Məhkəmə qərarları › İş №e-2(025)-378/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-378/2024

07.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-378/2024 07.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: akt əsasında hesablanmış borcun silinməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh SOCAR Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 iyul 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036.80 manat borcun, 17 avqust 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 673.92 manat borcun, cəmi akt əsasında əsassız hesablanmış 1710.72 manat cərimənin **********00740 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvanda yerləşən evi qazla təmin edilmiş, istifadə etdiyi sərfiyyata uyğun qazın dəyərini ödəmişdir. Qaz sayğacı da həyətdə yox, yolda quraşdırılmşdır. Qaz idarəsinin nümayəndələri evə gələrək sayğacın göstəricilərini qeydiyyata alaraq bildiriş təqdim edir və ona uyğun ödənişləri həyata keçirir. Lakin bununla belə keçən dövr ərzində borcun tədricən artan istiqamətdə hərəkət etdiyindən ərazi üzrə nəzarətçiyə müraciət etmişdir. Nəzarətçi yaranmış borcdan məlumatının olmadığından və o yalnız göstərici qeydiyyata aldığından cavabdeh təşkilata müraciət etməyini tövsiyyə etmişdir. Bununla əlaqədar olaraq, cavabdeh təşkilatda olmuş, borcun yaranmasına səbəb isə 2022/2023-cü il ərzində onun hesabına ümumilikdə 1710.92 manat (1036.80 + 673.92) cərimənin yazıldığı bildirilmişdir. Belə ki, təqdim olunan sənədlərdən göründüyü kimi cavabdeh təşkilat yaşadığı evi qazla təmin etmək üçün küçədən keçən qaz xəttinin üzərində quraşdırdığı 10261557 saylı sayğacı xx.xx.2022-ci ildə açmış və yenisini quradırmışdır. Sayğacın yoxlanmasına dair öz labaratoriyasından rəy alan cavabdeh qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib etmişlər. Həmin akt əsasında isə xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək gündəlik 24 saat olmaqla 90 gün müddət üçün qanunsuz hesabat aparılaraq 1036.80 manat (8640 kub metr) cərimə yazılmışdır. Bundan sonra cavabdeh tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli ******* saylı ikinci aktda sayğacdan kənar qaz xəttinə qoşulma aşkar edildiyi göstərilmişdir. X1 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 13 fevral 2023-cü il tarixli tələbnamdə göstərilmişdir ki: Qaz işlədicilərindən PQ-2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat günlük iş rejimli 12 saat hesabat müddəti 360 gün: Dəmir sobasının maksimal saatlıq qaz sərfi 1.4 m3/saat günlük iş rejimli 12 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın. PQ-2 – 0.6 x 12 saat x 360 gün = 2592 m3, Dəmir soba – 1.4 x 12 saat x 180 gün = 3024, 2592 m3 x 3024 m3 = 5616 m3 x 0.12 m = 673.92 man. Bildirmək istəyir ki, cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına ayda 2 dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş ona təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyəri həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricisinə uyğun və tam şəkildə mütamadi olaraq tərəfindən ödənilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır və küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən isə hər hansı məlumatı yoxdur. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanmasına nəzarət etmək imkanı da olmamış, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən müntəzəm olaraq baxış keçirildiyindən sayğacda olan zədələnmələr, sayğacdan kənar xətt, qüsur və ya digər nasazlığa görə o məsuliyyət daşımır. Bundan əlavə hesablanmış borca nəzər yetirilsə görünər ki, qeydə alınan qaz cihazları hesabat müddətində guya 24 saat fasiləsiz işləmişdir ki, bu da mümkün deyildir. Çünki hansı evdə hansısa qaz cihazı dayanmadan 24 saat işlədilir. Qış aylarında Qaz plitəsi təxminən ümumilikdə gün ərzində 5-6 saat, Dəmir soba 12-14 saat işləyər. Onların hamısı 24 saat gün ərzində işləsə sıradan çıxar. Həmçinin Qaz piltəsi üçün 12 aylıq (360 gün), Dəmir soba üçün isə 6 aylıq (180) gün müddət üçün hesabat aparılmışdır ki, bu da tam qanunsuzdur. Çünki cavabdeh təşkilatın nəzarətçisi hər ay iki dəfə gəlib onların sayğacının göstəricisini yazır, əgər sayğacdan kənar xətt olsa idi aşkarlanmaması mümkün deyildir. Digər tərəfdən cavabdeh təşkilatın təlimatlarında cərimə hesablayarkən sonuncu bildiriş verdiyi tarixdən və ya bir aylıq müddəti aşmayan günlər üçün hesabat aparmalı idi. İddiaya Etiraz: xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-in nümayəndəsi Vüsal Heydərov məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00740 saylı qaz hesabında xx.xx.2024-cü il tarixə 1837.62 manat borc vardır. Həmin borcun 126.90 manat hissəsi sayğac üzrə, 1710.72 manat (1036.80 m + 673.92 m = 1710.72 m) hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, xx.xx.2022-ci il tarixdə Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 10261557 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca vizual müdaxilə edildiyi müəyyən edilmişdir. Belə ki, istismarda olan G4 markalı 10261557 nömrəli qaz sayğacının plasmas qapağının alt hissəsinin deşici alətlə deşilərək sayğaca vizual müdaxilə olunduğu aşkarlanmışdır. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********179 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2022-ci il tarixli 29/1710-02731-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilib, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Bundan başqa, mübahisə predmeti ilə bağlı bildirirəm ki, xx.xx.2023cü il tarixdə Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********179 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən PQ-2-nin maksimal saatlıq qaz sərfi 0.6m3/saatlıq iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4m3/saatlıq iş rejimi 12 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5616 m3 (və ya 673.92 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, abonent iddia ərizəsində qeyd etmişdir ki, qaz sərfiyyatı üzrə olan ödənişləri vaxtlı vaxtında ödəyir. Lakin abonent saldosuna nəzər yetirdikdə abonentin yalan məlumat verdiyi aşkarlanır. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə Elektron kabinet vasitəsi ilə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-in nümayəndəsi X2 məhkəməyə elektron qaydada ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sübutları, cavabdehin nümayəndəsinin iddia ərizəsinə etirazını nəzərə alıb, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Cavabdeh İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli aktından görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz birləşməsi aşkar edilmişdir. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, Cavabdeh İB-nə 5616 m3 ziyan dəymişdir. Eyni zamanda sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması planlaşdırılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* nömrəli aktından görünür ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşisi alətlə deşilməsi aşkar edilmişdir. İş materiallarında olan 29 iyul 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, Cavabdeh İB-nə 8640 m3 ziyan dəymişdir. Eyni zamanda sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar olunmuşdur. Nəticədə təbii qaz itkisi yaranmışdır. Mövcüd sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi planlaşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, əvvəlki sayğac yoxlamağa göndərildiyi üçün yeni G-4 markalı, **********179 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli 29/1710-02731-1 saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilib, sayğac istismara yararsızdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00740 saylı qaz hesabında xx.xx.2024-cü il tarixə 1837.62 manat borc vardır. Həmin borcun 126.90 manat hissəsi sayğac üzrə, 1710.72 manat (1036.80 m + 673.92 m = 1710.72 m) hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. xx.xx.2022-ci il tarixdə Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 10261557 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca vizual müdaxilə edildiyi müəyyən edilmişdir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаca hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə belə hesab edir ki, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan cavabdeh daşıdığından həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşisi alətlə deşilməsi müəyyən edilsə də, həmin pozuntunun məhz iddiaçının səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Bundan əlavə iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz birləşməsi ilə təbii qazdan istifadə etməsi qeyd edilsə də, bununla bağlı hər hansı qərar qəbul edilməmiş, iddiaçı inzibati məsuliyyətə cəlb edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Cavabdehin nümayəndəsinin məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərdiyi hallar, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi etiraz ərizəsində ehtimallara əsaslanaraq iddiaçının cavabdehə maddi ziyan vurması qeyd etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaclara müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, 1710,72 manat məbləğində müəyyən edilmiş maddi ziyanın silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı adına Cavabdeh tərəfindən hesablanmış 1710,72 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 37,1 (otuz yeddi manat on qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 iyul 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036.80 manat borc, 17 avqust 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 673.92 manat borc, ümumilikdə 1710,72 (bir min yeddi yüz on manat yetmiş iki qəpik) borc İddiaçı məxsus **********00740 saylı abonent kodundan silinsin. Cavabdehndən 37,1 (otuz yeddi manat on qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar