Məhkəmə qərarları › İş №e-2(025)-753/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-753/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-753/2025 03.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) Hakim Əliyev Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən YUPİTER YP tv asqısı, Ödənişin Təminatı Xidməti, TOSHİBA tv üçün 857,16 (səkkiz yüz əlli yeddi manat 16 qəpik) manat ödənilməmiş hissə, 85,72 (səksən beş manat 72 qəpik) manat cərimə, ümumilikdə 942,88 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən YUPİTER YP tv asqısı, Ödənişin Təminatı Xidməti, TOSHİBA tv almış və nəticədə 942,88 (doqquz yüz qırx iki manat 88 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 857,16 (səkkiz yüz əlli yeddi manat 16 qəpik) manat (yəni 18 ay x 47.62 manat + 0 manat ilkin ödəniş) olan YUPİTER YP tv asqısı, Ödənişin Təminatı Xidməti, TOSHİBA tv üçün ümumilikdə 942,88 (doqquz yüz qırx iki manat 88 qəpik) manat olmaqla, ondan 857,16 (səkkiz yüz əlli yeddi manat 16 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 85,72 (səksən beş manat 72 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını nəzərdə tutmuşdur. İddiaya Etiraz: Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və işin iddia icraatına keçirilməsini xahiş etmiş, Qəbələ Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qərardadı ilə hazırkı işin iddia icraatına keçilməsi qərara alınmışdır Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Etirazda qeyd olunanlarla bağlı bildirdi ki, onlarda avadanlıqların quraşdırılaraq təhvil verilməsi ödənişlidir. Cavabdeh bu xidmətdən istifadə etməmişdir. Həmçinin bəzən alıcılar aldıqları əşyanın cehiz məqsədilə və yaxud pay məqsədilə aldıqlarını bildirərək avadanlığın yerləşdiyi qutunun açılmasından imtina edirlər. Bu səbəbdən şirkətin əməkdaşı tərəfindən televizor yoxlanılaraq alıcıya təhvil verilməmişdir. Cavabdehin etirazının əsassız olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbini qəbul etməyərək eyni zamanda izahatında göstərdi ki, İddiaçı keçirdiyi “Qara Cümə” kampaniyasına əsasən xx.xx.2024-cü ildə 01 ədəd “Toshiba” 50C350ME model televizor və Yupiter YP-450 (23-55) model televizor altlığı götürmüşdür. O və həyat yoldaşı ikisi gedib İddiaçındən vitrin satışında gördükləri televizoru almaq istəmişlər. Əməkdaşlardan biri onlara həmin televizoru alsaq, burada müqaviləni bağlayıb televizoru özləri ilə apara biləcəklərini demişdir. Sonradan digər iki əməkdaşa yaxınlaşaraq, söhbət edib demiş ki, vitrindəki məhsul onlayn şəkildə satılıb, amma həmin məhsuldan onlara anbardan göndərək, 2 gün ərzində çatdırılma və quraşdırılma edərlər. Dedikləri vaxtdan da 3 gün gec olmaqla (5 gün), xx.xx.2024-cü il tarixdə məhsulu qapılarına qədər gətirmişlər. Müqaviləni isə noyabrın 20-i bağlamışlar. O, demiş ki, “bəs siz həmin məhsulu quraşdırmağa da söz vermisiniz.” Onlar isə boyun qaçıraraq, quraşdırılma işinin onlara aid olmadığını, tələsdiklərini deyərək getmişlər. O, məhsulu ehtiyyatla evə qoymuşdur. Bir neçə gün sonra oğlu Bakıdan gələndə ikisinə televizoru ehmallıca divanın üstünə qoymuşlar və qutudan çıxararaq, toka taxmışlar. Görmüşlər ki, televizorun ekranı açılmır, cızılmış şəkildədir, ekran görüntüsü ümumiyyətlə yoxdur. Oğlu dərhal İddiaçı qaynar xəttinə zəng edib bu barədə məlumat vermişdir. Ordan da votsap əlaqə nömrəsi verilmiş ki, məhsulun şəklini onlara çəkib göndərsinlər. Həmçinin 2 gün ərzində usta yönləndiriləcəyini bildirilmişdir. Onlar 3 gün gözləmişlər (3 gün ərzində dəfələrlə zəng vurmuşlar, eyni sözü demişlər), usta gəlməmişdir. Oğlu ilə taksi çağıraraq, televizoru aparıb İddiaçınə təhvil vermişlər. Oradan da onlara bildirmişlər ki, məhsulu texniki servisə göndərəcəklər, məhsulun zavod qüsurlu olması, yaxud müştəri tərəfindən xarab olunması bildiriləcəkdir. 14 gündən sonra telefon əlaqəsi ilə məlumat verilmiş ki, zavod qüsuru deyil, guya onlar zədələmişlər. Əlavə olaraq 350 manat ödəniş tələb etmişlər ki, televizor düzəlsin. Onlar bu təkliflə razılaşmamışlar. 2 ay keçdikdən sonra telefon zəngi ilə ona bildirmişlər ki, məhsul İddiaçı Qəbələ filialına göndərilib. Məhsulu dəyişmədikləri üçün onlar götürməmişlər. İndi İddiaçı əməkdaşı onlara böhtan atır ki, guya ona demişlər ki, məhsulu oğlu quraşdıracadırq, gah da deyir ki, həmin zaman işıq yanmırmış və s. Televizor yoxlanılaraq təhvil verilmədiyi üçün məsuliyyəti iddiaçı daşıyır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, şirkətdə çatdırılma əməkdaşı kimi fəaliyyət göstərməkdədir. Gün ərzində 20-30 müştərinin ünvanına gedirlər. Şirkətin müəyyən qayda və qanunları vardır. Həmin qaydalara əsasən kiçik məişət avadanlıqları istisna olmaqa, paltaryuyan, televizor kimi kimi böyük məişət avadanlıqları isə təhvil verilir. Lakin bəzi müştərilər var ki, təhvil verilməsini istəmirlər və belə olanda məcbur təhvil verə bilməzlər. Onlar Cavabdeh televizoru təhvil verməyi bildirmişlər, lakin sonuncu bundan imtina etmişdir. Onlar sadəcə müştəri Cavabdeh bildirmişdir ki, televizoru quraşdırmaq onların işi deyil, yalnız yoxlayıb təhvil verirlər. Müştəri Cavabdeh isə televizorun təhvil verilməsinə ehtiyac olmadığını bildirdiyindən televizorun işləyib-işləmədiyini yoxlamadan çıxıb getmişlər. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: 01 ədəd “Toshiba” 50C350ME model televizor və Yupiter YP-450 (23-55) model televizor altlığı İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 857,16 manat məbləği aylıq 47,62 manat annuitetlə 18 aya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin “2” hissəsində göstərilmişdir ki, “ABC” tərəfindən “Mal” ünvana çatdırılarkən, həmin vaxt o ünvanda olan istənilən şəxsə “Mal”-ln qəbul etməsini və qəbul aktının imzalanmasını etibar edir. İş materiallarında olan 596006 nömrəli “Təhvil-Təslim” aktından görünür ki, 01 ədəd “Toshiba” 50C350ME model televizorun ekranında əsmə, cihazda kiçik cızıqlar, ləkələr vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər; 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır; 586.3-cü maddəsinə əsasən Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 586.4-cü maddəsinə əsasən İstər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır. 587.1-ci maddəsinə əsasən Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləlikə, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında ********** nömrəli, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 01 ədəd “Toshiba” 50C350ME model televizor və Yupiter YP-450 (23-55) model televizor altlığı satılmışdır. Tərəflər arasında müqavilə xx.xx.2024-cü il tarixdə bağlansa da, müqavilənin predmetləri olan 01 ədəd “Toshiba” 50C350ME model televizor və Yupiter YP-450 (23-55) model televizor altlığı xx.xx.2024-cü il tarixdə Cavabdeh verilmişdir. Hal-hazırda cavabdeh iddiaçının ona qüsurla mal verdiyini, televizorun onun evinə gətirilərkən kefiyyətinin yoxlanmadığını, bu səbəbdən televizorun iddiaçı təşkilata geri qaytardığını və iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və iddiaçı tərəfindən məhkəməyə dəvət olunaraq dindirilmiş şahid isə televizorun yoxlanılaraq müştəri Cavabdeh təhvil verilmədiyini etiraf edirlər, lakin televizorda qüsurun sonradan yarandığını və bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə tələb olunan borcla bağlı olaraq tərəflərin dəlillərinə qiymət verərək bildirir ki, iş materialları və tərəfərin izahaları ilə müəyyən olunur ki, 01 ədəd “Toshiba” 50C350ME model televizor xx.xx.2025-ci il tarixdə Cavabdeh məxsus evdə sonuncuya təhvil verilsə də, televizorun keyfiyyəti, işlək vəziyyətdə olması yoxlanılmamışdır. Bu halı iddiaçının nümayəndəsi və şahid də təsdiq etmişlər. Mülki Məcəllədən görünür ki, əşyanın keyfiyyətinin yoxlanmasını tərəflər müqavilədə nəzərdə tuta bilər. (MM-nin 586.1-ci maddəsi). İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli “Alğı-satğı” müqaviləsindən isə görünür ki, sözügedən müqavilədə əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutulmamışdır. Belə olduğu təqdirdə isə hazırkı mübahisəyə Mülki Məcəllənin 586.2-ci və 586.3-cü maddələri tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin: 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır; 586.3-cü maddəsinə əsasən Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Sözügedən maddələrinin tələbinə əsasən tərəflər arasındakı müqavilədə əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutulmadığından, hal-hazırda iddiaçı "xxxx" MMC-nin 01 ədəd “Toshiba” 50C350ME model televizorun keyfiyyətini yoxlanıldığına dair məhkəməyə sübutlar təqdim etməlidir ki, hazırkı işdə də iddiaçı məhkəməyə bununla bağlı sübutlar təqdim etməmişdir. Bundan əlavə Mülki Məcəllənin 587.1.2-ci maddəsinin tələbləri baxımından lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması hüququ vardır ki, Cavabdeh bu hüququndan istifadə edərək televizoru iddiaçı "xxxx" MMC-nin Qəbələ mağazasına təhvil versə də, iddiaçı öz hesabına qüsurları aradan qaldırmaqdan imtina etmişdir. Məhkəmə həmçinin onu da nəzərə alır ki, Mülki Məcəllənin 587.2.1-ci maddəsinin tələbinə əsasən Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda, yəni vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə alıcının alğı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vardır. Hazırkı işdən görünür ki, 01 ədəd “Toshiba” 50C350ME model televizorda olan qüsur vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurdur və həmin qüsur iddiaçı tərəfindən qarşılanmadığından, bu müddət ərzində Cavabdeh həm ödənişlər etməməsi, həm də televizoru tələb etməməsi alğı-satqı müqaviləsinin icrasından imtinası kimi başa düşülməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İş materiallarından göründüyü kimi, tərəflər arasında alğı-satqı müqaviləsi bağlandıqdan sonra alınmış mal iddiaçıya geri qaytarılmış, yəni müqavilənin icrasından imtina edilmişdir. Yuxarıda istinad edilən Mülki Məcəllənin 600.4-cü maddələrinə görə, iddiaçı alqısatqı müqaviləsinin predmetini cavabdehdən geri qəbul etməklə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə etmiş, beləliklə cavabdehin müqavilənin icrasından imtinasını qəbul etmişdir. Beləliklə, tərəflər arasında ləğv edilən müqaviləyə görə yaranmış əsas və cərimə borcunun cavabdehdən tələb edilməsini məhkəmə qanuni və əsaslı hesab etmir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı müqavilə predmeti olan 01 ədəd “Toshiba” 50C350ME model televizora cavabdehin təqsiri ucbatından zərər vurulması, dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar