Məhkəmə qərarları › İş №e-2(024)-87/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-87/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-87/2025 18.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə. İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borc» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən ASUS kompüter, CANYON kompüter çantası üçün 595.97 manat ödənilməmiş hissə, 59.03 manat cərimə, ümumilikdə, 655 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz göndərilərək işin iddia icraatına keçirilməsi xahiş olunmuşdur. Qax Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadına əsasən mülki iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC-i arasında bağlanmış 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən ASUS kompüter, CANYON kompüter çantası almış və nəticədə 655 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2.666.97 manat (yəni 3 ay x 788.99 manat+300 manat ilkin ödəniş) olan ASUS kompüter, CANYON kompüter çantası üçün ümumilikdə, 655 manat olmaqla ondan 595.97 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59.03 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.071 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 29 mart 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 05 noyabr 2024cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi tərəfindən ərizə ilə məhkəməyə müraciət olunaraq iddia tələblərinin təmin edilməsini və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş olunmuşdur. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək göstərdi ki, borc ödənilmişdir. Hazırda onların iddiaçıya 3.48 manat borcu qalmışdır. Həmin məbləği də ödəniş terminalı qəbul etməmişdir. İddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edirəm. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-i ilə Cavabdeh arasında bağlanmış ******* №li, 29 mart 2024-cü il müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ASUS TUF A 15 FA507NU-LP031 90NR0EB5-M003D0 markalı kompüter, CANYON TOPLOADER 156 BLE/CNE-CB5BL3 kompüter çantası verilmişdir. ABC Telecom» MMC-i ilə Cavabdeh arasında bağlanmış ******* №li, 29 mart 2024cü il müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh iddiaçıya 300 manat ilkin ödəniş etmiş, dəyəri 2.624.99 manat olan ASUS TUF A 15 FA507NU- LP031 90NR0EB5-M003D0 markalı kompüter, 41.99 manat olan ilkin ödəniş də daxil olmaqla toplam dəyəri olan 2.666.98 manatı üç ay ərzində hər ay 788.99 manat ödəməyi öz öhdəsinə götürmüşdür. 29 mart 2024-cü il tarixli bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh ASUS TUF A 15 FA507NU-LP031 90NR0EB5-M003D0 markalı kompüter, CANYON TOPLOADER 156 BLE/CNE-CB5BL3 kompüter çantasını qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-in 05 noyabr 2024-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-i ilə aralarında bağlanmış 29 mart 2024-cu il tarixli müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirmiş, yəni ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etməmiş, qeyd olunanlara və mövcud müqavilənin 3.11-ci bəndinə əsasən, üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malların «MMC»-ə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalı olduğu, qaytarılan malların "xxxx" birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcəyi və bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilməli olduğu bildirilmiş və hazırkı xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 09 avqust 2024-cü il tarixli 17360 nömrəli qəbzdən görünür ki. Cavabdeh (müştəri kodu **********, FİN kodu xxxxxxx) tərəfindən ******* nömrəli müqavilə üzrə 1.185 manat ödəniş edilmişdir. İş materiallarında olan ödəniş terminalından Cavabdeh borcu barədə məlumatın əks olunduğu fotodan görünür ki, ******* nömrəli, 29 mart 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh müqavilə üzrə ödənilməmiş toplam qalıq borcu 3.48 manat təşkil etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Nisyə alqı-satqı müqavilələrinə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Hesab edilir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ******* №li, 29 mart 2024-cü il müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ASUS TUF A 15 FA507NU-LP031 90NR0EB5-M003D0 markalı kompüter, CANYON TOPLOADER 156 BLE/CNE-CB5BL3 kompüter çantası verilmişdir. Cavabdeh iddiaçıya 300 manat ilkin ödəniş etmiş, dəyəri 2.624.99 manat olan ASUS TUF A 15 FA507NU-LP031 90NR0EB5-M003D0 markalı kompüter, 41.99 manat olan ilkin ödəniş də daxil olmaqla toplam dəyəri olan 2.666.98 manatı üç ay ərzində hər ay 788.99 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 05 noyabr 2024-cü il tarixdə Cavabdeh xəbərdarlıq göndərilərək xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı hazırda cavabdehdən 595.97 manat ödənilməmiş hissə, 59.03 manat cərimə, ümumilikdə, 655 manat borc tələb edir. Lakin Cavabdeh etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş 09 avqust 2024-cü il tarixli 17360 №li qəbzlə cavabdeh tərəfindən ******* nömrəli müqavilə üzrə (müştəri kodu **********, FİN kodu xxxxxxx)1185 manat ödəniş edildiyi və E-manat terminalından Cavabdeh borcu barədə məlumatın əks olunduğu məlumatla ******* №li, 29 mart 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh müqavilə üzrə ödənilməmiş toplam qalıq borcu 3.48 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən 500 manat ödəniləcəyi təqdirdə borcunun silinəcəyi barədə təklif olunduğu, lakin hansı hesaba ödəməli olduğunu soruşduqda iddiaçı tərəfindən hər hansı bir məlumat verilmədiyini qeyd etmişdir. Beləliklə məhkəmə iclasında cavabdehin iddiaçıya ödənilməmiş 3.48 manat əsas borcun qalması cavabdehin nümayəndəsi tərəfindən yuxarıda adı çəkilən və məhkəməyə təqdim olunan sübutlarla sübuta yetirilmişdir. İddiaçının nümayəndəsi tərəfindən cavabdehin tərəfin təqdim etdiyi dəlilləri təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmiş, cavabdehin iddia tələbində qeyd olunan məbləğdə ödənilməmiş borcunun olmasına dair iddia ərizəsinə əlavə etdiyi sübutlardan başqa hər hansı bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözü gedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən ASUS kompüter, CANYON kompüter çantası üçün 3.48 manat ödənilməmiş hissə və ödənilmiş 30 manat dövlət rüsumunun 15 qəpik cavabdehdən alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Dövlət rüsumunun qalan məbləği iddiaçya aid edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən ASUS kompüter, CANYON kompüter çantası üçün 3.48 manat ödənilməmiş hissə və ödənilmiş 30 manat dövlət rüsumunun 15 qəpik cavabdehdən alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Dövlət rüsumunun 29 manat 85 manat qəpik hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar