Məhkəmə qərarları › İş №e-2(025)-674/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-674/2025

03.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-674/2025 03.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin bərpasına dair tələbnamənin ləğv edilməsi və debitor borcun silinməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “hesablaşmanın qanunsuz hesab edilməsi və debitor borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nə qarşı “dəymiş zərərin bərpasına dair tələbnamənin ləğv edilməsi və debitor borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib ona məxsus olan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə olunmasına görə X2 İstismarı İdarəsi üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 iyul 2024-cü il tarixli ******* nömrəli Akta əsaslanan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 iyul 2024-cü il tarixli tələbnamənin ləğv edilməsi və həmin sənədə əsasən abonent hesabına əlavə edilmiş 858.00 manat debitor borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə özünə məxsus olan Qəbələ rayonu, Mİrzəbəyli kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evin yaşayış sahəsini təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayğac qaz sərfiyyatının dövrü olaraq hesablanmasını operativ şəkildə həyata keçirtməkdən ötrü evdən kənarda bərkidilmiş və qaz sərfiyyatını qeydə alan göstərici rəqəmdəki dəyişilmənin müşahidəsi qaz paylayıcısı nəzarətçilərinə həvalə edilmişdir. Qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarına yol verilməmiş və sayğaca hər hansı bir müdaxilə olunmamışdir. Yaşadıqları ünvanda quraşdırılan qaz sayğacına müdaxilə faktı üzrə Cavabdeh İB Zaqatala Regional Qİİ-nin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 iyul 2024-cü il tarixli ******* nömrəli Aktın tərtib edilməsi barədə ailə üzvlərindən heç kimin məlumatı olmamış və Aktın surəti onlara təqdim edilməmişdir. Həmin akt əsasında yenidən hesablaşma aparılması və onun abonent hesabına 858,0 manat debitor borcun əlavə edilməsi qanunsuzdur. Ona görə də, X2 İstismarı İdarəsi üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 iyul 2024-cü il tarixli ******* nömrəli Akta əsaslanan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 iyul 2024-cü il tarixli tələbnamənin ləğv edilməsi ləğv edilməsi və həmin sənədə əsasən onun abonent (kod: **********01970) hesabına əlavə edilmiş 858,0 manat məbləğində debitor borcun silinməsi barədə iddia qaldırmışdır. Cavabdeh İB-in nümayəndəsi X1 məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək bildirmişdir ki, Cavabdeh İB Zaqatala Regional Qİİ-nin yoxlayıcıları tərəfindənn xx.xx.2024-cü il tarixdə istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarət həyata keçirilərkən İddiaçı yaşadığı Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ünvanda quraşdrlməş sayğacın (zavod nömrəsi: ********) hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar edilmiş və sayğac şəbəkədən ayrılaraq yenisi ilə əvəz edilmişdir. Şəbəkədən ayrılmış həmin sayğac ARDNŞ-nin labaratoriyasında yoxlanılarkən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri müəyyən edilmiş və verilmiş rəylə qüsur təsdiq olunmuşdur. Bundan sonra qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halının aşkar edilməsi barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 iyul 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və abonent İddiaçı (Abonent kodu: **********01970) ilə qaz işlədicilərinin gündəlik iş rejimində 90 günlük müddət üçün yenidən hesablaşma aparılaraq 829.44 manat dəyərində 6912 kub/m sərfiyyat müəyyən edilmişdir. Ona görə də, İddiaçı iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 iyul 2024-cü il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ünvanda sayğacın (abonent kodu: **********01970; Sayğacın zavod nömrəsi: ********) hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar edilmiş, abonentə öz hesabına yeni sayğac quraşdırılması qərara alınmış və qaz işlədici qurğulara uyğun dəymiş maddi ziyan hesablanmışdır. İşdə olan Cavabdeh İB-nin Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən abonent İddiaçı (abonent kodu: **********01970; Sayğacın zavod nömrəsi: 10064622; ünvan: Qəbələ rayonu, Mirzəbəyli kəndi) istifadəsində olan qaz işlədicilərinin 12 saatlıq orta günlük iş rejimində 3 kub.m/saat qaz sərfi ilə 90 gün müddət ərzində qaz sərfiyyatı ölçülərək 6912 kub/m hesablanmışdır. İşdə olan «Qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2024cü il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçı İddiaçı yaşadığı Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ünvanda quraşdırılmış sayğac (Abonent kodu: **********01970; Sayğacın zavod nömrəsi: ********) yararsız olduğundan şəbəkədən çıxarılmış və yenisi ilə əvəz edilmişdir. İşdə olan Cavabdeh İB-nin Abonent saldosuna əsasən abonent İddiaçı (Qəbələ rayonu, Mirzəbəyli kəndi) **********01970 saylı hesabında 2016-2023-cü illər üzrə sayğac üzrə qaz sərfiyyatı olmamış, 30 iyul 2024-cü il tarixli ******* saylı akta əsasən 829,44 manat dəyərində 6949 kub/m sərfiyyat müəyyən edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə AR Sənaye və Energetika Nazirliyi .... həyata keçirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən İddiaçı yaşadığı Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentlərin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İB Zaqatala Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 iyul 2024-cü il tarixli ******* saylı akt özü-özlüyündə etibarsız olduğundan abonent İddiaçı ilə həmin akt əsasında yenidən hesablaşma aparıla bilməzdi. Digər tərəfdən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2-ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyul 2024-cü il tarixli ******* saylı Akt əsasında hesabatın 90 günlük müddət üçün aparılması qanunsuz olmuşdur. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 iyul 2024-cü il tarixli ******* saylı Akt etibarsız olduğundan həmin akta əsaslanan xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə» üzrə 90 günlük müddət üçün aparılan hesabatın nəticələri də etibarsız hesab edilməli və İddiaçının abonent (kod: **********01970) hesabına əlavə edilmiş cəmi 829,00 manat məbləğində debitor borc silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh Azəriqaz İB Zaqatala Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazadan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli ******* nömrəli Akta əsaslanan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 iyul 2024-cü il tarixli tələbnamə üzrə İddiaçı abonent (kod: **********01970) hesabına əlavə edilmiş 829,00 (səkki yüz iyirmi doqquz) manat məbləğində debitor borc silinsin. Cavabdeh İB-dən 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar