Məhkəmə qərarları › İş №e-2(027)-1493/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1493/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1493/2024 28.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********51301 “XİAOMİ REDMİ 10C” markalı telefon üçün 349 (üç yüz qırx doqquz) manat 96 (doxsan altı qəpik ödənilməmiş hissə, 34 (otuz dörd) manat 04 (dörd) qəpik cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən “HOFFMANN LED TV, YUPİTER” asqı üçün 23 (iyirmi üç) manat 64 (altmış dörd) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 36 (otuz altı) qəpik cərimə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən “HOFFMANN LED TV” üçün 476 (dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) qəpik cərimə ümumilikdə 933 (doqquz yüz otuz üç) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********51301 “XİAOMİ REDMİ 10C” markalı telefon, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN LED TV, YUPİTER” asqı”, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN LED TV” almışdır. Lakin cavabdeh müqavilələrin şərtləini pozmuş, üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət etmək qərarına gələrək, ümumilikdə 933 (doqquz yüz otuz üç) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "ABC-Telecom” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilənin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə İmei kod **********51301 “XİAOMİ REDMİ 10C” markalı telefon; xx.xx.2022-ci il tarixli 15442079 saylı müqaviləyə əsasən, “HOFFMANN LED TV, YUPİTER” asqı; xx.xx.2022-ci il tarixli 15442129 saylı müqaviləyə əsasən, “HOFFMANN LED TV” almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 349 (üç yüz qırx doqquz) manat 96 (doxsan altı qəpik ödənilməmiş hissə, 34 (otuz dörd) manat 04 (dörd) qəpik cərimə; xx.xx.2022cü il tarixli 15442079 saylı müqavilə üzrə 23 (iyirmi üç) manat 64 (altmış dörd) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 36 (otuz altı) qəpik cərimə; xx.xx.2022-ci il tarixli 15442129 saylı müqavilə üzrə 476 (dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə olmaqla, 933 (doqquz yüz otuz üç) manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən göründüyü kimi, Cavabdeh borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzdən göründüyü kimi, iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilənin predmetini cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malın dəyərini müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtlıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə müqavilə üzrə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 34 (otuz dörd) manat 04 (dörd) qəpik cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı, 3 (üç) manat 04 (dörd) qəpik məbləğində; xx.xx.2022-ci il tarixli 15442079 saylı müqavilə üzrə 2 (iki) manat 36 (otuz altı) qəpik cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 36 (otuz altı) qəpik məbləğində; xx.xx.2022-ci il tarixli 15442129 saylı müqavilə üzrə 47 (qırx yeddi) manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 4 (dörd) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, beləliklə də iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 349 (üç yüz qırx doqquz) manat 96 (doxsan altı qəpik ödənilməmiş hissə, 3 (üç) manat 04 (dörd) qəpik cərimə; xx.xx.2022-ci il tarixli 15442079 saylı müqavilə üzrə 23 (iyirmi üç) manat 64 (altmış dörd) qəpik ödənilməmiş hissə, 36 (otuz altı) qəpik cərimə; xx.xx.2022-ci il tarixli 15442129 saylı müqavilə üzrə 476 (dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, ödənilməmiş hissə, 4 (dörd) manat cərimə olmaqla, ümumilikdə 857 (səkkiz yüz əlli yeddi) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar