Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-449/2025 25.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2016-cı il tarixli, 2238-GL/16 nömrəli müqavilə üzrə 6120 manat qalıq borc, 12219,39 manat cərimə borcu olmaqla, cəmi 18339,39 manat pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2016-cı il tarixli, 2238-GL/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərti ilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 05 iyun 2025-ci il tarixə 18 oktyabr 2016-cı il tarixli, 2238-GL/16 nömrəli müqavilə üzrə 6120 manat qalıq borcu, 12219,39 manat cərimə borcu olmaqla, cəmi 18339,39 manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh bildirdi ki, o, həqiqətən də "xxxx" ASC-dən texnikanı (diski) 3000 manat ilkin ödəniş edərək lizinqə götürmüş, həmin texnikanı qardaşının istifadəsinə vermişdir. Lakin qardaşı ondan yararlana bilməmiş, həmin texnika onun traktoruna zərər vurmuşdur. Buna görə də o, texnikanı geri qaytarmaqla bağlı dəfələrlə lizinq şirkətinə müraciət etsə də, əvvəlcə ona texnikanı götürəcəklərini, daha sonra isə lizinq şirkətinin ləğv edildiyini bildirmişlər. Lakin o, həqiqətən də lizinq şirkətinə müraciət etməsi barədə sübut təqdim edə bilmir. O, həmin lizinq müqaviləsi üzrə hər hansı ödəniş etməmişdir və əsas borcun məbləği ilə razılaşır. Həmçinin qeyd etdi ki, tələb olunan cərimə məbləğinin əsassız şişirdildiyini hesab edir. Xahiş edir ki, iddia tələbi qismən təmin edilsin və hesablanmış cərimə borcu silinsin. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edib məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 18 oktyabr 2016-cı il tarixli, 2238-GL/16 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən “Mala-ağır diskli (24-lü hidravlik), Megastar PGD-B24” texnikanı lizinqə götürmüş, lizinq verən ümumi məbləği 6120 manat olan texnikanın ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Ödəniş qrafikinə əsasən müqavilə üzrə sonuncu ödəniş tarixi kimi 30 sentyabr 2022-ci il müəyyən edilmişdir. Sözügedən texnikanın lizinq alana təhvil verilməsi barədə 05 oktyabr 2016-cı il tarixli, 247 nömrəli akt tərtib edilmişdir. İşdəki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 05 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh 18 oktyabr 2016-cı il tarixli, 2238-GL/16 nömrəli müqavilə üzrə 6120 manat gecikdirilmiş qalıq borcu və 12219,39 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 18339,39 manat borcu yaranmışdır. İşdən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh 05 iyun 2025-ci il tarixli pretenziya məktubu göndərilmişdir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçməsi qərara alınmışdır. İşin araşdırılması nəticəsində müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı 18 oktyabr 2016-cı il tarixli, 2238-GL/16 nömrəli müqaviləyə əsasən kənd təsərrüfatı texnikasını lizinqə götürmüş və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, ödənilməmiş borcu qalmışdır. İddiaçı cavabdehin 18 oktyabr 2016-cı il tarixli, 2238-GL/16 nömrəli müqavilə üzrə 6120 manat gecikdirilmiş qalıq borcu və 12219,39 manat hesablanmış cərimə borcunun olduğunu bildirmişdir. Cavabdeh özü də lizinq müqaviləsi üzrə tələb olunan məbləğdə əsas borcunun qaldığını qəbul etmiş, lakin cərimə məbləğinin əsassız şəkildə şişirdildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə hesab edir ki, bağlanmış lizinq müqaviləsinə əsasən Cavabdeh həmin müqavilə üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən cavabdeh göstərilən ödənişləri, yəni lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş əsas borc məbləğini iddiaçının xeyrinə ödəməyə borcludur. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və nəzərə alsaq ki, iddiaçı lizinqə verilmiş texnikanın geri qaytarılması barədə tələb irəli sürməmişdir, onda lizinq müqaviləsi üzrə lizinq obyektinin dəyəri kimi nəzərdə tutulmuş 6120 manat məbləğində pulun cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır. Qeyd edilənlərə görə, iddia tələbi gecikdirilmiş qalıq borc məbləğinə dair hissədə tam təmin edilməli, cavabdehdən lizinq müqaviləsi üzrə 6120 manat məbləğində gecikdirilmiş qalıq borc tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Hazırda iddiaçı cavabdehdən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12219,39 manat məbləğində cərimə borcunun tutulmasını tələb edir, tələbinin hüquqi əsası kimi isə MM-in 465.2-ci maddəsinə və bağlanmış müqavilənin 4.2ci bəndinə istinad edir, sübut olaraq isə maliyyə arayışını təqdim edir. Məhkəmə cərimə borcunu müəyyən edərkən mülki qanunvericiliyin vicdanlılıq prinsipini öndə tutaraq cavabdehin hazırkı maddi, əmlak vəziyyətini, həmçinin borcluya qarşı tələb hüququna malik olan kreditorun da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsipinə riayət etməsini, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamasını və s. diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cərimə borcu azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilən maddi hüquq normasının məzmunundan aydın olur ki, dəbbə pulu tələbi tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 18 oktyabr 2016-cı il tarixli, 2238-GL/16 nömrəli müqavilə üzrə hesablanmış 12219,39 manat məbləğində cərimənin 6120 manat məbləğində əsas borca mütənasib olmadığından azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətlidir. Odur ki, iddia tələbi cərimə borcuna dair hissədə qismən təmin edilməli, cavabdehdən müqavilə üzrə 500 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməli, cərimə borcuna dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 18 oktyabr 2016-cı il tarixli, 2238-GL/16 nömrəli müqavilə üzrə 6120 manat məbləğində gecikdirilmiş qalıq borc və 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6620 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 oktyabr 2016-cı il tarixli, 2238-GL/16 nömrəli müqavilə üzrə 6120 manat məbləğində gecikdirilmiş qalıq borc və 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6620 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-449/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-449/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver