Məhkəmə qərarları › İş №e-2(026)-620/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-620/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-620/2025 01.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1335 manat məbləğində pulun və ödənilmiş 33,35 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 17 may 2022-ci il tarixdə WP0090 saylı nisyə alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 1 ədəd 225 manat dəyərində “Borçalı təkli çarpayı bazasız”, 1 ədəd 908 manat dəyərində “Favori künc divan tək yerli”, 1 ədəd 254 manat dəyərində “Chanel masa açılan”, 1 ədəd 393 manat dəyərində “Chanel vitrin iki qapı”, 1 ədəd 1646 manat dəyərində “Chanel yataq dəsti”, 1 ədəd 44 manat dəyərində “Nərgiz pufik (krem)”, 1 ədəd 121 manat dəyərində “Roza dairəvi puf”, 1 ədəd 78 manat dəyərində “Araz stul (krem)” və 1 ədəd 203 manat dəyərində “Yuxu döşək” sifariş vermiş və ümumilikdə 4262 manat dəyərində olan malı təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Almış olduğu məhsul üçün ilkin ödəniş etdikdən sonra, 18 ay müddətinə hər ay 209 manat ödənilməli olsa da, müqavilədə qeyd edilən müddətdən xeyli keçməsinə baxmayaraq, cavabdeh hələ də iddiaçıya 1335 manat borclu qalmışdır. Cavabdehə borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırır. İddiaçı "xxxx" MMC 28 iyul 1994-cü il tarixdə kommersiya qurumu kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 15 sentyabr 2016-cı il tarixli Çıxarışa əsasən X1 "xxxx" MMCnin qanuni təmsilçisidir. Hal-hazırda "xxxx" MMC ********** saylı VÖEN-ə əsasən fəaliyyət göstərir. "xxxx" MMC “Woodpecker” ticarət nişanı ilə mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur. Beləliklə, "xxxx" MMC ilə cavabdeh arasında yaranmış mübahisə 17 may 2022-ci il tarixli, WP0090 saylı alğı-satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən, tərəflər arasında danışıqlar heç bir nəticə vermədiyindən, məhkəmə predmetinə çevrilmişdir. Çünki cavabdeh qarşılıqlı razılıq əsasında imzaladığı müqavilənin şərtlərini pozmaqla yanaşı, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinin də tələblərini pozmuşdur. İddiaçı tərəf 30 oktyabr 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə öz nümayəndəsinin iddia ərizəsi ilə eyni məzmunda olan yazılı çıxışını təqdim etmişdir. Məhkəmənin 03 noyabr 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, o, həqiqətən də, iddiaçı MMC-dən 17 may 2022ci il tarixli nisyə alğı-satqı müqaviləsi əsasında bir sıra əşyaları nisyə olaraq almışdır. Əvvəllər ödənişlərini etsə də, sonradan işdən çıxdığına görə ödənişlərini edə bilməmişdir. Həmçinin onun evində xəstə ailə üzvü var. Buna görə də onun iddiaçıya ödənilməmiş 1335 manat məbləğində borcu qalmışdır. Lakin o, yaxın müddətdə yeni işə girmişdir və iddiaçıya olan borcunu ödəyəcəkdir. Məhkəmənin baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmələrinin mümkün olmadığını və iddianı müdafiə etdiklərini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 17 may 2022-ci il tarixli, WP0090 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən malları (1 ədəd 225 manat dəyərində “Borçalı təkli çarpayı bazasız”, 1 ədəd 908 manat dəyərində “Favori künc divan tək yerli”, 1 ədəd 254 manat dəyərində “Chanel masa açılan”, 1 ədəd 393 manat dəyərində “Chanel vitrin iki qapı”, 1 ədəd 1646 manat dəyərində “Chanel yataq dəsti”, 1 ədəd 44 manat dəyərində “Nərgiz pufik (krem)”, 1 ədəd 121 manat dəyərində “Roza dairəvi puf”, 1 ədəd 78 manat dəyərində “Araz stul (krem)” və 1 ədəd 203 manat dəyərində “Yuxu döşək”) satır, alıcı isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. Satıcı bu müqaviləyə əsasən dəyəri 4262 manat olan malı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 500 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada (hər ay 209 manat olmaqla 18 ay müddətinə) pul məbləğini ödəməyi öhdəsinə götürür. Müqaviləyə əlavə edilmiş 17 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, alıcıya nisyə satılmış əşyalar onun tərəfindən qəbul edilmişdir. İşdə surəti olan "xxxx" MMC-nin 10 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 1335 manat əsas borc və ödənilmiş 33,35 manat dövlət rüsumu borcu mövcuddur. İşdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 17 sentyabr 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 33,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin həmin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları və cavabdehin iddianı qəbul etməsi ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 17 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçının cavabdehə 4262 manat məbləğində əşya satması, cavabdehin iddiaçıya ödənilməmiş 1335 manat məbləğində əsas borcunun qalması öz təsdiqini tapdığından və cavabdeh də məhkəmənin hazırlıq iclasında iştirak edərkən iddia tələbini qəbul etdiyini bildirdiyindən, iddia təmin edilməli, 17 may 2022-ci il tarixli, WP0090 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1335 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 33,35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 17 may 2022-ci il tarixli, WP0090 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1335 manat məbləğində əsas borc və hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 33,35 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar