Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1231/2023 22.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 5070 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Mercedes Benz 230” markalı, 90–NB–322 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********* nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il avqustun 21-də Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “MERCEDES BENZ 230” markalı, 90–NB–322 dövlət nömrə nişanlı avtomobillə Quba rayonu, Rustov kəndi ərazisində X2 ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(027)-15/2020 nömrəli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmişdirr. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi məhkəmə hökmü ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.1-ci maddəsinə əsasən bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 5000 manat məbləği yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X2 atası X1 ödəmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək keçiriləcək məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, mülkü iş üzrə məhkəmənin hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə “MERCEDES BENZ 230” markalı, **- NB-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan PXA58364 “Sığorta Aktı”ndan görünür ki, xx.xx.2020-ci il tarixində 5000 manat məbləği yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X2 atası X1 ödənilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(027)-15/2020 nömrəli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli blinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müddətinə azadlığdan məhrumetmə cəzasına məhrum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli məlumatına görə, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh1 Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində yerləşən 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən göründüyü kimi, iddia qaldırılması üçün 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Mercedes Benz 230” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta müqaviləsi ilə sığortalanmış və Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi həmin avtomobillə X2 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi nəhkəmə hökmü ilə müəyyən edilməklə təsdiqini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.1-ci maddəsinə əsasən bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 5000 manat məbləği yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X2 atası X1 ödəmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ilk öncə onu qeyd edir ki, yol nəqliyyat hadisəsi baş verdiyi zaman Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyindən və avtomobilin idarə edilməsi səlahiyyəti müvafiq etibarnamə üzrə mülkiyyətçi tərəfindən Cavabdeh2 etibar edildiyindən, Mülki Məcəllənin 1108-ci maddəsinin və “icbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin tələbi baxımından subroqasiya hüququ məhz həmin anda etibarnamə əsasında avtomobilin qanuni sahibi və istifadəçisi olmuş və avtomobili qanuni əsas olmadan başqa şəxsin sahibliyinə vermiş Cavabdeh2 oğluna və qanuni əsas olmadan, müvafiq etibarnamə olmadan avtomobili idarə edən və hadisəni törədən şəxs Cavabdeh1 oğluna qarşı yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sığorta ödənişi qismində zərəçəkənə məbləğ üzrə subroqasiya hüququ əsasında tələb etmək hüququ mövcud olduğundan, iddia tələbi təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hеsabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1231/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1231/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver