Məhkəmə qərarları › İş №e-2(025)-502/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-502/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-502/2022 26.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) Hakim Əliyev Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC-i Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.03.2020-ci il tarixli müqavilə üzrə Samsung LED TVüçün 338 (üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə, ümumilikdə 371 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 02.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV almış və nəticədə 371 (üç yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1656 (min altı yüz əlli altı) manat (18 ay x 92 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 371 (üç yüz yetmiş bir) manat olmaqla, ondan, 338 (üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 (otuz üç) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1318 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 02.03.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən, cavabdehlə aralarında olan telefon danışıqları, həmçinin göndərdikləri 20.01.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını nəzərdə tutmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və işin iddia icraatına keçirilməsini xahiş etmiş, Qəbələ Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 2(025)-502/2022 nömrəli qərardadı ilə hazırkı işin iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, həmin əşyanı aldıqdan sonra 13 ay ərzində qrafikə uyğun olaraq ödənişlər etmiş, lakin ona sonradan pul lazım olduğundan televizoru qaytarıb, müəyyən məbləğdə pul almaq istəmiş, bununla əlaqədar mağazaya müraciət etmiş, orada adını bilmədiyi bir işçi ilə razılaşmış, onlar gəlib televizoru götürmüş və qiymətləndirəcəkdən sonra onunla əkaqə saxlayacaqlarını bildirmişlər. Lakin bir aydan sonra televizoru qaytararaq ona pul deyil, yalnız bonus verə biləcəklərini demişlər. O da bununla razılaşmamışdır. O, kiminlə danışıq apardığını bilmir, televizoru götürəndə və qaytaranda heç bir sənədləşmə aparılmamışdır. Bununla bağlı hər hansı bir sübutu da yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 20138404 nömrəli 02.03.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung LED UE50RU7200UXRU İş materiallarında olan 20138404 nömrəli 02.03.2020-ci il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 1656 manat məbləği aylıq 92 manat annuitetlə 18 aya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 20.01.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 17.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20138404 nömrəli 02.03.2020-ci il tarixli müqavilə üzrə 338 manat əsas, 33 manat cərimə, cəmi 371 manat borcu vardır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 01.02.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1950-ci ildə Qəbələ şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 20138404 nömrəli 02.03.2020-ci il tarixli müqavilənin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin 20138404 nömrəli 02.03.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 338 manat təşkil edir. Bu səbəbdən məhkəmə cavabdehdən 20138404 nömrəli 02.03.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 338 manat tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 20138404 nömrəli 02.03.2020-ci il tarixli müqavilə üzrə 338 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 33 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olduğundan iddia tələbi cərimə borcuna aid hissədə də təmin edilməlidir. Bu səbəbdən məhkəmə cavabdehdən 20138404 nömrəli 02.03.2020-ci il tarixli müqavilə üzrə cərimə borc üzrə 33 manat tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, 02.03.2020-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Samsung LED TV üçün 338 (üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə, ümumilikdə 371 (üç yüz yetmiş bir) manat borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 02.03.2020-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Samsung LED TV üçün 338 (üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə, ümumilikdə 371 (üç yüz yetmiş bir) manat borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar