Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-239/2025 21.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 07 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən “HP Otto 15” markalı kompüter, “Bag Redline” kompüter çantası, “Mouse gaming”, “Windows 11 Home (All Languages)” üçün 460,04 manat ödənilməmiş hissə, 46 manat cərimə olmaqla, ümumilikdə 506,04 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən “HP Otto 15” markalı kompüter, “Bag Redline” kompüter çantası, “Mouse gaming”, “Windows 11 Home (All Languages)” almış, nəticədə ümumilikdə 506,04 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 2068,92 manat (yəni 18 ay x 114,94 manat + 0 manat ilkin ödəniş) olan “HP Otto 15” markalı kompüter, “Bag Redline” kompüter çantası, “Mouse gaming”, “Windows 11 Home (All Languages)” üçün ümumilikdə 506,04 manat olmaqla, ondan 460,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46 manat cərimə borcu yaranmışdır. Cavabdeh 07 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən “HP Otto 15” markalı kompüter, “Bag Redline” kompüter çantası, “Mouse gaming”, zəmanət + 2 il xidmətindən 14 noyabr 2023-cü il tarixində imtina etmiş və məhsul 1608,88 manat qiymətləndirilərək borcundan silinmişdir. Cavabdehin 07 noyabr 2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiyməti 1608,88 manat, ümumilikdə 1608,88 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 07 noyabr 2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən 26 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Qobustan Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2(026)-239/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmənin 26 may 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, həqiqətən də, kompüter almaq fikrində olmuş, bununla bağlı iddiaçının Şamaxı şəhərində yerləşən mağazasına getmiş, müvafiq kompüteri almaq məqsədilə sənədlərə imza da çəkmişdir. Lakin o, hələ mağazada olarkən telefon zəngi vasitəsilə ikinci əl kompüter almaq qərarına gələrək iddiaçıdan almaq istədiyi kompüterdən elə həmin gün mağazada olarkən imtina etmiş, həmin kompüteri satıcıdan ümumiyyətlə qəbul etməmişdir. Bundan sonra həmin kompüterə görə ona iddiaçı mağazadan hər hansı bir müraciət edilməmişdir. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək yenə də bildirdi ki, o, müqaviləni imzalamış olsa da, iddiaçıdan kompüteri qəbul etmədiyinə görə və elə həmin gün ondan imtina etdiyinə görə iddiaçının ona qarşı olan tələbi əsassızdır. Həmçinin qeyd etdi ki, həqiqətən də, məhsuldan imtina etdikdən bir müddət sonra iddiaçı mağazanın əməkdaşları ona zəng edərək kompüterə yüklənilmiş proqramlara görə təxminən 300 manat borcu qaldığını bildirmişdir. Lakin iddiaçı hazırda ondan 400 manatdan yuxarı borc məbləği tələb edir. O, iddianın təmin edilməməsini xahiş etdi. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməsi mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazı yoxdur, iddianı müdafiə edir və qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli, 02075297 nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (“Mouse gaming trust ziva/21512, Windows 11 Home (All Languages), Online kinoteatr megogo 6 ay, Bag Redline 15-6, Kaspersky Standart for PC 1P/1Y, Office Suite for Windows, HP Otto 15-FC0041Cİ (8K826EA), İT dəstək 6 ay, antivirusun quraşdırılması, Paket combomax, kompüterin ilkin quraşdırılması, əməliyyat sisteminin quraşdırılması, zəmanət + 2 il, ofis tətbiqlərinin quraşdırılması) 18 ay müddətinə hər ay 114,94 manat ödəniş edilməsi şərti ilə ümumilikdə 2068,92 manata nisyə satmışdır. Ödəniş cədvəlinin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Müqaviləyə əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 02075297 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır. Qobustan Rayon Məhkəməsinin sorğusuna cavab olaraq İddiaçı MMC-dən daxil olmuş 17 iyun 2025-ci il tarixli məktubda iddiaçı qeyd etmişdir ki, cavabdehlə bağlanmış 02075297 saylı, 07 noyabr 2023-cü il tarixli müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, “HP Otto 15-FC0041Cİ (8K826EA)” markalı noutbuku cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, “HP Otto 15-FC0041Cİ (8K826EA)” markalı noutbuk 07 noyabr 2023-cü il tarixində Cavabdeh satılmış, məhsul quraşdırılma və “Windows”un aktiv olunması üçün cavabdeh noutbuku mağazada saxlamış, yükləmələr yekunlaşdıqdan sonra müştəri ilə dəfələrlə əlaqə yaradılmış, cavabdeh imtina etdiyini və məhsulu istəmədiyini bildirmişdir. Müştəriyə izah olunmuşdur ki, fiziki məhsulları tam qaytarması mümkündür. “HP Otto 15-FC0041Cİ (8K826EA)” markalı noutbuk (1399,99 manat), “Mouse gaming trust ziva/21512” (21,97 manat), “Bag Redline 15-6” çanta (16,92 manat) cavabdeh tərəfindən tam qaytarılmışdır. Lakin kodlaşma və birdəfəlik “Windows”, digər proqramlar artıq noutbuka yüklənildiyi üçün geri qaytarılması mümkün deyil. Belə ki, xidmətin geri qaytarılması mümkün deyil. Məktuba müvafiq akt da əlavə olunmuşdur. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07 noyabr 2023-cü il tarixli müqavilə üzrə ödəniş etməmiş, məhsul qaytarıldıqdan sonra 1608,88 manat qiymət qoyularaq borcundan silinmişdir. Həmin müqavilə üzrə 460,04 manat ödənilməmiş hissə, 46 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 506,04 manat təşkil edir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 26 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 04 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh kompüteri iddiaçı mağazadan çıxarmadığını və ondan imtina etdiyini bildirmiş, bu hal iddiaçı tərəfindən də təsdiq olunmuşdur. Lakin 07 noyabr 2023-cü il tarixli, 02075297 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə görə cavabdeh tərəfindən yalnız fiziki mövcudluğu olan əşyalar deyil, həm də kompüterə yüklənilməsi istənilən bir sıra xidmətlər də alınmış, müqavilə üzrə bütün məhsulları tam qüsursuz halda təhvil aldığını cavabdeh də təsdiq etmişdir. “HP Otto 15-FC0041Cİ (8K826EA)” markalı noutbuk, “Mouse gaming trust ziva/21512”, “Bag Redline 15-6” çanta cavabdeh tərəfindən iddiaçıya qaytarılmış olsa da, müqavilə üzrə iddiaçının göstərdiyi və müqavilədə nəzərdə tutulan bir sıra xidmətlərin geri qaytarılması artıq mümkün deyil. Həmin birdəfəlik xidmətlərdən cavabdehin müqaviləni bağlaması səbəbindən onun mənafeyi üçün istifadə edildiyindən, eləcə də, cavabdehin müqavilə bağlandıqdan sonra fikrini dəyişərək başqa yerdə kompüter alması onu iddiaçının göstərdiyi xidmətlərin dəyərini ödəməkdən azad etmədiyindən, cavabdehin etirazları əsassızdır. Məhkəmə həmçinin baxış iclasında cavabdehin iddiaçı mağazanın əməkdaşlarının məhsuldan imtina etdikdən bir müddət sonra ona zəng edərək kompüterə yüklənilmiş proqramlara görə təxminən 300 manat borcunun qalmasını bildirdikləri, hazırda isə ondan 400 manatdan yuxarı borc tələb edildiyinə dair mülahizələri ilə bağlı isə qeyd edir ki, cavabdehin həmin etirazı əsaslı hesab oluna bilməz. Belə ki, məhkəmənin 26 may 2025ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh məhsuldan imtina etdikdən sonra həmin kompüterə görə ona iddiaçı mağazadan hər hansı bir müraciət edilmədiyini bildirsə də, iddiaçıdan sorğuya cavab olaraq daxil olmuş məktubdan sonra o, artıq əvvəl bildirdiyi fikirlərə zidd şəkildə ona müraciət edildiyini, lakin borcun təxminən 300 manat olduğunu qeyd etdiklərini bildirmişdir. Cavabdehin ifadəsindəki ziddiyyətlərə görə məhkəmə onun etirazını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 07 noyabr 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 460,04 manat məbləğində əsas borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, tələb olunan 46 manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, iddia təmin edilməli, 07 noyabr 2023-cü il tarixli, 02075297 nömrəli müqavilə üzrə 460,04 manat ödənilməmiş hissə, 46 manat cərimə olmaqla, cəmi 506,04 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 07 noyabr 2023-cü il tarixli, 02075297 nömrəli müqavilə üzrə 460,04 manat ödənilməmiş hissə, 46 manat cərimə olmaqla, cəmi 506,04 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-239/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-239/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver