Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-650/2025 26.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 765 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 795 manat pulun iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən PQA********** saylı sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Volvo BL 61B” markalı, 30T370 dövlət qeydiyyat nişanlı traktor Cavabdeh tərəfindən idarə olunarkən 08 may 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Tucson” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Tucson” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 765 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Qaradağ RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin iddiaçıya təqdim etdiyi 31 may 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri DTNM tərəfindən Cavabdeh adına 22 iyun 2016-cı il tarixində verilmiş AB008708 nömrəli traktorçu-maşınçı vəsiqəsi ilə ekskavator-yükləyicinin idarə edilməsi qeyri-qanunidir. İddiaçı tərəfindən 15 oktyabr 2025-ci il tarixli məktubla cavabdehə qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bugünədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Qobustan Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, e-2(026)-650/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh bildirdi ki, ona verilmiş traktorçumaşınçı vəsiqəsi ilə traktoru sığorta olunduğuna görə onu idarə etmək hüququna malik olduğunu düşünmüş, onu idarə etmək hüququnun olmadığını bilməmişdir. Həmçinin qeyd etdi ki, iddiaçı tərəfindən tələb olunan 765 manat məbləğində pulun 300 manat hissəsini qəzadan bir müddət sonra özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim etmiş şəxsin şəxsi kart hesabına köçürmüşdür, qalan məbləği də iddiaçıya ödəyəcəkdir. O, 300 manat ödənişin edilməsi barədə hər hansı sübutunun olub-olmaması barədə verilmiş suala cavab olaraq bildirdi ki, həqiqətən də, özünü iddiaçının əməkdaşı kimi təqdim edən şəxsin şəxsi kart hesabına 300 manat məbləğində pul köçürsə də, bununla bağlı hazırda hər hansı qəbz təqdim edə bilmir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında nümayəndəsinin iştirak edə bilməyəcəyini bildirmiş, baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki PQA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, 06 avqust 2019-cu il tarixdən qüvvəyə minən və 1 il müddətinə bağlanılan müqavilə üzrə sığortaçı kimi "xxxx" ASC, sığortalı kimi Cavabdeh, avtonəqliyyat vasitəsi kimi “Volvo BL 61B” markalı, 37T370 dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsi qeyd edilmiş, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat nəzərdə tutulmuşdur. İşdəki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, Qaradağ RPİ DYPŞ bildirir ki, 08 may 2020-ci il tarixdə Lökbatan qəsəbəsi, Nizami küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, özünə məxsus olan “Volvo” markalı, 37T370 dövlət qeydiyyat nişanlı traktoru idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 mülkiyyətində olan və onun tərəfindən idarə olunan “Hyundai Tucson” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İşdə surəti olan 08 may 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 08 may 2020-ci ildə 37T370 dövlət qeydiyyat nişanlı, “Volvo” ekskavator markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, inzibati xəta nəticəsində X2 maddi ziyan vurulmuşdur. İşdə surəti olan Qaradağ RPİ DYPŞ-nin 08 may 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 08 may 2020-ci il tarixli, AP ******* nömrəli protokola əsasən Lökbatan qəsəbəsi, Nizami küçəsində sola manevr edərək manevr qaydasını pozmuş Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə onun barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qərara alınmışdır. İşdə surəti olan AZ 005638 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 37T370 dövlət qeydiyyat nişanlı, “Volvo BL 61B” markalı ekskavator-yükləyicinin sahibi Cavabdehdur. İşdə surəti olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin "xxxx" ASC-nin 18 may 2020-ci il tarixli sorğu məktubuna cavab olaraq ona göndərdiyi 31 may 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 30 may 2012-ci il tarixli, 05/2012-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında” Təlimata əsasən texnika sürücüsünün yalnız vəsiqədə qarşısında icazə verilən kateqoriyalı texnikaları idarə etmək hüququ vardır: 1) “T” – təkərli traktorları, 14 KN / 1,4 d.g/ sinfinə kimi; 2) “TK” – təkərli traktorları, 14 KN / 1,4 d.g/ sinfindən yuxarı; 3) “TT” – tırtıllı traktorlar; 4) “H” – mexaniki transmissiyalı özüyeriyən maşınlar; 5) “HT” – hidrostatik transmissiyalı özüyeriyən maşınlar; 6) “HK” – meliorasiya və yol-tikinti maşınlar, o cümlədən ekskavatorlar. Odur ki, Sumqayıt şəhəri DTNM tərəfindən Cavabdeh adına 22 iyun 2016-cı il tarixində verilmiş AB 008708 nömrəli traktorçu-maşınçı vəsiqəsi ilə ekskavator-yükləyicinin idarə edilməsi qeyri-qanuni hesab edilir. İşdə surəti olan Cavabdeh adına verilmiş AB 008708 nömrəli traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh “HK” kateqoriyalı, yəni meliorasiya və yol-tikinti maşınlarını, o cümlədən ekskavatorları idarə etmək hüququ olmamışdır. İşdə surəti olan AC 000256 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Tucson” markalı nəqliyyat vasitəsinin sahibi X3r. İşdə surəti olan 13 may 2020-ci il tarixli, 0669/20 nömrəli qiymətləndirmə aktından görünür ki, **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Tucson” markalı nəqliyyat vasitəsinə ümumilikdə 765 manat məbləğində zərər dəymişdir. İşdəki "xxxx" ASC tərəfindən tərtib edilmiş 20 may 2025-ci il tarixli sığorta aktının surətindən görünür ki, 08 may 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus olan “Volvo BL 61B” markalı, 37T370 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşma zamanı X2 məxsus olan “Hyundai Tucson” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə X2 765 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İşdəki 21 may 2020-ci il tarixli, 184585 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına CM0660/20 saylı akt əsasında 765 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 15 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdəki 24 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı sığorta müqaviləsi üzrə öhdəliyini icra etmiş, yəni 765 manat məbləğində sığorta ödənişini həyata keçirmiş və subroqasiya hüququndan istifadə edərək hazırkı iş üzrə iddianı vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi baş verən zaman iddiaçıda sığortalanmış “Volvo BL 61B” markalı, 37T370 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (ekskavator-yükləyicini) idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Eyni zamanda, işdə surəti olan Cavabdeh məxsus sürücülük vəsiqəsindən və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin "xxxx" ASC-nin 18 may 2020-ci il tarixli sorğu məktubuna cavab olaraq ona göndərdiyi 31 may 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh “HK” kateqoriyalı, yəni meliorasiya və yol-tikinti maşınlarını, o cümlədən ekskavatorları idarə etmək hüququ olmamış, onun həmin vəsiqə əsasında bu cür nəqliyyat vasitəsini idarə etməsi qanuni olmamışdır. Qeyd edilənlər onu göstərir ki, sığorta hadisəsi baş verən zaman cavabdehin sığortalı avtomobili idarə etmək hüququ olmamış və onun təqsiri ucbatından digər avtomobilə zərər vurulmuş, buna görə də iddiaçı ümumilikdə 765 manat məbləğində sığorta ödənişi etməli olmuşdur. İddiaçı onda sığortalanmış nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə zərərçəkmiş şəxsə 765 manat məbləğində sığorta ödənişi etmiş, bununla bağlı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etmişdir. Bu baxımdan məhkəmə bildirir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə Cavabdeh icra edilmiş 765 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən hazırkı iş üzrə iddiaçının subroqasiya hüququ cavabdehin icbari sığorta müqaviləsində göstərilən “Volvo BL 61B” markalı, 37T370 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadığı halda yarana bilər. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi isə cavabdehin yolnəqliyyat hadisəsinin baş verdiyi zaman həmin sığortalanmış nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük hüququ olmamışdır. Qeyd edilənlər iddiaçının cavabdehə qarşı “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə uyğun subroqasiya hüququnun yarandığını təsdiq edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə öz münasibətini bildirərkən qeyd etmişdir ki, ona verilmiş traktorçu-maşınçı vəsiqəsi ilə traktoru sığorta olunduğuna görə onu idarə etmək hüququna malik olduğunu düşünmüş, onu idarə etmək hüququnun olmadığını bilməmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir və bildirir ki, “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Həmin Qanunun 53.4-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Qeyd edilən normalar onu deməyə əsas verir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisinin sığorta şirkəti ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsini bağlaya bilməsi heç də onun həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malik olduğunu göstərən hal kimi çıxış etmir. Bu halda o, yalnız mülkiyyətində olan avtonəqliyyat vasitəsinin sahibinin (bu özü və digər şəxslər də ola bilər) mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyir və sığorta müqaviləsinin tərəfi olur. Bundan başqa, cavabdeh qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb olunan 765 manat məbləğində pulun 300 manat hissəsini qəzadan bir müddət sonra özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim etmiş şəxsin şəxsi kart hesabına köçürmüşdür, qalan məbləği də iddiaçıya ödəyəcəkdir. O, 300 manat ödənişin edilməsi barədə hər hansı sübutunun olub-olmaması barədə verilmiş suala cavab olaraq bildirmişdir ki, həqiqətən də, özünü iddiaçının əməkdaşı kimi təqdim etmiş şəxsin şəxsi kart hesabına 300 manat məbləğində pul köçürsə də, bununla bağlı hazırda hər hansı qəbz təqdim edə bilmir. Məhkəmə cavabdehin bu dəlilini də əsassız sayır və MPM-in 77.1-ci maddəsinə uyğun olaraq bildirir ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi həmin halı sübuta yetirmək vəzifəsi daşıyır. Lakin cavabdeh iddiaçıya 300 manat məbləğində ödəniş edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmiş, özünün sübutetmə vəzifəsini icra etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 765 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 765 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 765 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-650/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-650/2025
26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver