Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-565/2024 25.11.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Mercedes Benz C220 CDİ” markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobil 24 dekabr 2021-ci ildən 24 dekabr 2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 24 dekabr 2021-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci ilin fevralın 21-də Cavabdeh idarə etdiyi “Mercedes Benz C220 CDİ” markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova ilə Z.Xəlilov küçələrinin kəsişməsində “Volkswagen Polo” markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Yasamal DYPŞ-nin 22 mart 2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə), 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi inzibati xəta haqqında qərar ilə müəyyən edilərək təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən 17 mart 2022-ci il tarixdə verilmiş 396 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Volkswagen Polo” markalı, **- RY-*** dövlət nömrə nişanlı avtomobilə 300 manat zərər dəymişdir. İddiaçı 08 aprel 2022ci ildə 300 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X4 ödəmişdir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 21 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdəki icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 24 dekabr 2021-ci il tarixdən qüvvəyə minən və 1 il müddətinə bağlanılan PXA ********** seriya nömrəli müqavilə üzrə sığortaçı "xxxx" ASC, sığortalı X5, avtonəqliyyat vasitəsi “Mercedes Benz C220 CDİ” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeyd edilmiş, sığorta məbləği 5000 manat nəzərdə tutulmuşdur. İşdəki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, Yasamal rayon DYPŞ bildirir ki, 21 fevral 2022-ci il tarixdə, saat 08:55 dəqiqədə yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, X3 məxsus olan “Mercedes Benz C220 CDİ” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 mülkiyyətində olan və onun tərəfindən idarə olunan “Volkswagen Polo” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İşdə surəti olan Yasamal rayon DYPŞ-nin 22 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 21 fevral 2022-ci ildə saat 08:55-də “Mercedes Benz C220 CDİ” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə onun barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qərara alınmışdır. İşdə surəti olan "xxxx" MMC tərəfindən verilmiş “Volkswagen Polo” markalı, **-RY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid 17 mart 2022-ci il tarixli, 396 nömrəli qüsur aktından görünür ki, həmin avtomobilə ümumilikdə 300 manat məbləğində zərər dəymişdir. İşdəki "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA106986 nömrəli sığorta aktının surətindən görünür ki, 21 fevral 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə X2 300 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İşdə surəti olan sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından və cari hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən X2 məxsus hesaba 08 aprel 2022-ci ildə 300 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdəki 21 oktyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı sığorta şirkəti sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən hazırkı halda Mülki Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Cavabdeh barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan onun törətdiyi müəyyən olunan İXM-in 332.1-ci, 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalardan göründüyü kimi, cavabdehin hadisə zamanı sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, eyni zamanda, o, hadisə yerindən yayınmışdır. İddiaçı isə onda sığortalanmış nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə zərərçəkmiş şəxsə 300 manat məbləğində sığorta ödənişi etmiş, bununla bağlı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etmişdir. Bu baxımdan məhkəmə bildirir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü və 63.1-ci maddələrinin tələbinə görə cavabdehdən icra edilmiş 300 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 300 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 300 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-565/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-565/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver