Məhkəmə qərarları › İş №e-2(025)-504/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-504/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-504/2024 30.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) Hakim Əliyev Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC-i Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********41820 olan XİAOMİ REDMİ 10C MARKALİ TELEFON üçün 336,48 (üç yüz otuz altı manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 33,52 (otuz üç manat əlli iki qəpik) manat cərimə, ümumilikdə 370 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********41820 olan XİAOMİ REDMİ 10C MARKALİ TELEFON almış və nəticədə 370 (üç yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 458,58 (dörd yüz əlli səkkiz manat əlli səkkiz qəpik) manat (12 ay x 38.04 manat + 2.1 manat ilkin ödəniş) olan İMEİ KODU **********41820 olan XİAOMİ REDMİ 10C MARKALİ TELEFON üçün ümumilikdə 370 (üç yüz yetmiş) manat olmaqla, ondan 336,48 (üç yüz otuz altı manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33,52 (otuz üç manat əlli iki qəp) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 122,1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını nəzərdə tutmuşdur. İddiaya Etiraz: Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və işin iddia icraatına keçirilməsini xahiş etmiş, Qəbələ Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli e-2(025)-504/2024 nömrəli qərardadı ilə hazırkı işin iddia icraatına keçilməsi qərara alınmışdır Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, 17.10.22-ci ildə kontakt home mağazasından onlayn Xiomi redmi 10c markalı telefonu 12 (12×38.04) qızıl zamanətlə almışdır. 3 ay ödədikdən sonra avto qəza keçirmiş və telefon yararsız vəziyyətə düşmüşdür. Qızıl zəmanətlə aldığı üçün bu haqda qaynar xətt *6060 bildirmişdir. Telefonu Qəbələ “kontakt home” mağazasına verməyini demişlər. Telefonu təhvil verdikdən bir müddət sonra ona zəng edib telefonun yaramadığını, əvəzində 55% güzəştlə yeni telefonu da güzəştli şərtlə verecəklərini bildirmişlər. Razilaşıb mağazaya getdikdə isə qalan (9×38.04) 342 tam dərhal ödəməyini, ondan sora yeni telefonu heç bir güzəşt olmadan sadəcə 195 azn çıxa biləcəklərini demişlər. O, buna etiraz etmişdir. Xəbər edecəklərini bildirmişlər. Bir müddət sonra ABC telekomdan məktub gəlmiş və 3 günə borcu ödəməyi və s.zəng edib olanları bildirmişdir. Daha sonra başqa başqa nömrələrdən zəng gelmiş, hamısına danışmış, yenə bir nəticə olmamışdır. Bu yaxınlarda yenidən qaynar xətti yığmış, başqa nömrədən zəng gəlmiş ki artıq 55% faizlik güzəşt də bitmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Etirazda qeyd olunanlarla bağlı bildirdi ki, cavabdehlə bağlanmış Qızıl Zəmanətdə hissəvi ödəniş gecikdirilərək müqavilə şərtləri pozulacağı təqdirdə zəmanətin qüvvədən düşməsi göstərilmişdir. Cavabdeh isə ödənişi gecikdirdiyindən qızıl zəmanət qüvvədən düşmüşdür. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbini qəbul etməyərək eyni zamanda izahatında göstərdi ki, iddiaçının nümayəndəsinin dedikləri həqiqəti əks etdirmir. Ona verilən Zəmanət Talonunda hissəvi ödəniş gecikdirilərək müqavilə şərtləri pozulacağı təqdirdə zəmanətin qüvvədən düşməsi kimi bir hal nəzərdə tutulmamışdır. Həmçinin telefonu Qəbələ “Kontakt Home” mağazasına təhvil vermişdir. Telefonu təqdimedənə qədər onun heç bir gecikdirilməsi olmamışdır. Belə olduğunu təqdirdə iddiaçının ondan pul tələb etməsi əsassızdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 12201276 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: XİAOMİ REDMİ 10C MARKALİ TELEFON İş materiallarında olan 12201276 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 458,58 manat məbləği aylıq 38,04 manat annuitetlə 12 aya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1990-cı ildə Qəbələ rayonunda anadan olmuş Cavabdeh Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır. Cavabdehtərəfindən təqdim edilmiş və iş materillarına əlavə edilmiş “Zəmanət Talonu”ndan görünür ki, həmin zəmanət talonunda zəmanət talonunun qüvvədən düşməsi kimi hər hansı bənd göstərilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin Məhkəmənin mövqeyi: Beləlikə, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 12201276 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə satış qiyməti 458,58 manat olan 1 ədəd “XİAOMİ REDMİ 10C” markalı telefon satılmışdır. Həmçinin telefon cavbadehə “Qızıl Zəmanət”ə imza edilməklə verilmişdir. Telefon akta imza etməklə cavabdeh tərəfindən qəbul edilmişdir. 3 ay sonra isə telefonda qüsurlar olduğundan cavabdeh “Qızıl Zəmanət”dən yararlanmaq məqsədi ilə telefonu “X2” mağazasına təhvil vermiş, lakin bu günə qədər telefon cavabdehə qaytarılmamış və hazırda telefon iddiaçı təşkilatdadır. Telefonun iddiaçı təşkilatda olmasını iddiaçının nümayəndəsi də təsdiq etmişdir. Məhkəmə tələb olunan borcla bağlı olaraq tərəflərin dəlillərinə qiymət verərək bildirir ki, iş materialları və tərəfərin izahaları ilə müəyyən olunur ki. cavabdeh tərəfindən iddiaçı MMCdən kreditə götürülən məhsul 3 ay sonra qaytarılmışdır. Görünüdüyü kimi tərəflər arasında bağlanmış nisyə satış müqaviləsinin tələblərinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə ödənilməsi şərti ilə telefon satmış, cavabdeh isə həmin məbləği 12 ay ərzində hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh həmin əşyanı 3 ay sonra iddiaçı təşkilata geri qaytarmışdır və həmin müddətdən sonra telefon iddiaçı təşkilatda qalmışdır. Bu isə müqavilənin baş tutmamasına gətirib çıxarır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən məhsul nisyə satılmış, alınan telefonda qüsurlar olduğundan cavabdeh “Qızıl Zəmanət”ə əsasən telefonu təmir etdirmək üçün aldığı məhsulu qaytarmışdır. Hazırda məhsul iddiaçıdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İş materiallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra alınmış mal iddiaçıya geri qaytarılmış, yəni müqavilənin icrasından imtina edilmişdir. Yuxarıda istinad edilən Mülki Məcəllənin 600.4-cü maddələrinə görə, iddiaçı alqısatqı müqaviləsinin predmetini cavabdehdən geri qəbul etməklə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə etmiş, beləliklə cavabdehin müqavilənin icrasından imtinasını qəbul etmişdir. Beləliklə, tərəflər arasında ləğv edilən müqaviləyə görə yaranmış əsas və cərimə borcunun cavabdehdən tələb edilməsini məhkəmə qanuni və əsaslı hesab etmir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə zamanı məhkəməyə cavabdehlə bağlanıldığını iddia etdiyi “Qızıl Zəmanət”i təqdim etmiş, lakin həmin “Qızıl Zəmanət”in şərtlərinin cavabdeh tərəfindən razılaşaraq imzalandığına dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddiaçının dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar