Məhkəmə qərarları › İş №e-2(025)-686/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-686/2025

19.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-686/2025 19.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “tələbnamənin ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: tələbnamənin ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçıvə iddiaçının etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “tələbnamənin ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli aktı əsasında qəbul edilmiş, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və həmin tələbnamə əsasında hesablanmış 1036 manat ziyan məbləğinin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və həmin tələbnamə əsasında hesablanmış 1555,20 manat ziyan məbləğinin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuşdur. Hazırda Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 7 nömrəli binanın 24 nömrəli mənzilində ailə üzvləri ilə bilrikdə yaşayır. Onun Qəbələ rayonu, Nic qəsəbəsində özünə məxsus fərdi yaşayış evi var. Hər il yay fəslində 1-2 ay müddətində onlar həmin evə gəlirlər, istirahət edirlər, daha sonra Mingəçevir şəhərindəki evlərinə qayıdırlar. Cavabdeh Zaqatala Qaz İstismarı idarəsinin əmədaşları Qəbələ rayonunun Nic qəsəbəsində guya həyətə gələrək qaz sayğacına müdaxilə ilə əlaqədar yoxlama aparmış və müəyyən etmişlər ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqçıqda əzik-cızıq izləri aşkar edilib. Müdaxilə nəticəsində 8640 m3 təbii qaz itkisinə yol verilmişdir. Cavabdehə 1036 manat məbləğində ziyan vurulmuşdur. Ziyanın ödənilməsi ondan tələb olunur. Yoxlayıcılar tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt və həmin akt əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli "dəymiş ziyanın bərpasına dair" tələbnaməni qaz istehlakçısı olaraq qəbul etmir. Qaz sayğacı həyətdən kənarda quraşdırılıb. Sayğac xüsusi qoruyucu qutuda yerləşdirilmədən quraşdırılmışdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına abonent cavabdehlik daşımır. Cavabdehliyi qaz paylayıcı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda qeyd etsə də bu inandırıcı deyil, cavabdehin iddiası qəbul edilməzdir. Abonent koduna vurulmuş itirilmiş qazın dəyəri olan 1036 manat ziyan məbləğinin tələb olunması qanunla qorunan istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin aktın yazılmasından təxminən 10 gün öncə xəbəri olub, bundan sonra müraciət edib, akt və tələbnaməni əldə etmişdir. İddiaya Etiraz: xx.xx.2025-ci il tarixdə Cavabdeh İB-in nümayəndəsi Ramazan Şabanov məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********01440 saylı qaz hesabında 1555.20 manat borc vardır. Həmin borcun tam hissəsi itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 10261532 nömrəli qaz sayğacının növbəti dövlət yoxlamasından keçirilməsi məqsədilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********8 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-1327-1 №-li aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izləri var (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib etmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmaqla onun miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 12960 m3 (və ya 1555.20 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsdən irəli gəlir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı və iddiaçının etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Eyni zamanda xx.xx.2025-ci il tarixdə Cavabdeh İB-in nümayəndəsi X3 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, cavabdehin nümayəndəsinin iddia ərizəsinə etirazını nəzərə alıb, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olanCavabdeh İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktından görünür ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqda əzik-cızıq izlərinin olması müəyyən olunmuşdur. İş materiallarında olan27fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, Cavabdeh İB-nə 12960 m3 ziyan dəymişdir. Eyni zamanda G-4 markalı,10261532nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilmiş və daxili qulaqcıqda əzik-cızıq izləri vardır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylıaktdan görünür ki, əvvəlki sayğac yoxlamağa göndərildiyi üçün yeni G-4 markalı, **********8 saylısayğac quraşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli 14- 2-2/3-5-1327-1 saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izləri var(qaz itkisi, müdaxilə). İş materillarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyitərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli arayışdan göstərilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü Mingəçevir şəhər, A.Məmmədov küçəsi, ev 7, mənzil 24-də qeydiyyatda olan İddiaçı adına Qəbələ rayonu, Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi üzərində özünə məxsus 37.1 m.kv-dan ibarət fərdi yaşayış evi var. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 02 may 2019-cu il tarixli müqavilənin: 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərilikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 3.2.1-ci bəndinə əsasən, Qazdan istifadə edən istehlakçılar qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normatik hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və.s göstərilməliklə) istinad edilməş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********01440 saylı qaz hesabında 1555.20 manat borc vardır. Həmin borcun tam hissəsi itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı, 10261532 nömrəli qaz sayğaca baxış keçirilmiş, sonradan tərtib olunmuş akta əsasən sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаca hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə belə hesab edir ki, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan cavabdeh daşıdığından həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı G4 markalı 10261532 nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqda əzik-cızıq izləri olması müəyyən edilsə də, həmin pozuntunun məhz iddiaçının səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Cavabdehin nümayəndəsinin məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərdiyi hallar, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi etiraz ərizəsində ehtimallara əsaslanaraq iddiaçının cavabdehə maddi ziyan vurması qeyd etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaclara müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, 1555,2 manat məbləğində müəyyən edilmiş maddi ziyanın silinməsi barədə iddia tələbi təmin edilməlidir. Eyni zamanda məhkəmə hazırki işin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan tələbnamə ilə məsuliyyət müəyyən edilmədiyindən, həmin tələbnamə məlumat xarakteri daşımaqla iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb olmadığından və özündə yalnız qüsurları müəyyən etdiyindən tələbnamənin özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göründüyü kimi, mübahisə predmeti olan tələbnamə abonentin hüquqlarına müdaxilə etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv hesab edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından iddia tələbinin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı adına Cavabdeh tərəfindən hesablanmış 1555,2manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 35,55 (otuz beş manat əlli beş qəpik) manatdövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Zaqatala X4 İdarəsi tərəfindən əsassız hesablanaraq İddiaçı abonent koduna vurulmuş 1555,2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 35,55 (otuz beş manat əlli beş qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar