Məhkəmə qərarları › İş №e-2(026)-231/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-231/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-231/2025 21.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********78714 olan “Oppo A60” markalı telefon, 2 ədəd vinil şəffaf üçün 139,92 manat ödənilməmiş hissə, 13,99 manat cərimə; 18 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72771 olan “Samsung Galaxy Z Flip 5” markalı telefon üçün 2343,96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 234,4 manat cərimə olmaqla, ümumilikdə 2755,87 manat borcun və 47,56 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla arasında bağlanmış 18 sentyabr 2024-cü il və 18 sentyabr 2024-cü il tarixli müqavilələrə əsasən İMEİ kodu **********78714 olan “Oppo A60” markalı telefon, 2 ədəd vinil şəffaf, İMEİ kodu **********72771 olan “Samsung Galaxy Z Flip 5” markalı telefon almış, nəticədə ümumilikdə 2755,87 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 904,86 manat olan (yəni 18 ay x 50,27 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********78714 olan “Oppo A60” markalı telefon, 2 ədəd vinil şəffaf üçün ümumilikdə 153,91 manat olmaqla, ondan 139,92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13,99 manat cərimə borcu; 18 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2399,96 manat olan (yəni 18 ay x 130,22 manat + 56 manat ilkin ödəniş) İMEİ kodu **********72771 olan “Samsung Galaxy Z Flip 5” markalı telefon üçün ümumilikdə 2601,96 manat olmaqla, ondan 2343,96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 234,4 manat cərimə borcu yaranmışdır. Cavabdeh 18 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən 18 sentyabr 2024-cü il tarixində İMEİ kodu **********78714 olan “Oppo A60” markalı telefon və qızıl zəmanət ultra 2 il xidmətindən imtina etmiş və məhsul 764,94 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 18 sentyabr 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 764,94 manat, digər müqavilə üzrə ödənilən məbləğ 56 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 18 sentyabr 2024-cü il və 18 sentyabr 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən 17 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. Müştərinin adının riskli müştərilər siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Qobustan Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2(026)-231/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməsi mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazı yoxdur, iddianı müdafiə edir və qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 18 sentyabr 2024-cü il tarixli, 02139522 nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (Opentube 12 ay, vinil şəffaf, “Oppo A60” markalı telefon, vinil şəffaf, reklam bloklayıcı Awax ömürlük, Kaspersky Standart mobile 1P/1Y, kontakların köçürülməsi, mobil tətbiqin yüklənməsi (1 ədəd), antivirusun quraşdırılması, plyonka istehsalı, plyonka istehsalı, akkaunt yaradılması, İT dəstək 6 ay, Paket XXL, smartfonda məlumatın köçürülməsi (50 GB), Trade-in əlavə dəyərləndirmə (5%), qızıl zəmanət ultra 2 il) 18 ay müddətinə hər ay 50,27 manat ödəniş edilməsi şərti ilə ümumilikdə 904,86 manata nisyə satmışdır. Ödəniş cədvəlinin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Müqaviləyə əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 02139522 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 sentyabr 2024-cü il tarixli, 02139522 nömrəli müqavilə üzrə ödəniş etməmiş, məhsul qaytarıldıqdan sonra 764,94 manat qiymət qoyularaq borcundan silinmişdir. Həmin müqavilə üzrə 139,92 manat ödənilməmiş hissə, 13,99 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 153,91 manat təşkil edir. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 18 sentyabr 2024-cü il tarixli, 02139530 nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (İMEİ kodu **********72771 olan “Samsung Galaxy Z Flip 5” markalı telefon, qızıl zəmanət ultra 2 il) 18 ay müddətinə hər ay 130,22 manat ödəniş edilməsi şərti ilə, 56 manat ilkin ödəniş də daxil olmaqla, ümumilikdə 2399,96 manata nisyə satmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən, müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC-nin malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.4-cü və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar İddiaçı MMC əlavə ödənişlər tələb edə bilər. Ödəniş cədvəlinin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 sentyabr 2024-cü il tarixli, 02139530 nömrəli müqavilə üzrə 56 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 2343,96 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 234,4 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 2601,96 manat təşkil edir. İşdə surəti olan 28 fevral 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında satılmış İMEİ kodu **********72771 olan “Samsung Galaxy Z Flip 5” markalı telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat pul ödənilmişdir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 17 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 03 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 47,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqavilələri bağlanmış, hər iki müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. İddia ərizəsindən cavabdehin 18 sentyabr 2024-cü il tarixli, 02139522 nömrəli üzrə İMEİ kodu **********78714 olan “Oppo A60” markalı telefon və qızıl zəmanət ultra 2 il xidmətindən imtina etdiyi və məhsulun 764,94 manat qiymətləndirilib borcundan silinərək geri qaytarıldığı görünür. Bununla belə həmin müqavilə üzrə məhsula dair digər birdəfəlik xidmətlərdən cavabdehin müqaviləni bağlaması səbəbindən onun mənafeyi üçün istifadə edildiyindən, eləcə də, cavabdehin müqavilə bağlandıqdan sonra həmin məhsuldan imtina etməsi onun iddiaçının göstərdiyi xidmətlərin dəyərini ödəməkdən azad etmədiyindən, həmin müqavilə üzrə iddiaçının tələbinin təmin olunmaması üçün əsas mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 18 sentyabr 2024-cü il tarixli, 02139522 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 139,92 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, tələb olunan 13,99 manat məbləğində cərimə əsas borca mütənasib olduğundan, həmçinin, hissə-hissə ödəmə şərti ilə bağlanmış 18 sentyabr 2024-cü il tarixli, 02139530 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 2343,96 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, tələb olunan 234,4 manat məbləğində cərimə əsas borca mütənasib olduğundan, eləcə də, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində rüsum ödənildiyindən, iddia təmin edilməli, 18 sentyabr 2024-cü il tarixli, 02139522 nömrəli müqavilə üzrə 139,92 manat ödənilməmiş hissə, 13,99 manat cərimə olmaqla, cəmi 153,91 manat pul və 18 sentyabr 2024-cü il tarixli, 02139530 nömrəli müqavilə üzrə 2343,96 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 234,4 manat cərimə olmaqla, cəmi 2601,96 manat pul, ümumilikdə isə 2755,87 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 47,56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 18 sentyabr 2024-cü il tarixli, 02139522 nömrəli müqavilə üzrə 139,92 manat ödənilməmiş hissə, 13,99 manat cərimə olmaqla, cəmi 153,91 manat pul və 18 sentyabr 2024-cü il tarixli, 02139530 nömrəli müqavilə üzrə 2343,96 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 234,4 manat cərimə olmaqla, cəmi 2601,96 manat pul, ümumilikdə 2755,87 manat pul və 47,56 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar