Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-89/2025 17.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 620 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 aprel 2024-cü il tarixində Bakı şəhəri, S.Ələsgərov küçəsində iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Man yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Mercedes Benz E270 minik” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP6396503 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz E270 minik” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 620 manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 620 manat sığorta ödənişi ödənilmiş, loto sistemi ilə "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına 680,7 məbləğində sığorta ödənişi tutulmuşdur. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 07 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdəki PXA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, 30 dekabr 2023-cü il tarixdən qüvvəyə minən və 1 il müddətinə bağlanılan müqavilə üzrə sığortaçı "xxxx"xxxx"xxxx" MMC, avtonəqliyyat vasitəsi “Man TGM 18.250 yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeyd edilmiş, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat nəzərdə tutulmuşdur. İşdəki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, Nərimanov rayon DYPŞ bildirir ki, 03 aprel 2024-cü il tarixdə, saat 05:25 dəqiqədə yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, "xxxx" MMC-yə məxsus olan “Man TGM 18.250 yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, sonra hadisə yerindən qaçmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 mülkiyyətində olan və onun tərəfindən idarə olunan “Mercedes Benz E270 CDİ” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İşdə surəti olan İXP ******* nömrəli, 04 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 03 aprel 2024-cü ildə saat 05:25-də **-JV-*** dövlət qeydiyyat nişanlı, “Man TGM 18.250 yük” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İşdə surəti olan Nərimanov rayon DYPŞ-nin 04 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 03 aprel 2024-cü ildə saat 05:25-də “Man TGM 18.250 yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə onun barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qərara alınmışdır. İşdə surəti olan zərər aktından görünür ki, **-VD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E270 CDİ” markalı nəqliyyat vasitəsinə ümumilikdə 620 manat məbləğində zərər (480 manat işçilik və 140 manat ehtiyat hissələri) dəymişdir. İşdə surəti olan AD 747238 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-VD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E270 CDİ” markalı nəqliyyat vasitəsinin sahibi X2r. İşdəki yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı 10 may 2024-cü il tarixli, 0535524/01 nömrəli ödəniş aktından görünür ki, zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən 03 aprel 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E270 CDİ” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə X1 hesabına 620 manat məbləğində sığorta ödənişi ödənilməlidir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı sığorta şirkəti sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən hazırkı halda Mülki Məcəllənin 936.1-ci və 936.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 63-cü maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Cavabdeh barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan onun törətdiyi müəyyən olunan İXM-in 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalardan göründüyü kimi, cavabdeh yol vərəqəsi əsasında idarə etdiyi nəqliyyat vasitəsilə qəza törətdikdən sonra hadisə yerindən yayınmışdır. İddiaçı isə onda sığortalanmış nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə zərərçəkmiş şəxsə 620 manat məbləğində sığorta ödənişi etmiş, bununla bağlı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Bu baxımdan məhkəmə bildirir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə görə cavabdehdən icra edilmiş 620 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 620 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 620 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-89/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-89/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver