Məhkəmə qərarları › İş №e-2(025)-170/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-170/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-170/2025 04.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “sayğac göstəricisinə və təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair (Açar sözlər: borcun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “sayğac göstəricisinə və təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “sayğac göstəricisinə və təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Qəbələ rayonu, Bum qəsəbəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 824,72 (səkkiz yüz iyirmi dörd manat yetmiş iki qəpik) və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat, cəmi 1861,52 (bir min səkkiz yüz altmış bir manat əlli iki qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 38,62 (otuz səkkiz manat altış iki qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1900,54 (bir min doqquz yüz manat əlli dörd qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ rayonu, Bum qəsəbəsində yaşayan Cavabdeh məxsus mənzilində AKX-04204xx/xx-2022 saylı alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04150 saylı qaz hesabında ödənilməmiş 1861,52 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 824,72 manat hissəsi sayğac göstəricisinə və 1036,80 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 824,72 manat məbləğindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan Zenner G4T SMART markalı **********544 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2) Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1036,80 manat məbləgindəki borc Cavabdeh yaşadığı Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən mənzilində istismarda olmuş Zenner G4T SMART markalı **********75 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan Zenner G4T SMART markalı, **********75 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın giriş borusunun deşildiyi aşkar edilmişdir. Qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2022-ci il tarixli, AKT MSK29/1710-02730-1 saylı rəydə "sayğacın giriş plastmas borusu və metal süzgəci deşildiyi və çıxış plastmas klapanı sındığı qeyd edilmişdir. Verlmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 6m orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8640 m (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Belə ki, mənzildə istismarda olan Zenner G4T SMART markalı **********75 nömrəli qaz sayğacında aşkar edilmiş müdaxiləni istehlakçı Cavabdeh tərəfindən etiraf edilmiş və aparılmış hesabat üzrə müəyyən edilmiş itirilmiş qazın dəyərinin hissə-hissə ödəyəcəyi barədə xx.xx.2022-ci il tarixdə RQİİ-nin Qəbələ xidmət sahəsinə ərizə təqdim etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, sayğac göstəricisinə əsasən hesablanmış borc məbləği ilə qismən razıdır. Çünki son dövrlərdə də ödənişlər etmişdir və həmin ödənişlərin nəzərə alınmasını xahiş edir. Lakin təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış borc məbləği ilə razı deyildir. Çünki sayğaca heç bir müdaxilə etməmişdir və sayğac onun nəzarətindən kənarda yerləşir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə üzrə paylayıcı adlanacaq Zaqatala RQİİ-nin rəisi Q.H.Mehdiyev şəxsində bir tərəfdən və bundan sonra istehlakçı adlanacaq Cavabdeh müqavilə aşağıdakı şərtlərlə bağlamışlar, paylayıcı bu müqavilə müəyyən edilmiş şərtlərə uğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan İddiaçı İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, sayğacın giriş plastmas borusu və metal süzgəcinin deşilməsi, çıxış plastmas klapanının sınması müəyyən olunmuşdur. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, İddiaçı İB-nə 8640 m3 ziyan dəymişdir. Eyni zamanda G-4 markalı, **********753 nömrəli sayğacın giriş plastmas borusu və metal süzgəci deşilmiş, çıxış plastmas klapanı sınmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, əvvəlki sayğac yoxlamağa göndərildiyi üçün yeni G-4 markalı, **********544 saylı sayğac quraşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli, AKT MSK29/1710-02730-1 saylı aktdan görünür ki, sayğacın giriş plastmas borusu və metal süzgəci deşildiyi və çıxış plastmas klapanı sındığı qeyd edilmişdir. İş materiallarında olan Ödəniş Cədvəlindən görünür ki, iddia ərizəsi məhkəməyə təqdim edildiyi xx.xx.2024-cü il tarixdən sonra Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 5 manat və xx.xx.2025-ci il tarixdə 6 manat olmaqla ümumilikdə 71 manat ödəniş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1-ci maddəsinə əsasən isə Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqavilənin: 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərilikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borcu və təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış borcu tələb edir. Məhkəmə sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc iləbağlı aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 824,72 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan Zenner G4T SMART markalı **********544 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə məhkəmə zamanı həmin borcunun olması ilə razılaşmış, maddi imkanı olmaması səbəbindən həmin borcu tam ödəyə bilmədiyini qeyd etmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında müəyyən ödənişlər etdiyini, həmin ödənişlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş Ödəniş Cədvəlindən görünür ki, iddia ərizəsi məhkəməyə təqdim edildiyi xx.xx.2024-cü il tarixdən sonra Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 5 manat və xx.xx.2025-ci il tarixdə 6 manat olmaqla ümumilikdə 71 manat ödəniş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddia ərizəsi məhkəməyə daxil olandan sonra ödənilmiş 71 manat məbləğ ondan sayğac göstəricisinə əsasən hesablanmış 824,72 manatdan çıxılmaqla ümumilikdə cavabdehdən sayğac göstəricisinə əsasən 753,72 manat (824,72-71) manat pul tutulmalıdır. Bu səbəbdən iddia tələbi sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc ilə bağlı qismən təmin edilməlidir. Məhkəmə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış borc ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1036,80 manat məbləğindəki borc Cavabdeh yaşadığı Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən mənzilində istismarda olmuş Zenner G4T SMART markalı **********75 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan Zenner G4T SMART markalı, **********75 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın giriş borusunun deşildiyi aşkar edilmişdir. Cavabdeh isə məhz həmin hissədə borcu mübahisələndirməkdədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, cavabdeh tərəfindən sаyğаca hər hаnsı müdаxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə belə hesab edir ki, cavabdehə törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan iddiaçı daşıdığından həmin sayğaca müdaxilə edilməsinə görə cavabdeh barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı G4 markalı, **********753 nömrəli sayğacın giriş plastmas borusu və metal süzgəcinin deşilməsi, çıxış plastmas klapanının sınması müəyyən edilsə də, həmin pozuntunun məhz cavabdehin səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyəti cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, 1036,80 manat məbləğində müəyyən edilmiş maddi ziyanın cavabdehdən tutulması barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış 1036,80 manat borca aid hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh, Qəbələ rayonu, Bum qəsəbəsində yaşayan Cavabdeh 753,72 manat sayğac göstəricisinə əsasən yaranmış borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı tutularaq İddiaçı hesabına ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan tələb edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli olduğundan, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx) manat Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh, Qəbələ rayonu, Bum qəsəbəsində yaşayan Cavabdeh 753,72 manat sayğac göstəricisinə əsasən yaranmış borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı tutularaq İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar