Məhkəmə qərarları › İş №e-2(026)-419/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-419/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-419/2025 28.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 28 fevral 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Apple İphone 16 Pro 128 GB Desert Titanium” markalı cihazın qalıq borcu 3010,19 manat borc məbləğinin və ödənilmiş 53 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında imzalanmış 28 fevral 2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3011,22 manat təşkil edən “Apple İphone 16 Pro 128 GB Desert Titanium” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 167,29 manat olmaqla, 18 ay müddətinə ********* nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda, müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq yalnız 2025-ci ilin aprel ayında 1 manat ödəniş etmişdir. Buna görə də hal-hazırda cavabdehin iddiaçıya olan borcu 3010,19 manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə, abonent tərəfindən ardıcıl 2 ay ərzində ödəniş edilmədikdə, abonentin mobil nömrəsi operator tərəfindən ikitərəfli blok olunur və bundan sonrakı 90 gün ərzində borc ödənilmədikdə qalıq borc məbləği bütövlükdə abonentin mobil nömrəsinin balansına borc kimi yüklənir. Müqavilənin 5.5.2-ci bəndinə görə, abonent bu müqavilə üzrə hər hansı öhdəliyini yerinə yetirmədikdə, operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər. Bununla bağlı cavabdehə 04 iyun 2025-ci il tarixdə bildirişpretenziya göndərilərək müqaviləyə xitam verildiyi bildirilmiş və borcun tam şəkildə ödənilməsi tələb olunmuşdur. Amma cavabdeh borcu ödəməmişdir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 13 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hazırda cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan operator İddiaçı MMC ilə abonent Cavabdeh arasında bağlanmış 28 fevral 2025-ci il tarixli, BKC/2025/2220006/226 nömrəli müqavilədən görünür ki, operator bu müqavilə ilə müəyyən olunan şərtlərlə “Apple İphone 16 Pro 128 GB Desert Titanium” markalı mobil telefonu və müvafiq xidmətləri abonentə təqdim etməyi, abonent isə müqavilədə qeyd olunan şərtlərlə malı və xidmətləri qəbul edib əvəzində razılaşdırılmış qiymətini operatora ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə hissəli satış qiyməti (tariflə birlikdə, ƏDV daxil) 3011,22 manat, aylıq ödəniş məbləği 167,29 manat təşkil edir. Malın hissəli satış qiymətini (tariflə birlikdə) 18 aylıq hissəyə bölünərək ödəniş qrafikinə uyğun olaraq hər ay operator tərəfindən abonentin ********* mobil telefon nömrəsinin balansından silinmə yolu ilə ödənilir. Abonent aylıq ödənişin edilməsi üçün öz mobil telefon nömrəsinin balansında yetərli vəsaitin saxlanmasını öhdəsinə götürür. Abonent bu müqavilə üzrə hər hansı bir öhdəliyini yerinə yetirmədikdə, operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər. Müqaviləyə hər hansı bir səbəbdən xitam verilməsi və ya müqavilənin qüvvədən düşməsi tərəfləri icra edilməmiş öhdəliklərdən azad etmir. İşdə surəti olan 12 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 28 fevral 2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3011,22 manat təşkil edən “Apple İphone 16 Pro 128 GB Desert Titanium” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 167,29 manat olmaqla, 18 ay müddətinə ********* nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda, yalnız 2025-ci ilin aprel ayında 1 manat ödəniş etmişdir. Buna görə də halhazırda borcu 3010,19 manat təşkil edir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 04 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 13 iyun 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 50,1 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə bu cür adlandırılmasa da, tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 3010,19 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, 28 fevral 2025-ci il tarixli, BKC/2025/2220006/226 nömrəli müqavilə üzrə 3010,19 manat məbləğində ödənilməmiş qalıq borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hazırda 53 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etsə də, iş materiallarından görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 53 manat deyil, 50,1 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini də nəzərə alan məhkəmə bildirir ki, dövlət rüsumuna dair hissədə iddia qismən təmin edilərək, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50,1 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 28 fevral 2025-ci il tarixli, BKC/2025/2220006/226 nömrəli müqavilə üzrə 3010,19 manat məbləğində ödənilməmiş qalıq borc və 50,1 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 fevral 2025-ci il tarixli, BKC/2025/2220006/226 nömrəli müqavilə üzrə 3010,19 manat məbləğində ödənilməmiş qalıq borc və 50,1 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar