Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-8/2025 07.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və lizinq obyektinin geri qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 30235,92 manat borcun, 430 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin, dövlət rüsumu olaraq ödənilən 182 manat məbləğin ödənilməsi və lizinq obyekti olan “BMW 528 Xİ” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə iddiaçı "xxxx" MMC-nin xeyrinə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təşkilat arasında 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı 36 ay müddətli daxili maliyyə lizinqi müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “BMW 528 Xİ” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Artıq on aydan çoxdur ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdeh müqavilə müddəti ərzində 5450 manat ödəniş etmişdir. Cavabdehin 16 avqust 2024-cü il tarixinə olan əsas borcu 22902,41 manat, faiz borcu 6692,55 manat, cərimə borcu 640,96 manat, cəmi 30235,92 manat təşkil edir. Avtomobil istifadədə olarkən 430 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq alanın lizinq obyektini saz vəziyyətdə saxlamaq və müqavilənin şərtləri pozulacağı təqdirdə təşkilata qaytarmaq öhdəliyi vardır. Qobustan Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(026)-444/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 19 fevral 2025-ci il tarixli, 9/9943 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı daxili maliyyə lizinqi müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən 29 mart 2024-cü il tarixə əsas borc üzrə 23232,19 manat, faiz borcu üzrə 5680,41 manat; 16 avqust 2024-cü il tarixə əsas borc üzrə 23232,19 manat, faiz borcu üzrə 8863,22 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Qobustan Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(026)-8/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə iclası 07 aprel 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" MMC sonuncu məhkəmə baxış iclası zamanı – 07 aprel 2025-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin həmin ərizə məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan BB327732 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW 528 Xİ” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İşdə surəti olan lizinq verən "xxxx" MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyektini (“BMW 528 Xİ” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, sedan tipli, boz metallik rəngli nəqliyyat vasitəsi) lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavəyə (lizinq ödənişləri cədvəli) müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. Lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür. Bu müqavilənin imzalandığı və lizinq obyekti lizinq alana təhvil aktına əsasən təhvil verildiyi gündən qüvvəyə minir. Lizinq obyekti 36 ay müddətinə lizinqə verilir. Lizinq obyektinin qiyməti və lizinq məbləği 25000 manat təşkil edir. Lizinq müqaviləsi üzrə mükafat məbləği illik 36 faiz dərəcəsi ilə hesablanır. Müqavilənin 7.4.1-ci bəndinə görə, müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyektini lizinq alanın mülkiyyətinə vermək lizinq verənin vəzifəsi kimi müəyyən edilmişdir. İşdə surəti olan 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı daxili maliyyə lizinqi müqaviləsinə əlavə edilmiş 24 fevral 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan “BMW 528 Xİ” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, sedan tipli, boz metallik rəngli nəqliyyat vasitəsi lizinq alan Cavabdeh təhvil verilmişdir. İşdə surəti olan 16 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 24 fevral 2023-cü il tarixli, İF/06085 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan Cavabdeh lizinq verən "xxxx" MMC-yə olan borcu aşağıdakı kimidir: 22902,41 manat əsas borc, 6692,55 manat faiz borcu, 640,96 manat cərimə borcu, 30235,92 manat cəmi borc. İşdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 29 mart 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.3-cü maddəsinə əsasən, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. MM-in 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:
1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;
2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə;
3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;
4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 36 ay müddətinə olmaqla 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, lizinq obyekti olan “BMW 528 Xİ” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, sedan tipli, boz metallik rəngli nəqliyyat vasitəsi cavabdehə lizinqə verilmiş, lizinq obyektinin qiymətinin və lizinq məbləğinin 25000 manat təşkil etməsi və lizinq müqaviləsi üzrə mükafat məbləğinin illik 36 faiz dərəcəsi ilə hesablanması, eləcə də, müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyektini lizinq alanın mülkiyyətinə vermək lizinq verənin vəzifəsi kimi müəyyən edilmişdir. Lakin cavabdeh sonradan həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, iddiaçı da bu səbəblə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə əsas borc 22902,41 manat, faiz borcu 6692,55 manat, cərimə borcu 640,96 manat olmaqla, cəmi 30235,92 manat borcun, 430 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin, dövlət rüsumu olaraq ödənilən 182 manat məbləğin ödənilməsi və lizinq obyektinin geri qaytarılması barədə iddiaçının xeyrinə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, bağlanmış lizinq müqaviləsinə əsasən, cavabdeh həmin müqavilə üzrə lizinq obyektinə dair hüquqlara malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən, cavabdeh göstərilən ödənişləri, yəni lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş əsas və faiz borcu məbləğini iddiaçının xeyrinə ödəməyə borcludur. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən tələb olunan lizinq müqaviləsi üzrə əsas və faiz borcu məbləğlərinin düzgünlüyünü müəyyənləşdirmək məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizasının rəyinin alınmasını təmin etmişdir. İşdəki 19 fevral 2025-ci il tarixli, 9/9943 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı daxili maliyyə lizinqi müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən 29 mart 2024-cü il tarixə əsas borc üzrə 23232,19 manat, faiz borcu üzrə 5680,41 manat; 16 avqust 2024-cü il tarixə əsas borc üzrə 23232,19 manat, faiz borcu üzrə 8863,22 manat. İddiaçı 16 avqust 2024-cü il tarixli maliyyə arayışında cavabdehin ona müqavilə üzrə 22902,41 manat əsas borcunun və 6692,55 manat faiz borcunun olduğunu bildirmiş, həmin məbləğlərin cavabdehdən tutulmasını tələb etmişdir. 19 fevral 2025-ci il tarixli ekspert rəyində də 16 avqust 2024-cü il tarixinə cavabdehin müqavilə üzrə 23232,19 manat əsas və 8863,22 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə MPMin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq bildirir ki, iddiaçı tərəfindən qanunvericiliyə uyğun qaydada tələb edilmiş əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilənlərdən aşağı olduğundan və məhkəmənin iş üzrə verilən tələb həcmində qətnamə çıxarması mümkün olduğundan, iddia tələbi əsas və faiz borcuna münasibətdə tam təmin edilməli, 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə cavabdehdən 22902,41 manat əsas borc və 6692,55 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış 24 fevral 2023-cü il tarixli müqavilənin 10.2-ci bəndinə görə, lizinq haqqı vaxtında ödənilməzsə, o halda lizinq alan gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 1 faizi həcmində cərimə (dəbbə) ödəməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilənlərə uyğun olaraq, cavabdehin 24 fevral 2023-cü il tarixli müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən iddiaçının cərimə tələb etmək hüququ yaranmışdır. Məhkəmə bildirir ki, tələb edilən 640,96 manat cərimə borcunun məbləği 22902,41 manat əsas borcun məbləğinə münasibətdə tənasübsüz dərəcədə yüksək deyildir. Ona görə iddia tələbi cərimə borcuna dair hissədə də tam təmin edilməli, 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə cavabdehdən 640,96 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənlərdən də görünür ki, lizinq verən olan iddiaçı müqavilə müddəti ərzində ödənilməli olan və özünün hesabladığı bütün lizinq məbləğini, tələb irəli sürülən müddət üzrə isə faiz borcunu tələb etmişdir. Bu isə MM-in 748-1.12.4-cü maddəsinə uyğun olaraq, yəni lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyinə görə, iddiaçının lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququndan istifadə etdiyini göstərir. Belə olan halda isə müqavilənin bütün müddəti ərzində ödənilməli olan əsas borc məbləğinin (tam lizinq məbləği) tutulması halında, iddia tələbinin lizinq obyektinin geri qaytarılmasına dair hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır: Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. MM-in 425.1-ci və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə, müəyyən olunur ki, lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq məbləği tam olaraq tutulduğu halda, lizinq obyektinin dəyəri artıq tutulmuş olur, bu halda isə lizinq verən olaraq iddiaçının lizinq obyektinin geri qaytarılmasına dair tələbi onun mənafeyindən kənara çıxan tələb hesab olunur və onun bu tələbi irəli sürməsi yolverilən hesab edilmir. Ona görə də qeyd edilməlidir ki, hazırkı iş üzrə məhkəmə tərəfindən lizinq müqaviləsi üzrə bütün lizinq müddəti ərzində ödənilməli olan lizinq məbləği tutulduğundan, lizinq obyektinin geri qaytarılmasına dair tələbin təmin olunmasının maddi hüquqi əsası mövcud deyil. Qeyd edilənlərə əsasən, məhkəmə bildirir ki, iddia tələbi lizinq obyektinin geri qaytarılmasına dair hissədə təmin edilməməlidir. İddiaçının növbəti tələbi 430 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin cavabdehdən tutulması ilə bağlı olmuşdur. İş materiallarının 9-12-ci vərəqlərinə əlavə edilmiş “SMSRadar.az” sistemindən çıxarışdan görünür ki, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi zamanı törədilmiş 11 inzibati xətaya görə X2 ümumilikdə 430 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə bağlı bildirir ki, həmin hissədə də iddia təmin edilməməlidir. Belə ki, həmin tələb də lizinq verən kimi iddiaçının mənafeyindən kənara çıxan tələb hesab edilməklə yanaşı, həmin inzibati xətalara görə də cərimələri ödəməli olan şəxs cavabdeh deyil. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə surəti olan 19 avqust 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 182 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin, iddia tələbi qismən təmin edildiyinə görə, 19 fevral 2025-ci il tarixli, 9/9943 nömrəli ekspert rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərci də tərəflər arasında bölüşdürülməli, həmin xərcin 50 manat hissəsi iddiaçıdan, digər 50 manat hissəsi isə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 22902,41 manat əsas borc, 6692,55 manat faiz borcu, 640,96 manat cərimə borcu olmaqla, 30235,92 manat məbləğində cəmi borc və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 19 fevral 2025-ci il tarixli, 9/9943 nömrəli ekspert rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərcinin 50 manat hissəsi iddiaçıdan, qalan 50 manat hissəsi isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 24 fevral 2023-cü il tarixli, İF/06085 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 22902,41 manat əsas borc, 6692,55 manat faiz borcu, 640,96 manat cərimə borcu olmaqla, 30235,92 manat məbləğində cəmi borc və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 19 fevral 2025-ci il tarixli, 9/9943 nömrəli ekspert rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərcinin 50 manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 50 manat hissəsi isə Cavabdeh tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Samir Mayılov