Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-188/2025 07.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 409 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə 100 manat penyanın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 539 manatın tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 30 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı “Drop” markalı sutəmizləyici filtiri Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə malı qəbul edib dəyərini pul şəklində satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə üzrə göstərilən mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu isə bu malları qəbul etmişdir. 30 dekabr 2023-cü il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən satılan malın cəmi dəyəri 995 manat təşkil etmişdir. Müqavilənin 1.1-ci, 3.12-ci və 4.2-ci bəndlərinə əsasən alıcı müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini pul şəklində hissə-hissə və ya tam ödəməlidir. Alıcı tərəfindən alınan mallara görə satıcıya 586 manat ödəniş edilsə də, 409 manat borc bugünə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət edilməsinə, danışıqlar aparılmasına baxmayaraq, onun tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Beləliklə, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Müqavilənin 4.6-cı bəndinə əsasən alıcı satıcıya hər gecikdirilmiş gün üçün malın qalıq məbləğinin 1 faizi miqdarında penya ödəməyi üzərinə götürür. Buna görə də cavabdehdən əlavə olaraq penya şəklində 100 manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 17 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hazırda cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 30 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya “Drop plus” markalı su təmizləmə sistemini satır, alıcı isə həmin malı qəbul edir və müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada mayın dəyərini (ümumi dəyəri 995 manat, ilkin ödəniş 55 manat, qalan məbləğ isə 17 ay müddətinə hər ay 55 manat) satıcıya ödəyir. Alıcı ödənişi müqavilə üzrə həyata keçirir, əks təqdirdə alıcı satıcıya hər gecikdirilmiş gün üçün malın qalıq məbləğinin 1 faizi miqdarında penya ödəməyi üzərinə götürür. İşdə surəti olan arayışdan görünür ki, 30 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh “Drop” markalı su təmizləmə (filtri) satılmışdır. Qeyd edilən müqaviləyə əsasən filtrin qiyməti 995 manat müəyyən edilmişdir. Bununla bağlı şirkətə 586 manat ödəniş edilmişdir, qalıq 409 manat borc isə bugünədək ödənilməmişdir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 30 dekabr 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 409 manat məbləğində əsas borcunun qalması öz təsdiqini tapır və ona görə də iddia tələbi əsas borc məbləğinə dair hissədə tam təmin edilməlidir. Həmçinin, müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcuddur. Məhkəmə iddiaçının cərimə tələb etmək hüququnun mövcudluğunu qəbul etsə də, tələb olunan cərimənin məbləği ilə razılaşmır və bildirir ki, həmin məbləğ əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırda əsas borcun məbləğinin 409 manat olduğunu nəzərə alan məhkəmə MMin 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək, tənasübsüz surətdə yüksək cərimənin azaldılmalı olduğunu bildirir və iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan cərimənin məbləğinin 40 manat həddində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi cərimə borcuna dair hissədə qismən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 30 dekabr 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 409 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 100 manat məbləğində cərimə isə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olduğundan, iddia tələbi qismən təmin edilməli, 30 dekabr 2023-cü il tarixli müqavilə üzrə 409 manat ödənilməmiş əsas borc, 40 manat cərimə olmaqla, cəmi 449 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi əsas borca dair hissədə tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 dekabr 2023-cü il tarixli müqavilə üzrə 409 manat ödənilməmiş əsas borc, 40 manat cərimə olmaqla, cəmi 449 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-188/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-188/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver