Məhkəmə qərarları › İş №e-2(025)-467/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-467/2024

20.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-467/2024 20.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı“kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 və Cavabdeh iştirakı ilə İddiaçıCavabdeh qarşı“kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı“kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə azyaşlı uşaqları ilə birlikdə təklif edilən 5000 (beş min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X1 Afaq Qəzənfər qızı ilə 2006-cı il tarixdə nikaha daxil olmuş və onun mərhum əri ilə birlikdə tikmiş olduğu fərdi yaşayış evinə gəlin gəlmişdir. Cavabdeh onunla eyni kənddə doğulmuş və qonşuluqda yaşamaqdadır. Eyni kənddə yaşadıqları üçün bir-birni uzun illərdir tanıyırlar. Mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evi 3 (üç) otaq olmaqla hündür kürsülüdür və 1-ci mərtəbə yaşayış üçün nəzərdə tutulmamışdır. Cavabdehin oğlu ilə olan nikahından 2 (iki) uşağı vardır. Cavabdeh qonşuluqda yaşayan oğlanla əxlaqa yaraşmayan hərəkətlər etmiş və 2014-cü ilin avqust ayının 2-də gecə növbəti dəfə əxlaqsız hərəkət edərkən qonşuların iştirakı ilə başqa adamla yataqda tutulmuş və elə həmin gecə uşaqlarını da götürərək evdən qaçmışdır. Oğlucavabdeh Afaqla olan nikahını 2017-ci ilin aprelində pozmuş, iki uşağa görə aliment ödəyir. Rəşid 2016-cı ilin iyun ayında təkrar nikaha girərək ailə qurmuş və bu evlilikdən 2017-ci ilin aprelində uşaqları dünyaya gəlmişdir. Cavabdeh utancverici hadisəni törətdikdən sonra qonşuluqda yaşayan atası evinə getmiş və bu yaxınlaradək, yəni onun evinə köçürülənədək atası evində yaşamışdır. Əslində cavabdehin məqsədi evə köçürülmə deyil, istifadə hüququna xitam verilməsi üçün kompensasiya almaqdır. Çünki cavabdeh dəfələrlə bu barədə onlara bildirmiş və demişdir ki, əgər ona 20.000 (iyirmi min) manat kompensasiya verməsələr o, dərhal evə köçəcək. Cavabdehə belə bir məbləği ödəyə bilməyəcəklərini bildirmiş və izah etmişdir ki, elə bir imkanları yoxdur. Əslində hesab edirlər ki, cavabdeh belə bir rüsvayçı əməli törətdikdən sonra kənddə qalmaz, insanların üzünə çıxmaz. Təəssüflər olsun ki, cavabdeh heçnə olmamış kimi hərəkət edir və istədiyi kompensasiyanı ala bilmədiyini görüb dərhal icra məmurları vasitəsilə evə köçmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehin köçürüldüyü ev mərhum əri ilə onun tərəfindən keçən əsrin 60-cı illərində tikilmişdir və cavabdeh tərəfindən həmin evdə heç bir əlavə tikili aparılmamış, təmir edilməmişdir. Onun 85 yaşım var və övladları tərəfindən qulluq edilir. Həm yaşı, həm də xəstəlikləri imkan vermir ki, cavabdehlə eyni evdə yaşasın. Hesab edir ki, hər bir azərbaycanlının əsəblərinə toxunar ki, rüsvayçı hərəkətlər edən, ailəsini nüfuzdan salan bir qadın heçnə yaşanmamış kimi yenidən eyni evə gəlib yaşasın və onlara istədiyini diktə etsin. Nəzərə alsalar ki, kənddə yaşayırlar və kənddə hər kəs bir birini yaxşı tanıyır, belə bir utancverici hadisəni kimsəyə unutdurmaq mümkün deyil. Bura kənddir, böyük şəhər deyil ki, insanlar bir birini tanımasın. O, və ailəsi bu hadisəyə görə bu gündə çox mənəvi əziyyət çəkirlər, baxmayaraq ki, bu hərəkətləri edən başqa bir adamın qızıdır. Əslində cavabdehin onların evinə qeydiyyatı belə olmamışdır. İndi artıq məcburdur ki, kredit götürməklə ona müəyyən kompensasiya ödəsin ki, cavabdeh onların istifadəsində olan evi tərk etsin və onun istifadə hüququna xitam verilsin. Başqa bir yolu yoxdur. Oğlu xəstədir və evə normal qazanc gətirə bilmir. Onun pensiyasını da ailəsinə xərcləyir. O, məcbur qalıb məhkəməyə müraciət edir. Əks halda cavabdehin qərəzli davranışları qarşısıalınmaz, arzuolunmaz ağır nəticələr yarada bilər. Yuxarıda qeyd etdiyi kimi o, və cavabdeh hər ikisi eyni kənddə yaşayırlar. Cavabdeh gəlin gələnədək atası evində yaşamışdır. İcra məmurları tərəfindən onun evinə köçürülənədək də atası evində yaşamışdır. Atasının da evi onların evi kimi 3 otaqdan ibarətdir. Hesab edir ki, mental dəyərlərə əsasən bir kişi həm əvvəlki həm də indiki arvadı ilə eyni evdə yaşaya bilməz. Bu həm də evdəki uşaqların tərbiyəsinə çox pis təsir edir.Təəssüf edir ki, cavabdehin pula olan hərisliyi uşaqların tərbiyəsinə çox mənfi təsir edir. Yuxarıda qeyd etdiyi işin faktiki halları və tərəflərin maddi imkanları məhkəmə tərəfindən düzgün qiymətləndirilməklə cavabdehə kompensasiya təyin edilməli vəbu əsasla cavabdehin istifadə hüququna xitam verilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2İddiaçı iddia tələbində qaldığını bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, X1 Afaq Qəzənfər qızı ilə 2006-cı il tarixdə nikaha daxil olmuşdur. Afaqİddiaçı həyat yoldaşı ilə nikahları dövründə inşa etdikləri fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh qonşuluqda yaşayan oğlanla əxlaqa yaraşmayan hərəkətlər etmişdir. 2014-cü ilin avqust ayının 2-də gecə növbəti dəfə əxlaqsız hərəkət edərkən qonşuların iştirakı ilə başqa adamla yataqda tutulmuş və elə həmin gecə uşaqlarını da götürərək evdən qaçmışdır. Rəşid Rəşidovun cavabdeh Afaqla olan nikahları 2017-ci ildə pozulmuşdur. O, sonradan həmin evə köçürülmüş,lakin evin şəraitinin olmadığını nəzərər alaraq orada yaşamamışdır. Qardaşı isə başqa şəxslə nikaha daxil olmuşdur. Cavabdehə fərdi yaşayış evinə görə evin şəraitini nəzərə alaraq bazar qiymətinə uyğun olaraq 5000 manat məbləğində kompensasiya təklif edir. Buna görə də iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehiddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən ona himayəsindəki uşaqları ilə birlikdə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi üçün 5000 manat kompensasiya təklif edilmişdir. Lakin o, uşaqların gələcək şəraitlərinin qurulmasının vacibliyini nəzərə alaraq həmin təklifi qəbul etmir. 20000 manat məbləğində kompensaiya ödəniləcəyi halda evdən istifadə hüququna xitam verilməsi ilə razılaşa bilər. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********55-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, İddiaçı adına Qəbələ rayonu Vəndam qəsəbəsində ümumi sahəsi 12.10 kv.m təşkil edən fərdi yaşayış evi və 0.3270 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi qeydə alınmışdır. İşdə olan “X3” MMC-nin 15 may 2024-cü il tarixli,024/017 nömrəli “Orta aylıq kirayə haqqının müəyyən edilməsinə dair qiymətləndirmə rəyi”nin surətindən görünür ki, qiymətləndirmənin predmeti olan 1969-cu ildə inşa edilmiş, hündür kürsülü 3 otaq və 1 mətbəxdən ibarət aşağı təmirli fərdi yaşayış evinin uzun müddətli yaşayış üçün orta aylıq kirayə haqqı 120 (yüz iyirmi) manat təşkil edir. İşdə olan “X3” MMC-nin 09 iyun 2024-cü il tarixli,24-09910 nömrəli “Orta aylıq kirayə haqqının müəyyən edilməsinə dair qiymətləndirmə rəyi”nin surətindən görünür ki, qiymətləndirmənin predmeti olan 1969-cu ildə inşa edilmiş, hündür kürsülü 3 otaq və 1 mətbəxdən ibarət aşağı təmirli fərdi yaşayış evinin uzun müddətli yaşayış üçün orta aylıq kirayə haqqı 120 (yüz iyirmi) manat, real bazar dəyəri isə 35.000 (otuz beş min) manat təşkil edir. İş materiallarında olan Qəbələ1 saylı Mediasiya təşkilatının Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli MŞQ/MT035-2023-205 nömrəli “Mediasiya prosesinə xitam verilməsi haqqında protokol”un surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya prosesində mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü medoator tərəfindən müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən İddiaçı tərəfindən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X2 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununauyğun olaraq “Mediasiya prosesinə xitam verilməsi haqqında protokol” tərtib edilmişdir. İddiaçı tərəfindən mediasiya xərci olaraq 60 (altmış) manat məbləğində pul ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13, birinci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139-1.1 və 139-1.1.3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. 158.1 və 158.1.2-ci maddələrinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə görə isə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********55-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la İddiaçı adına Qəbələ rayonu Vəndam qəsəbəsində ümumi sahəsi 12.10 kv.m təşkil edən fərdi yaşayış evi və 0.3270 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi qeydə alınmışdır. İddiaçının oğlu Rəşid Rəşidov Cavabdeh ilə 2006-cı il tarixdə nikaha daxil olmuş və iddiaçının mərhum əri ilə birlikdə tikmiş olduğu fərdi yaşayış evinə gəlin gəlmişdir. Mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evi 3 (üç) otaq olmaqla hündür kürsülüdür və 1-ci mərtəbə yaşayış üçün nəzərdə tutulmamışdır. Cavabdehin Rəşid Rəşidov ilə olan nikahından 2 (iki) uşağı vardır. Rəşid Rəşidovun cavabdeh Afaqla olan nikahı 2017-ci ilin aprelində pozulmuşdur. O, iki uşağa görə aliment ödəyir. Rəşid Rəşidov 2016-cı ilin iyun ayında təkrar nikaha girərək ailə qurmuş və bu evlilikdən 2017-ci ilin aprelində uşaqları dünyaya gəlmişdir.Cavabdeh yaşayış hüququ əldə etdiyi üçün iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə köçürülmüş, lakin evin şəraitsizliyinə görə gəmin evdə yaşamamışdır. “X3” MMC-nin 15 may 2024-cü il tarixli,024/017 nömrəli “Orta aylıq kirayə haqqının müəyyən edilməsinə dair qiymətləndirmə rəyi” ilə qiymətləndirmənin predmeti olan 1969-cu ildə inşa edilmiş, hündür kürsülü 3 otaq və 1 mətbəxdən ibarət aşağı təmirli fərdi yaşayış evinin uzun müddətli yaşayış üçün orta aylıq kirayə haqqının 120 (yüz iyirmi) manat təşkil etdiyi müəyyən olunmuşdur. Eləcə də “X3” MMC-nin 09 iyun 2024-cü il tarixli,24-09910 nömrəli “Orta aylıq kirayə haqqının müəyyən edilməsinə dair qiymətləndirmə rəyi”ndən görünür ki, qiymətləndirmənin predmeti olan 1969-cu ildə inşa edilmiş, hündür kürsülü 3 otaq və 1 mətbəxdən ibarət aşağı təmirli fərdi yaşayış evinin uzun müddətli yaşayış üçün orta aylıq kirayə haqqı 120 (yüz iyirmi) manat, real bazar dəyəri isə 35.000 (otuz beş min) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evinə cavabdehin hüquq münasibətləri, onun iddiaçının oğlu Rəşid Rəşidovla 2006-cı il tarixdə nikaha daxil olması və iddiaçının mərhum əri ilə birlikdə tikmiş olduğu fərdi yaşayış evinə gəlin köçməsi ilə yaranmışdır. Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq ona təklif olunan 5000 (beş min) manat kompensasiya ödənilməsi ilə azyaşlı uşaqlarıyla birlikdə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı cavabdehin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi üçün evin bazar qiymətlərinə uyğun 5000 manat kompensasiya ödənməsinə razıdır və işin bu halını mübahisələndirmir.O, iddia tələbinin əsası olaraq “X3” MMC-nin qiymətləndirmənin predmeti olan 1969-cu ildə inşa edilmiş, hündür kürsülü 3 otaq və 1 mətbəxdən ibarət aşağı təmirli fərdi yaşayış evinin uzun müddətli yaşayış üçün orta aylıq kirayə haqqı 120 (yüz iyirmi) manat təşkil etməsinə dair rəyini sübut olaraq məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarın yuxarıda qeyd olunan müddəaları baxımından məhkəmə hesab edir ki, “X3” MMC-nin 09 iyun 2024-cü il tarixli, 24-09910 nömrəli “Orta aylıq kirayə haqqının müəyyən edilməsinə dair qiymətləndirmə rəyi” də nəzərə alınmaqla cavabdehə 5000 manat məbləğində kompensasiya ödənilməsi ilə onun yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi hüquqi baxımdan ədalətli və obyektivdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qedy edilmişdir ki, 2000-ci il sentyabrın 1dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Mülki Məcəllənin 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki-hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir.Mənzil qanunvericiliyi mahiyyətcə mülki qanunvericiliyin bir hissəsidir. Qanunvericiliyin mənasına görə Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Lakin Mənzil Məcəlləsi yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsinə dair tərəflərin münasibətlərini tənzimləmədən saxlamışdır.Bununla belə, bir çox mülki hüquq münasibətləri uzanan xarakter daşıyır, bu zaman Azərbaycan Respublikasının qanunvericiliyi isə dinamik inkişaf edir və dövri olaraq yeniləşir. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı mümkündür. Belə ki, bu qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götürülməsini zəruri hesab etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Sadalanan məsələlər, yəni iddiaçıdan cavabdehin mübahisəli fərdi yaşayış evində olan istifadə hüququnun qarşılığında hansı məbləği təklif etməsi araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 5000 manat məbəğində kompensasiya təklif etmişdir. Öz növbəsində cavabdeh isə 20000 manat kompensasiya təkilf edildiyi halda iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Bu baxımdan da məhkəmə göstərilən halların hazırkı işə təsirinin xüsusi əhəmiyyət daşıdığını qəbul edərək, bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Məlum olduğu kimi yaşayış yeri, isti ocaq hər bir insanın həyatda malik olmaq istədiyi ən zəruri maddi dəyərlərdəndir. Dünyanın beşikdən məzaradək hər bir sakini öz mövcudluğunu təmin etmək üçün ömrü boyu zəruri qida ilə yanaşı yaşayış yeri əldə etmək üçün çalışır. İnsanların hər birinin yaşayış yeri ilə təmin edilməsi məsələsi nəinki onların özlərinin, həm də onların mənsub olduğu dövlətin əsas qayğılarından biri sayılır. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini, həmçinin dövlətin yaşayış binalarının və evlərin tikintisinə rəvac verməsini, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülməsini təsbit etmişdir.Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən məhkəmə hazırki iş üzrə iddiaçının cavabdehə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməsini haqlı saymaqla, təklif olunan kompensasiya məbləğini (5000 manatı) yetərli sayır. Təklif olunan 5000 manat kompensasiya məbləğinə münasibət bildirərək məhkəmə qeyd edir ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Kompensasiyanın məbləği qeyd olunan meyarlara əsasən müəyyənləşdirilmir. MM-in 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verir. Çünki, işdə olan və iddiaçı tərəfindən təqdim edilmiş rəydən görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində sözügedən fərdi yaşayış evi ilə eyni şəraitli evlərin aylıq kirayə haqqı 120 manat təşkil edir. İşdə olan rəydən də görünür ki, mübahisələndiriləni fərdi yaşayış evinin qiyməti 35000 civarındadır. Qanunun mənasına görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzhürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qayadaya riayət edilməklə yaranır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, tərəflərin izahatlarını, işin mövcud hallarını və araşdırılmış sübutları, qanunvericiliyin şərh olunan müddəalarını sistematik olaraq və kompleks halında nəzərə alan məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli,İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat kompensasiya ödənilməklə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 15 iyun 2007ci il təvəllüdlü X7 və 24 may 2011-ci il təvəllüdlü X8 ilə birlikdə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evindən (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış») istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat kompensasiya ödənilməklə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 15 iyun 2007-ci il təvəllüdlü X7 və 24 may 2011ci il təvəllüdlü X8 ilə birlikdə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evindən (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış») istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar