Məhkəmə qərarları › İş №e-2(025)-1601/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1601/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1601/2024 24.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: lizinq müqaviləsi üzrə pul tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 (Suleimanov Maftun) və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə3 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il 7 may tarixli, 02/03347 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2 000,00 (iki min) manat borcun və 40,00 (qırx) manat dövlət rüsumunun, cəmi 2 040,00 (iki min qırx) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 (Suleimanov Maftun) məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı ASC-nin Cavabdeh qarşı qaldırdığı iddia tələbi üzrə 1000 (bir min) manat borc və 30,40 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 7 may tarixli, 02/03347 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 5 000,00 (beş min) manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 3 000,00 (üç min) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2 000,00 (iki min) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 (Suleimanov Maftun) məhkəməyə təqdim etdiyi iddia tələbinin azaldılması barədə ərizə nəzərə alınmaqla, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə3 bildirdi ki, sənədləşmə işləri qardaşının adına olsa da, kombayından o istifadə etmişdir. Lakin kombaynda bəzi qüsurlar olmuş, onları öz hesabına təmir etmişdir. Bu halları iddiaçı tərəf nəzərə almamışdır. Həmçinin 2 gün qabaq borcundan 1000 (bir min) manat da ödəniş etmişdir. Həmin ödənişində nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 07 may 2024-cü il tarixli, 02/03347 saylı “ İddiaçıAçıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilədən görünür ki, lizinqə (istifadəyə) verən İddiaçı ASC-nin Yevlax RN-nin direktoru şəxsində X3 buraxılış ili 2014 olan, dövlət qeydiyyat nömrəsi **-AB-*** olan taxılyığan kombaynı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi lizinq alan (istifadəçi) Cavabdeh istifadəsinə verməyi, sonuncu isə istifadə müddəti üçün nəzərdə tutulmuş 5000 manatı lizinqə (istifadəyə) verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh 07 may 2024-cü il tarixli, 02/03347 “ İddiaçıAçıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə üzrə 2000 (iki min) manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçıAçıq Səhmdar Cəmiyyətinə verilmiş 07 may 2024-cü il tarixli iltizamda göstərilmişdir ki, o, mexanizator Cavabdeh müqavilə əsasında (xx.xx.2024-cü il tarixli 02/03347 nömrəli) saz vəziyyətdə müvəqqəti istifadəyə götürdüyü taxılyığan kombayna (Claas Dominator 130 markalı, 15611701 şassi nömrəli, 960882 mühərrik nömrəli, buraxılış ili 2014) 2024-cü il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də, biçin zamanı Cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı ASC-i tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə görə Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. “ İddiaçıAçıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 07 may 2024-cü il tarixli, 02/03347 saylı “ İddiaçıAçıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləyə əsasən İddiaçı ASC-buraxılış ili 2014 olan, dövlət qeydiyyat nömrəsi **-AB-*** olan taxılyığan kombaynı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi lizinq alan (istifadəçi) Cavabdeh istifadəsinə verməyi, sonuncu isə istifadə müddəti üçün nəzərdə tutulmuş 5000 manatı lizinqə (istifadəyə) verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq buraxılış ili 2014 olan, dövlət qeydiyyat nömrəsi **-AB-*** olan taxılyığan kombayn xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi İddiaçı ASC tərəfindən Cavabdeh istifadəsinə verilmişdir. Lakin Cavabdeh tərəfindən İddiaçı ASC-nə ödənilməli olan 5000 manatdan 4000 manatı ödənilmiş, 1000 manatı isə ödənilməmişdir. Bu halı cavabdehin nümayəndəsi də məhkəmə iclasında etiraf etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 07 may 2024-cü il tarixli, 02/03347 nömrəli “kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə öhdəliklərini Cavabdeh lazımınca yerinə yetirməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Bu səbəbdən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 07 may 2024-cü il tarixli, 02/03347 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1000,00 (bir min) manat borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362–ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 07 may 2024-cü il tarixli, 02/03347 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1000,00 (bir min) manat borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar