Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1407/2023 24.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: cərimənin silinməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 033460 saylı aktla İddiaçı (abonent kodu **********03627) yazılmış 120 manat cərimə məbləğinin silinməsi və ödənilmiş 48 manat vəsaitin balansına geri qaytarılması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Qəbələ şəhəri Nəsimi küçəsində (alma bağı) ünvanında fərdi yaşayış evi var. Sayğacında problem olduğundan xx.xx.2023-cü il tarixdə akt tərtib etməklə Azərişığın əməkdaşları sayğacı çıxartmışdılar. Lakin xx.xx.2023-cü il tarixdə Azərişığın başqa iki əməkdaşı qanunsuz olaraq ona cərimə yazıblar. 25 iyulda iki əməkdaş Ramil Musayev və Fəxri Cavadov əsassız və qanunsuz ona sayğacsız işıq istifadə etdiyinə görə cərimə yazıblar. Fəxri Cavadov ümumiyyətlə məzuniyyətdə ola ola bu hərəkəti edib. Ümumilikdə ona 1100 manat cərimə yazıb artıq sistemə də vurublar. Dəfələrlə Azərişığa elektron və şifahi müracitlər etsə də, 1 aydan sonra guya cəriməni sildiklərini bildirib ona ödənişləri etməyi bildirmişdilər. Lakin işıq pulunu ödəyəndə yenidən 120 manat cərimənin saxlandığı ona məlum olmuşdur. Həmçinin 48 manat ödədiyi vəsait də cərimə məbləğinə silinmişdir. İddiaya Etiraz: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 06 oktyabr 2023-cü il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd edilməlidir. Belə ki, iddiaçının Qəbələ şəhərində (alma bağı) yaşadığı fərdi yaşayış evi "xxxx" ASC- nin enerji satış bazasında İddiaçı adına olmaqla **********03627 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları R.Musayev və F.Cavadov tərəfindən Qəbələ şəhərində (alma bağı) yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, NDM033460 saylı akt tərtib olunmuşdur. 2507.2023-cü il tarixli, NDM033460 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 120 gün üçün 0.08 manatla 800 kvt.s (dəyəri 64.00 manat), 0.09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 7670 kvt.s (dəyəri 997.10 manat) toplamda 1097.10 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçı tərtib edilmiş qusur akı ilə razılaşmayaraq "xxxx" ASC-yə ərizə ilə müraciət etmiş və iddiaçının ərizəsi nəzərə alınaraq aparılmış 1097.10 manat enerji hesabatından 973.83 manat azaldılmışdır. İddiaçının xx.xx.2023-cü il tarixinə elektrik enerjisindən istifadəyə görə 86.51 manat borcu vardır. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Qəbələ şəhərində (alma bağı) yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM033460 saylı akt "EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 123.27 manat məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "033460 saylı akt əsasında əsassız hesablanmış 120.00 manat borcun hesabından silinməsi və ödənilmiş 48.00 manat vəsaitin balansına geri qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda göstərmişdir ki, onun müraciəti əsasında sayğacını dəyişmək məqsədi ilə aparmışlar və cavabdeh təşkilatın işçilərinin razılığı ilə sayğacdan kənar xəttdən məcburi qaydada istifadə etmişdir. Lakin həmin müddət cəmi 7-8 gün olmuşdur. Buna baxmayaraq ona əsassız cərimə hesablanmış, həmçinin abonent koduna vurduğu 48 manatı da əsassız olaraq cəriməyə silmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, NDM033460 saylıaktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, abonent sayğacdan kənar xəttdən istifadə edir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli, NDM033460 saylıakta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 120 gün üçün 0.08 manatla 800 kvt.s (dəyəri 64.00 manat), 0.09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 7670 kvt.s (dəyəri 997.10 manat) toplamda 1097.10 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 28 avqust 2023-cü il tarixli məktubun surətindən görünür ki, **********03627 nömrəli kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, xx.xx.2023-cü il tarixində Müştəri Xidmətləri idarəsinin nəzdində fəaliyyət göstərən komissiyada hesabatlarına yenidən baxılmış, protokol tərtib edilərək kompüter məlumat bazasında 8853 kVt.s elektrik enerjisinin dəyəri azaldılmışdır. Məhkəmə araşdırması zamanı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 23 oktyabr 2023-cü il tarixli, A-22/016 nömrəli arayışda göstərilmişdir ki, Abonent kodu **********03627 olan Qəbələ şəhər sakini İddiaçı məxsus fərdi yaşayış evinə tərtib edilmiş NDM033460 saylı, xx.xx.2023-cü il tarixli akta əsasən verilmiş hesabata (8870 kVt.s) yenidən baxılmışdır: Sayğac işləməyən dövr: xx.xx.2023 - xx.xx.2023 = 11 gün; Witr = 474 kVt.s : 21 gün x 11 gün = 248 kVt.s; Ara y i ş Dəyəri: 200 kVt.s : 30 gün x 11 gün = 73 kVt.s x 0,08 man = 5,84 man; 100 kVt.s : 30 gün x 11 gün = 36 kVt.s x 0,09 man = 3,24 man; 248 - 73 - 36 = 139 kVt.s x 0,13 man = 18,07 man. Cəmi: 5,84 + 3,24 + 18,07=27,15 manat. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilata müraciət edərək sayğacında problem olduğunu bildirmiş, iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə sayğac çıxarılaraq yoxlamaya göndərilmişdir. Həmin müddətdə isə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin olunması üçün müvəqqəti olaraq sayğacdan kənar xətdən istifadəyə icazə verilmişdir. Bu halı cavabdehin nümayəndəsi də məhkəmə iclasında etiraf etmişdir. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları R.Musayev və F.Cavadov tərəfindən Qəbələ şəhərində (alma bağı) yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, NDM033460 saylı akt tərtib olunmuşdur. 2507.2023-cü il tarixli, NDM033460 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 120 gün üçün 0.08 manatla 800 kvt.s (dəyəri 64.00 manat), 0.09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 7670 kvt.s (dəyəri 997.10 manat) toplamda 1097.10 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Daha sonra isə iddiaçı barəsində qəbul edilmiş cərimə məbləği ilə razılaşmadığından cavabdeh təşkilata müraciət etmiş, müraciəti əsasında cərimə məbləği azaldılaraq 120 manata endirilmişdir. İddiaçı isə həmin cərimə məbləği ilə də razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə zamanı isə iddiaçı sayğacdan kənar xətdən istifadə etməklə elektik enerjisindən istifadə etdiyi müddətin 7-8 gün olmasını bildirmişdir. Cavabdeh tərəf isə məhkəmə araşdırması zamanı məhkəməyə arayış təqdim edərək, sayğac işləməyən dövr (xx.xx.2023-xx.xx.2023=11 gün), yəni 11 gün üçün 1 il ərzində iddiaçının ən çox elektrik enerjisindən istifadə etdiyi məbləğ nəzərə alınmaqla 27,15 manat olması müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 23 oktyabr 2023-cü il tarixli, A-22/016 nömrəli arayışda Sayğac işləməyən dövrün(xx.xx.2023 xx.xx.2023) 11 gün olduğu etiraf edilmişdir. Belə olan halda isə iddiaçıya sayğac işləməyən dövr üçün 120 manat hesablanması düzgün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 120 manat cərimə məbləğinin 27,15 manat məbləği saxlanılmalı, qalan 92,85 manat isə əsassız olduğundan silinməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun olaraq iddiaçıya 120 manat dəyərində itirilmiş enerji hesabatı aparmışdır. Lakin "xxxx" ASC-nin nümayəndəsi məhkəmə təqdim etdiyi sənədlərlə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 120 manat dəyərində itirlmiş enerji hesabatının hansı əsasla hesablanmasını sübuta yetirə bilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə zamanı ifadəsində sayğacına ödəmiş olduğu 48 manatın cavabdeh tərəfindən əsassız olaraq cərimə məbləğində silindiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə bu halı mübahisələndirməmiş və bunun əksini göstərən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçının ümumilikdə sayğac işləmədiyi dövr üçün 27,15 manat cərimə olunması, eyni zamanda onun sayğaca ödədiyi 48 manatın cərimə məbləğinə çıxılması nəzərə alınmaqla, cavabdeh "xxxx" ASC-dən 20,85 (48-27,15) manat pul tutularaq İddiaçı abonent koduna ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qə t e t d i: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 033460 saylı aktla İddiaçı **********03627 saylı abonent koduna vurulmuş 92,85 (doxsan iki manat səksən beş qəpik) manat məbləğində borc silinsin və cavabdeh "xxxx" ASC-dən 20,85 manat pul tutularaq İddiaçı abonent koduna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1407/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1407/2023
24.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver