat əsas, 15 (on beş) manat cərimə, cəmi 807 (səkkiz yüz yeddi) manat, xx.xx.2020-ci il tarixli HAK5717420 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 180 (yüz səksən) manat əsas, 10 (on) manat cərimə, cəmi 190 (bir yüz doxsan) manat, ümumilikdə hər iki müqavilə üzrə 997 (doqquz yüz doxsan yeddi) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbi qismən təmin edildiyi üçün Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumunun 30 (otuz) manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ŞİXƏLİYEV PƏRVİN YUSİF oğlundan xx.xx.2020-ci il tarixli HAK5717419 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 792 (yeddi yüz doxsan iki) manat əsas, 15 (on beş) manat cərimə, cəmi 807 (səkkiz yüz yeddi) manat, xx.xx.2020-ci il tarixli HAK5717420 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 180 (bir yüz səksən) manat əsas, 10 (on) manat cərimə, cəmi 190 (bir yüz doxsan) manat, ümumilikdə hər iki müqavilə üzrə 997 (doqquz yüz doxsan yeddi) manat məbləğində pul alınıb İddiaçı hesabına ödənilsin. Cavabdeh ŞİXƏLİYEV PƏRVİN YUSİF oğlundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb, İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar