Məhkəmə qərarları › İş №e-2(026)-435/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-435/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-435/2024 12.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 4144 manat məbləğində sığorta ödənişinin, 61,44 manat ödənilmiş ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC tərəfindən “əmlak sığortası qaydasında sığortalanmış "xxxx" MMCnin istifadəsində olan qeyri-yaşayış obyektinə yanğın hadisəsi nəticəsində zərər dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin 26 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-yə məxsus “Mothercare” adı altında fəaliyyət göstərən qeyri-yaşayış obyektində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”ın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Baş vermiş sığorta hadisəsinə görə ASC tərəfindən 4144 manat məbləğində sığorta ödənişi edilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş BB seriyalı 651451 saylı Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyekti "xxxx" Açıq Səhdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 26 may 2023-cü il tarixli 0313 saylı material üzrə cinayət işinin rədd edilməsi barədə qərarından görünür ki, 11 fevral 2023-cü il tarixdə saat 01 radələrində ünvan 1 ünvanında yerləşən Məmmədova Hicran Baxşəli qızına məxsus "xxxx" MMC-nin istifadəsində olan “Mothercare” adı altında fəaliyyət göstərən qeyriyaşayış obyektində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, "xxxx" MMC-nin 05 yanvar 2023-cü il tarixli əmrinə əsasən, ünvan 2 ünvanında yerləşən, "xxxx" MMC-nin istifadəsində olan "Mothercare” mağazasında yanğın təhlükəsizliyinə cavabdeh şəxs Cavabdeh təyin edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları" nın 6.1, 6.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Mağazada elektrik qurğuları müvafiq qaydalara və digər normativ sənədlərə uyğun quraşdırılıb istismar edilmədiyinə, elektrik aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmadığına, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları” nın 6.1, 6.2-ci bəndlərinin tələbləri mağazada yanğın təhlükəsizliyi cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. 24 avqust 2023-cü il tarixli CFİ-0021/2023, AKT525/23 saylı sığorta ödənişi ilə bağlı akta əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Məmmədova Hicran Baxşəli qızına 4144 manat məbləğində sığorta pulu ödənilməlidir. 25 avqust 2023-cü il tarixli dəymiş zərər məbləğinin razılaşdırılması barədə sazişdən görünür ki, ünvan 1 ünvanında yerləşən Məmmədova Hicran Baxşəli qızına məxsus qeyriyaşayış obyektində baş vermiş yanğın hadisəsini və daşınmaz əmlaka 4644 manat məbləğində zərər dəydiyi təsdiq olunmuşdur. "xxxx" ASC-in 00 iyul 2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4144 manat məbləğində sığorta ödənişi, 61,44 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqı alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4144 manat məbləğində sığorta ödənişi, 61,44 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqı alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar