Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-436/2025 29.09.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2016-cı il tarixli, 539-L/16 nömrəli müqavilə üzrə 4176 manat qalıq borc, 6651,76 manat cərimə borcu olmaqla, cəmi 10827,76 manat və 16 sentyabr 2016-cı il tarixli, 956-L/16 nömrəli müqavilə üzrə 1605 manat qalıq borc, 2012,87 manat cərimə borcu olmaqla, cəmi 3617,87 manat pul vəsaitinin cavabdehdən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə cavabdeh arasında bağlanılmış 28 iyun 2016-cı il tarixli, 539-L/16 nömrəli və 16 sentyabr 2016-cı il tarixli, 956-L/16 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 11 iyun 2025-ci il tarixə 28 iyun 2016-cı il tarixli, 539-L/16 nömrəli müqavilə üzrə 4176 manat gecikdirilmiş borcu və hesablanmış 6651,76 manat cərimə borcu olmaqla, cəmi 10827,76 manat və 16 sentyabr 2016-cı il tarixli, 956-L/16 nömrəli müqavilə üzrə 1605 manat gecikdirilmiş borcu və hesablanmış 2012,87 manat cərimə borcu olmaqla, cəmi 3617,87 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərə görə iştirak edə bilməyəcəklərini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 28 iyun 2016-cı il tarixli, 539-L/16 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən və 29 iyun 2016-cı il tarixli aktdan görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən “1 ədəd toxumtəmizləyən səyyar AGTTT-1 və 1 ədəd taxılyükləyən Agrional” lizinqə götürmüş, lizinq verən ümumi məbləği 15250 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Lizinq alan texnikaların dəyərindən 3050 manat məbləğini əvvəlcədən lizinqə verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb edir. İşdəki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 11 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh tərəfindən 28 iyun 2016-cı il tarixli, 539-L/16 nömrəli müqavilə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-2(085)-24/2019 saylı qətnaməsindən ödənilmiş 767 manat əsas borc məbləği daxil olmaqla, 3897 manat ödənilmiş, 6100 manat güzəşt tətbiq edilmişdir. Lizinq alanın qalıq borcu 4176 manat, hesablanmış cərimə borcu 6651,76 manat, cəmi 10827,76 manat təşkil edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-2(085)-24/2019 saylı qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 1077 manat qalıq borcdan çıxılaraq nəzərə alınmışdır. İşdə surəti olan lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli, 956-L/16 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən və 19 sentyabr 2016-cı il tarixli aktdan görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən “1 ədəd ağır diskli asılan mala” lizinqə götürmüş, lizinq verən ümumi məbləği 8250 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Lizinq alan texnikaların dəyərindən 1650 manat məbləğini əvvəlcədən lizinqə verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb edir. İşdəki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 11 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh tərəfindən 16 sentyabr 2016-cı il tarixli, 956-L/16 nömrəli müqavilə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-2(085)-24/2019 saylı qətnaməsindən ödənilmiş 233 manat əsas borc məbləği daxil olmaqla, 1883 manat ödənilmiş, 3300 manat güzəşt tətbiq edilmişdir. Lizinq alanın qalıq borcu 1605 manat, hesablanmış cərimə borcu 2012,87 manat, cəmi 3617,87 manat təşkil edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-2(085)-24/2019 saylı qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 1462 manat qalıq borcdan çıxılaraq nəzərə alınmışdır. 08 sentyabr 2025-ci ildə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək sonradan ödənilmiş 100 manat vəsaitin əvvəlki məhkəmə qətnaməsinə çıxılmasının nəzərə alındığı bildirilmiş və ərizəyə 08 sentyabr 2025-ci il tarixli maliyyə arayışı əlavə edilmişdir. Həmin maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh tərəfindən 16 sentyabr 2016-cı il tarixli, 956-L/16 nömrəli müqavilə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-2(085)-24/2019 saylı qətnaməsindən ödənilmiş 333 manat əsas borc məbləği daxil olmaqla, 1983 manat ödənilmiş, 3300 manat güzəşt tətbiq edilmişdir. Lizinq alanın qalıq borcu 1605 manat, hesablanmış cərimə borcu 2012,87 manat, cəmi 3617,87 manat təşkil edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2- 2(085)-24/2019 saylı qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 1362 manat qalıq borcdan çıxılaraq nəzərə alınmışdır. İşdən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh 12 iyun 2025-ci il tarixli pretenziya məktubu göndərilmişdir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçməsi qərara alınmışdır. İşin araşdırılması nəticəsində müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı 28 iyun 2016-cı il tarixli, 539-L/16 nömrəli və 16 sentyabr 2016-cı il tarixli, 956- L/16 nömrəli müqavilələrə əsasən kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş və müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi şəkildə yerinə yetirməyərək, ödənilməmiş borcu qalmışdır. İddiaçı cavabdehin 28 iyun 2016-cı il tarixli, 539-L/16 nömrəli müqavilə üzrə 4176 manat gecikdirilmiş borcu və 6651,76 manat hesablanmış cərimə borcunun, 16 sentyabr 2016-cı il tarixli, 956-L/16 nömrəli müqavilə üzrə isə 1605 manat gecikdirilmiş borcu və 2012,87 manat hesablanmış cərimə borcunun olduğunu bildirmişdir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək, iddia tələbinə qarşı hər hansı bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə hesab edir ki, bağlanmış lizinq müqavilələrinə əsasən, Cavabdeh müqavilə üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən, cavabdeh göstərilən ödənişləri, yəni lizinq müqavilələri üzrə nəzərdə tutulmuş əsas borc məbləğlərini iddiaçının xeyrinə ödəməyə borcludur. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Qeyd edilənlərə görə, iddia tələbi gecikdirilmiş borc məbləğlərinə dair hissədə tam təmin edilməli, cavabdehdən 28 iyun 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 4176 manat məbləğində, 16 sentyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 1605 manat məbləğində gecikdirilmiş borc tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Hazırda iddiaçı cavabdehdən ödənişlərin gecikdirilməsinə görə 28 iyun 2016-cı il tarixli müqavilə üzrə hesablanmış 6651,76 manat məbləğində cərimə borcunun, 16 sentyabr 2016-cı il tarixli müqavilə üzrə hesablanmış 2012,87 manat məbləğində cərimə borcunun tutulmasını tələb edir, tələbinin hüquqi əsası kimi isə MM-in 465.2-ci maddəsinə və bağlanmış müqavilələrin 4.2-ci bəndinə istinad edir, sübut olaraq isə maliyyə arayışını təqdim edir. Məhkəmə cərimə borcunu müəyyən edərkən mülki qanunvericiliyin vicdanlılıq prinsipini öndə tutaraq cavabdehin hazırkı maddi, əmlak vəziyyətini, həmçinin borcluya qarşı tələb hüququna malik olan kreditorun da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsipinə riayət etməsini, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamasını və s. diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cərimə borcu azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilən maddi hüquq normasının məzmunundan aydın olur ki, dəbbə pulu tələbi tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 28 iyun 2016-cı il tarixli müqavilə üzrə hesablanmış 6651,76 manat məbləğində cərimənin 4176 manat məbləğində əsas borca mütənasib olmadığından azaldılaraq 400 manat məbləğində, 16 sentyabr 2016-cı il tarixli müqavilə üzrə hesablanmış 2012,87 manat məbləğində cərimənin 1605 manat məbləğində əsas borca mütənasib olmadığından azaldılaraq 150 manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətlidir. Odur ki, iddia tələbi cərimə borcuna dair hissədə qismən təmin edilməli, cavabdehdən 28 iyun 2016-cı il tarixli müqavilə üzrə 400 manat məbləğində cərimə borcu, 16 sentyabr 2016-cı il tarixli müqavilə üzrə 150 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 28 iyun 2016-cı il tarixli müqavilə üzrə 4176 manat məbləğində gecikdirilmiş borc, 400 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4576 manat və 16 sentyabr 2016-cı il tarixli müqavilə üzrə 1605 manat məbləğində gecikdirilmiş borc, 150 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1755 manat, ümumilikdə isə 6331 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 iyun 2016-cı il tarixli müqavilə üzrə 4176 manat məbləğində gecikdirilmiş borc, 400 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4576 manat və 16 sentyabr 2016-cı il tarixli müqavilə üzrə 1605 manat məbləğində gecikdirilmiş borc, 150 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1755 manat, ümumilikdə isə 6331 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-436/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-436/2025
29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver