Məhkəmə qərarları › İş №e-2(026)-98/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-98/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-98/2025 17.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 24 iyun 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86679 olan “Honor X8B” markalı telefon, vinil şəffaf üçün 280 manat ödənilməmiş hissə, 84 manat cərimə; 10 aprel 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31896 olan “Samsung Galaxy S23” markalı telefon, vinil mat, “Samsung charger” üçün 1745,9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 523,77 manat cərimə olmaqla, ümumilikdə 2657,27 manat borcun və 46,58 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 24 iyun 2024-cü il və 10 aprel 2024-cü il tarixli müqavilələrə əsasən İMEİ kodu **********86679 olan “Honor X8B” markalı telefon, vinil şəffaf, İMEİ kodu **********31896 olan “Samsung Galaxy S23” markalı telefon, vinil mat, “Samsung charger” almış, nəticədə ümumilikdə 2657,27 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24 iyun 2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 570 manat (yəni 12 ay x 35 manat + 150 manat ilkin ödəniş) olan İMEİ kodu **********86679 olan “Honor X8B” markalı telefon, vinil şəffaf üçün ümumilikdə 364 manat olmaqla, ondan 280 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 84 manat cərimə borcu; 10 aprel 2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1849,14 manat (yəni 18 ay x 102,73 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********31896 olan “Samsung Galaxy S23” markalı telefon, vinil mat, “Samsung charger” üçün ümumilikdə 2293,27 manat olmaqla, ondan 1745,9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 523,77 manat cərimə borcu yaranmışdır. Cavabdeh 24 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 24 iyun 2024-cü il tarixində Paket L və plyonka istehsalı xidmətindən imtina etmiş və məhsul 69,98 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 24 iyun 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 220,02 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 69,98 manat, digər müqavilə üzrə ödənilən məbləğ 103,24 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 24 iyun 2024-cü il və 10 aprel 2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən 26 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilələr, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. Müştərinin adının riskli müştərilər siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 09 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hazırda cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 10 aprel 2024-cü il tarixli, ********* nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (İMEİ kodu **********31896 olan “Samsung Galaxy S23” markalı telefon, vinil mat, “Samsung charger”) 18 ay müddətinə hər ay 102,73 manat ödəniş edilməsi şərti ilə ümumilikdə 1849,14 manata nisyə satmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən, müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC-nin malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.4-cü və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar İddiaçı MMC əlavə ödənişlər tələb edə bilər. Ödəniş cədvəlinin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 aprel 2024-cü il tarixli müqavilə üzrə 103,24 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 1745,9 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 523,77 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 2293,27 manat təşkil edir. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 24 iyun 2024-cü il tarixli, 03287892 nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (İMEİ kodu **********86679 olan “Honor X8B” markalı telefon, vinil şəffaf) 12 ay müddətinə hər ay 35 manat ödəniş edilməsi şərti ilə, 150 manat ilkin ödəniş də daxil olmaqla ümumilikdə 570 manata nisyə satmışdır. Ödəniş cədvəlinin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 iyun 2024-cü il tarixli müqavilə üzrə 290 manat ödəniş etmişdir (220,02 manat + 69,98 manat məhsul qaytarıldıqdan sonra qoyulan qiymət). Həmin müqavilə üzrə 280 manat ödənilməmiş hissə, 84 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 364 manat təşkil edir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 26 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 03 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 46,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqavilələri bağlanmış, hər iki müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin hər iki müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 10 aprel 2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 1745,9 manat məbləğində əsas borcunun və 24 iyun 2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 280 manat məbləğində əsas borcunun qalması öz təsdiqini tapır və ona görə iddia tələbi əsas borc məbləğlərinə dair hissədə tam təmin edilməlidir. Həmçinin, müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcuddur. Məhkəmə iddiaçının cərimə tələb etmək hüququnun mövcudluğunu qəbul etsə də, tələb olunan cərimənin məbləği ilə razılaşmır və bildirir ki, həmin məbləğ əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırda 10 aprel 2024-cü il tarixli müqavilə üzrə əsas borcun məbləğinin 1745,9 manat, 24 iyun 2024-cü il tarixli müqavilə üzrə isə əsas borcun məbləğinin 280 manat olduğunu nəzərə alan məhkəmə MM-in 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək, tənasübsüz surətdə yüksək cərimənin azaldılmalı olduğunu bildirir və iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan cərimənin məbləğinin 10 aprel 2024-cü il tarixli müqavilə üzrə 170 manat, 24 iyun 2024-cü il tarixli müqavilə üzrə isə 25 manat həddində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi cərimə borcuna dair hissədə qismən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 10 aprel 2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 1745,9 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 523,77 manat məbləğində cərimə isə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olduğundan, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində rüsum ödənildiyindən, eləcə də, hissə-hissə ödəmə şərti ilə bağlanmış 24 iyun 2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 280 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 84 manat məbləğində cərimə isə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olduğundan, iddia tələbi qismən təmin edilməli, 10 aprel 2024-cü il tarixli müqavilə üzrə 1745,9 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 170 manat cərimə olmaqla, cəmi 1939,5 manat, 24 iyun 2024-cü il tarixli müqavilə üzrə 280 manat ödənilməmiş hissə, 25 manat cərimə olmaqla, cəmi 305 manat, ümumilikdə 2244,5 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi əsas borca dair hissədə tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 46,58 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 aprel 2024-cü il tarixli müqavilə üzrə 1745,9 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 170 manat cərimə olmaqla, cəmi 1939,5 manat, 24 iyun 2024-cü il tarixli müqavilə üzrə 280 manat ödənilməmiş hissə, 25 manat cərimə olmaqla, cəmi 305 manat, ümumilikdə 2244,5 manat pul və 46,58 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar