Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-32/2025 22.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyul 2017-ci il tarixli, 1230-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 25 oktyabr 2024-cü il tarixə 8389 manat gecikdirilmiş borc, hesablanmış 11336,41 manat cərimə borcu və hüquqi yardımla bağlı 500 manat olmaqla, cəmi 20225,41 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2017-ci il tarixli, 1230-GL/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 25 oktyabr 2024-cü il tarixə 12 iyul 2017-ci il tarixli, 1230-GL/17 nömrəli müqavilə üzrə 8389 manat gecikdirilmiş borcu və hesablanmış 11336,41 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, həqiqətən də 2017-ci ildə "xxxx" ASC ilə lizinq müqaviləsi bağlayaraq kənd təsərrüfatı texnikasını lizinqə götürmüş və ödənişlər etməyə başlamışdır. Lakin 2019-2023-cü illər ərzində əvvəlcə pandemiya səbəbindən ödənişləri edə bilməmiş, daha sonra isə həmin müəssisənin ləğv olunması səbəbi ilə ödənişləri həyata keçirə bilməmişdir. Borcun indiyədək ödənilməmiş qalmasında onun təqsiri olmamışdır. Onun həqiqətən də lizinq müqaviləsi üzrə tələb olunan məbləğdə əsas borcu olsa da, hesab edir ki, iddiaçı orqan tərəfindən hesablanmış cərimə borcu əsassız olaraq şişirdilmişdir. Ona görə də iddianın qismən təmin olunmasını, ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. İddiaçının nümayəndəsi vəkil Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iclasın təyin edildiyi gün Sumqayıt Kommersiya Məhkəməsində məhkəmə iclasında iştirak etdiyini və hazırkı iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxış iclasında iştirakını zəruri edən əlavə araşdırma aparılması, əlavə sübutların təqdim edilməsi zərurəti yaranarsa, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bu kimi hallar yaranmazsa, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. O, işdə olan sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 12 iyul 2017-ci il tarixli, 1230-GL/17 nömrəli "xxxx" ASCyə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən və "xxxx" ASC-nin 20 iyul 2017-ci il tarixli əmrindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 830898 mühərrik nömrəli, ******* şassi nömrəli “Belarus-892” markalı traktoru lizinqə götürmüş, lizinq verən ümumi məbləği 11200 manat olan texnikanın ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İşdəki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 25 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh 12 iyul 2017-ci il tarixli, 1230-GL/17 nömrəli müqavilə üzrə 8389 manat gecikdirilmiş qalıq borcu və 11336,41 manat hesablanmış cərimə borcu yaranmışdır. İşdən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh 07 noyabr 2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçməsi qərara alınmışdır. İşin araşdırılması nəticəsində müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı 12 iyul 2017-ci il tarixli, 1230-GL/17 nömrəli müqaviləyə əsasən kənd təsərrüfatı texnikasını lizinqə götürmüş və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi şəkildə yerinə yetirməyərək, ödənilməmiş borcu qalmışdır. İddiaçı cavabdehin 12 iyul 2017-ci il tarixli, 1230-GL/17 nömrəli müqavilə üzrə 8389 manat gecikdirilmiş qalıq borcu və 11336,41 manat hesablanmış cərimə borcunun olduğunu bildirmişdir. Cavabdeh özü də lizinq müqaviləsi üzrə tələb olunan məbləğdə əsas borcunun qaldığını qəbul etmiş, lakin borcun ödənilməməsinin ondan asılı olmayan səbəblərdən irəli gəldiyini və cərimə məbləğinin əsassız şəkildə şişirdildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə hesab edir ki, bağlanmış lizinq müqaviləsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən, cavabdeh göstərilən ödənişləri, yəni lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş əsas borc məbləğini iddiaçının xeyrinə ödəməyə borcludur. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Qeyd edilənlərə görə, iddia tələbi gecikdirilmiş qalıq borc məbləğinə dair hissədə tam təmin edilməli, cavabdehdən lizinq müqaviləsi üzrə 8389 manat məbləğində gecikdirilmiş qalıq borc tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Hazırda iddiaçı cavabdehdən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə hesablanmış 11336,41 manat məbləğində cərimə borcunun tutulmasını tələb edir, tələbinin hüquqi əsası kimi isə MM-in 465.2-ci maddəsinə və bağlanmış müqavilənin 4.2ci bəndinə istinad edir, sübut olaraq isə maliyyə arayışını təqdim edir. Məhkəmə cərimə borcunu müəyyən edərkən mülki qanunvericiliyin vicdanlılıq prinsipini öndə tutaraq cavabdehin hazırkı maddi, əmlak vəziyyətini, həmçinin borcluya qarşı tələb hüququna malik olan kreditorun da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsipinə riayət etməsini, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamasını və s. diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cərimə borcu azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilən maddi hüquq normasının məzmunundan aydın olur ki, dəbbə pulu tələbi tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 12 iyul 2017-ci il tarixli, 1230- GL/17 nömrəli müqavilə üzrə hesablanmış 11336,41 manat məbləğində cərimənin 8389 manat məbləğində əsas borca mütənasib olmadığından azaldılaraq 850 manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətlidir. Odur ki, iddia tələbi cərimə borcuna dair hissədə qismən təmin edilməli, cavabdehdən müqavilə üzrə 850 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin sonuncu hissəsini isə hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pulun iddiaçının xeyrinə cavabdehdən tutulması təşkil edir. İşdə surəti olan sifarişçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə 19 sentyabr 2024-cü il tarixli, 1 nömrəli sazişdən görünür ki, həmin sazişə əsasən icraçı sifarişçinin adından məhkəmə-hüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün “vəkillərə etdikləri yardım üçün ödənilən xərc” kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan sifarişçiyə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür. İşdə surəti olan ******* nömrəli, 26 noyabr 2024-cü il tarixli vəkil orderindən görünür ki, Cavabdeh qarşı iş üzrə Qobustan Rayon Məhkəməsində aparılan icraat zamanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə 26 noyabr 2024-cü il tarixli, 2366 nömrəli müqavilə bağlanmışdır. İşdəki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, bu etibarnamə ilə Agentlik məhkəmə orqanlarında təmsilçiliklə bağlı müvafiq səlahiyyətləri 1 il müddətinə Nümayəndə həvalə etmişdir. İşdə surəti olan 23 dekabr 2024-cü il tarixli, FT24358KLXHJ nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-nin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində vəsait köçürülmüşdür. Köçürmənin əsası kimi Cavabdeh qarşı iş üzrə hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 5 saylı Vəkil Bürosu ilə bağlanmış 26 noyabr 2024-cü il tarixli, 2366 nömrəli müqavilə göstərilmişdir. Beləliklə, sözügedən sənədlərlə müəyyən edilir ki, iddiaçıya hüquqi yardımın göstərilməsinə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə 26 noyabr 2024-cü il tarixli, 2366 nömrəli müqavilə bağlanmış, iddiaçı tərəfindən Nümayəndə 26 aprel 2024-cü il tarixli etibarnamə verilmiş, məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə 19 sentyabr 2024-cü il tarixli, 1 nömrəli sazişə uyğun olaraq "xxxx" MMC-nin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa, iş materiallarından görünür ki, Nümayəndə iddiaçıya hüquqi yardımın göstərilməsi çərçivəsində iddia ərizəsinin tərtib edilərək imzalanması ilə yanaşı, həm də “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizələr vermiş, sübutlar təqdim etmişdir. Qeyd edilənlər onu göstərir ki, iddiaçıya hüquqi yardımın göstərilməsi ilə bağlı vəkil Nümayəndə tərəfindən müvafiq işlər görülmüşdür. MPM-in 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. MPM-in 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.5-ci və 115.0.6-cı maddələrinə görə, nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin yuxarıda müəyyən edilmiş hallarını və vəkilin göstərdiyi yardımın həcmini nəzərə alaraq belə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaiti ağlabatan hesab edilməli, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 12 iyul 2017-ci il tarixli, 1230-GL/17 nömrəli müqavilə üzrə 8389 manat məbləğində gecikdirilmiş qalıq borc və 850 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9239 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 iyul 2017-ci il tarixli, 1230-GL/17 nömrəli müqavilə üzrə 8389 manat məbləğində gecikdirilmiş qalıq borc və 850 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9239 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-32/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-32/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver