Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-146/2024 31.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı MMC-ə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli saylı müqaviləyə əsasən “Plitə Gorenje, Aspirator Hoffmann” üçün Cavabdeh İddiaçı MMC-nin xeyrinə 398 (üç yüz doxsan səkkiz) manat 01 (bir) qəpik məbləğində ödənilməmiş hissə, 39 (otuz doqquz) manat 99 (doxsan doqquz) qəpik məbləğində cərimə, cəmi 438 (dörd yüz otuz səkkiz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(027)-2147/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair sadələşdirilmiş icraatın iddia icraatına keçirilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır li, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, “Plitə Gorenje, Asprator Hoffmann” almış və nəticədə 438 (dörd yüz otuz səkkiz ) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 898.02 (səkkiz yüz doxsan səkkiz manat iki qəpik) manat (18 ay x 49.89 manat + 0 manat ilkin ödəniş) olan Plitə Gorenje, Asprator Hoffmann üçünümumilikdə, 438 (dörd yüz otuz səkkiz )) manat olmaqla, ondan, 398.01 (üç yüz doxsan səkkiz manat bir qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.99 (otuz doqquz manat doxsan doqquz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 500.01 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, tələbiin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ərizəyə əlavə olunan tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh ilkin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən təqsirli əməli nəticəsində ona dəymiş 995 (doqquz yüz doxsan beş) manat məbləğində maddi zərərin və 30 (otuz) manat məhkəmə rüsumunun əvəzinin alınaraq ona ödənilməsi və İddiaçı MMC -nin ona kreditlə satdığı məhsulların özlərinə qaytarılması, əvəzində onlara köçürdüyü 9 aylıq ödənişlərinin geri qaytarılması və onun qalan hissə borcunun tam olaraq silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən ona qarşı verilən iddia tələbi ilə razılaşmır və qarşılıqlı tələblə çıxış edir. İddia ərizəsində qeyd olunan “Plitə Gorenje, Asprator Hoffmann DK 400” adlı məişət cihazlarını 15 aprel 2022-ci ildə kreditlə İddiaçı MMC-nin Quba filialından götürmüşdür. Kredit müqaviləsi ilə yanaşı ona təklif olunan ödənişli olan “Qızıl zəmanət” sənədi də almışdır. Məhsulu ona satan satıcı, aldığı məişət cihazlarını bəh-bəhlə tərifləyərək deyirdi ki, “Plitənin üst səthinin materialı yanmayan, cızılmayan materialdandır!” Amma, o yenə də məhsulları “Qızıl zəmanədə götürüb ki, birdən nəsə olsa, əziyyət çəkməsin. 9 ay problemsiz ödəniş edib. 9 ayın tamamında plitədə öz-özünə yanıq ləkələri (boya örtüyü köpməyə və dağılıb) əmələ gəlməyə, adi qaydada təmizlik üçün silindiyi halda cızıqlar əmələ gəlməyə və çuqunlarının rəngi solmağa başladı. Asprator Hoffmann DK 400 işığı öz-özünə yerindən çıxaraq, sallanmağa başlamışdı. O bu problemlər barədə mağazaya şifahi məlumat verib və “Qızıl zəmanət” hüququndan istifadə etmək istədiyini söyləyib. Onlar ilki növbədə məhsulun səthinin dəyişəcələri vədini verərək, plitəni ondan götürüblər. 1 aydan çox özlərində (servisdə) saxladıqdan sonra, ona təmir olunmamış vəziyyətdə qaytarıblar. O da, ona qarşı haqsızlıq edildiyini görüb, onlara qalıq kredit borcunu qaytarmayacağını bildirmişdi. O, kredit müqaviləsində göstərilən şərtlər daxilində krediti vaxtında və tam ödəmişdi. O, “Qızıl zəmanət” üçün İddiaçı MMC-yə pul ödəmək öhdəliyi götürmüşdür və həmin öhdəliyin əksər hissəsini ödəmişdir. Öz üzərlərinə rəsmən götürdükləri öhdəliyi özləri yerinə yetirməyiblər cavabdehin iddia ərizəsində qeyd olunan “Plitə Gorenje, Asprator Hoffmann DK 400” adlı məişət cihazlarını onun adına sənədləşdirib, ona hər 2 məişət cihazı üçün 18 aylıq, hər ay 50 (əlli) manat, ümumilikdə 900 manat pul ödəmək öhdəliyi qoyulub. Bundan əlavə “Qızıl zəmanət” üçün 66 (altımış altı) manat 40 qəpik pul hesablanıb. Həmin məbləğləri 9 ay ardıcıl olaraq, ödəmişdir. Aldığı məhsulların deffekt çıxması səbəbindən qalan hissənin ödənişini etməmişdir. Həmin deffekt məhsulların təmirinə əlavə vəsait xərcləsə, ona bazar qiymətindən çox baha başa gələcək. Bununla yanaşı, kredit öhdəliyilə birlikdə məhkəməyə müraciət etmək üçün ərizələrin yazılmasına, dövlət rüsumunun ödənilməsinə və sair xərcləri çıxıb. Bu xərclər 995 (doqquz yüz doxsan beş) manat təşkil edir. Kredit öhdəliyini 50 faiz ödəyərək, yerinə yetirmişdir. Belə qənaətə gəlir ki, İddiaçıMMC-nin ona kreditlə satdığı məhsulları özlərinə qaytarıb, əvəzində onlar onun köçürdüyü 9 aylıq ödənişlərini geri qaytarsınlar və qalan borcum tam olaraq silinsin. Hesab edir ki, İddiaçıMMC-nin ona qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkləri, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ərizə təqdim edərək tələbini dəyişmiş və alqı-satqı müqaviləsi üzrə məbləğin 600 manat azaldılmasını, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə edərək qüsurların aradan qaldırılmasına fərdi ustaların 400 manat tələb etdiklərini bildirmişdir. Məhkəmə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilənin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə” “Plitə Gorenje, Asprator Hoffmann DK 400” almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 398 (üç yüz doxsan səkkiz) manat 01 (bir) qəpik məbləğində ödənilməmiş hissə, 39 (otuz doqquz) manat 99 (doxsan doqquz) qəpik məbləğində cərimə, cəmi 438 (dörd yüz otuz səkkiz) manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən göründüyü kimi, Cavabdeh borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsilə bağlı 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 8111 nömrəli, xx.xx.2022-ci il tarixli, 11153 nömrəli, xx.xx.2022-ci il tarixli, 12216 nömrəli, xx.xx.2022-ci il tarixli, 524 nömrəli, xx.xx.2022-ci il tarixli, 14919 nömrəli, xx.xx.2022-ci il tarixli, 4597 nömrəli, xx.xx.2023-cü il tarixli, 19849 nömrəli və xx.xx.2023-cü il tarixli, 8223 nömrəli mədaxil qəbzlərdən görünür ki, Cavabdehİddiaçı MMC-nin hesabına ödənişlər etmiş və 397.99 manat borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024cü il tarixli, 3-16-16/2-3/654 nömrəli rəyinə əsasən, qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş Quba rayonu Mirzəmmədli kəndində Cavabdeh məxsus yaşayış evinin mətbəxinə quraşdırılmış “Gorenje GE681X” markalı piltə və “Hoffmann DK 400” markalı aspirator üzərində olan izlər istehsal qüsurlu olması nəticəsində istismar zamanı kənar şəxsin müdaxiləsindən yaranması istisna edilmir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilənin predmetini cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malın dəyərini müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ödənişlərin bir hissəsini vaxtlı-vaxtında yerinə yetirmiş və 397.99 manat ödənilməmiş qalmışdır. Cavabdeh öz öhdəliklərini icra etməməsini aldığı malın qüsurlu olması ilə əlaqələndirmiş və mallar üzrə müqavilə məbləğinin 600 manat azaldılmasını xahiş etmişdir. Məhkəmə ekspertizası nəticəsində mallar üzərində olan izlərin istehsal qüsurlu olması nəticəsində istismar zamanı kənar şəxsin müdaxiləsindən yaranması istisna edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası nəticəsində mallar üzərində olan izlərin istehsal qüsurlu olması nəticəsində istismar zamanı kənar şəxsin müdaxiləsindən yaranması istisna edilmədiyi müəyyən edildiyindən və həmin qüsurların aradan qaldırılması ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının izahatına əsasən 400 manat vəsait tələb olunduğundan, qüsurun aradan qaldırılmasına sərf olunacaq məbləğ tərəflər araasında bərabər bölünməli, bununla da, həm ilkin həm də qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Qeyd edilən Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 85 (səksən beş) manat 16 (on altı) qəpik cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 2 (iki) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 76 (yetmiş altı) manat 85 (səksən beş) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləsi üzrə 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə və 2 (iki) manat cərimə olmaqla, ümumilikdə 200 (iki yüz) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin olunsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləsi üzrə satılmış “Plitə Gorenje, Asprator Hoffmann”ın dəyəri qüsura görə 200 (iki yüz) manat məbləğdə azaldılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-146/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-146/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver