Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-170/2025 16.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişinin və 103.35 (yüz üç) manat, 35 (otuz beş) qəpik məbləğində dövlət rüsumunun, cəmi 8398.35 (səkkiz min üç yüz doxsan səkkiz) manat, 35 (otuz beş) qəpik məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı RAZ********** saylı, xx.xx.2023-ci il tarixli “Daşınmaz Əmlakın İcbari sığortası” şəhadətnaməsi ilə "xxxx" ASC-də sığorta təminatı almış və ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2023 -cü il tarixdə yanğın hadisəsi nəticəsində maddi zərər dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən müəyyən edilmişdir ki, cavabdeh qeyri-yaşayış obyektində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. CFİ- 0156/2023-AKT231 saylı sığorta aktına əsasən 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişi sığortalı X1 bank hesabına köçürülmüşdür. Cavabdeh iddiaya etiraz təqdim edərək etirazını onunla əsaslandırmşdır ki, iddia tələbini qəbul etmir. Belə ki, ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununa əsasən, RAZ********** saylı, xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsi” ilə "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Həmin qeyriyaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə yanğın hadisəsi nəticəsində maddi zərər dəymişdir. CFİ- 0156/2023-AKT231 saylı sığorta aktına əsasən 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən sığortalı X1 bank hesabına köçürülmüşdür. İddiaya əsas olaraq göstərilmişdir ki, cavabdeh, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”-nın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2 və 6.5-ci bəndlərinin tələblərinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı həmin qurğular müvafiq qaydalara və digər normativ sənədlərə uyğun olaraq istismar edilməlidirlər; elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər, elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək və nasaz elektrik qurğularından istifadə etmək qadağan olunur. “Ticarət, və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 3.5.3.3 və 3.5.4-cü bəndlərinin tələblərinə əsasən qısaqapanma, artıq yükləmədən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozulmalardan mühafizə aparatlarının saz olmasına müntəzəm nəzarət etmək, bütün elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatının olmasına elektrik qurğularının vəziyyətinə cavabdeh olan şəxslər borcludurlar. Baş vermiş hadisədə yanğının qısaqapanma nəticəsində baş verdiyi qeyd olunmuşdur. Onların “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”-nın 6.1, 6.2-ci bəndlərinin tələblərini pozduğunu qeyd olunsa da, buna heç bir sübut və əsas gətirilməmişdir. Əsassız olaraq iddia irəli sürülmüşdür. Həmçinin baş vermiş hadisə qısaqapanma kimi tanınırsa və sığorta müqaviləsi bu riski əhatə edirsə, sığortaçı ödəniş etməlidir. Sığorta müqaviləsi üzrə ödənilən sığorta haqqı sığorta təminatının bir hissəsi olaraq qəbul edilir. Yəni, sığorta haqqı müqavilədə nəzərdə tutulan risklərin qarşılanması üçün ödənilir və sığorta riski baş verdikdə ödənişin təmin edilməsi məqsədi daşıyır. Sığorta hadisəsi baş verdikdə, sığorta edən sığorta müqaviləsinə uyğun olaraq zərəri kompensasiya edir. Bu halda sığorta haqqı artıq ödənilmiş və sığortaçının riski təmin etmək öhdəliyi yerinə yetirilmiş sayılır. Yanğın qısaqapanma nəticəsində baş veribsə, sığortaçının (sığorta edən) məsuliyyətləri və yoxlama tələbləri sığorta müqaviləsinin şərtlərinə, sığorta növünə və tətbiq olunan qanunvericiliyə əsasən müəyyən edilir. Ümumiyyətlə, sığortaçının sığorta olunan obyektin təhlükəsizlik vəziyyətini yoxlaması, texniki yoxlanış keçirməsi və ya profilaktik tədbirlər görməsi sığorta müqaviləsində göstərildiyi hallarda məcburidir. Sığorta müqaviləsində sığortaçının (sığorta edən) sığorta olunan obyektin texniki vəziyyətini yoxlaması və ya müəyyən təhlükəsizlik tədbirləri tələb etməsi şərtləri varsa, sığortaçı müəyyən dövrlərdə obyektin təhlükəsizlik vəziyyətini yoxlamaq hüququna malikdir. ünvan 2i ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş verən sığorta hadisəsi, sığorta edənin səhlənkarlığı səbəbindən də baş vermişdir. Təhlükəli və yanğına səbəb olacaq hallar aşkar olunduğu təqdirdə sığorta şirkəti bunu aradan qaldırmalı idi. Sığorta edilən obyektə, sığorta olunarkən baxış keçirilməli və hər hansı təhlükəli hal aşkarlanarsa, bu onlara bildirilməli idi. Onlar "xxxx" ASC tərəfindən sığorta xidmətlərindən istifadə etmişdilər. Sığorta olunmuş sahəyə dəyən maddi ziyana görə sığorta ödənişini həyata keçirmək sığorta edənin vəzifəsidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, iş üzrə məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdеh Cavabdeh iddianı qəbul etməyərək, etiraz ərizəsinə uyğun izahat vermiş, X3 ilə aralarında bağlanmış “İcarə müqaviləsi”ni məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin yeri 2021-ci ildən icarəyə verib və müqavilə əsasında S. Xanəliyev istifadə edir, hesab edir ki, iddia əsassızdır, təmin edilməməlidir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Cavabdеh Cavabdeh tərəfindən təqdim edilmiş “İcarə müqaviləsi”nin surətindən göründüyü kimi, ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsi, icarəyə verən-Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən 5 il müddətinə X2 icarəyə verilmişdir. İş materiallarında olan CFİ-0156/2023-AKT231/234 saylı “Sığorta Aktı”ından görünür ki, xx.xx.2024-cü il tarixində sığortalı X1 bank hesabına 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC vasitəsilə X1 hesabına 8295 (səkkiz min iki yüz doxsan beş) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan göründüyü kimi, xx.xx.2023-cü il tarixində, saat 04 radələrində ünvan 1i ünvanında yerləşən Cavabdeh tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahəsində baş vermiş yanğnla əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyə verən-Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən 5 il müddətinə X2 icarəyə verilmişdir. Sözü gedən qeyri-yaşayış sahəsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununa əsasən, RAZ********** saylı, xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsi” ilə "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində yanğın hadisəsi baş vermiş və maddi zərər dəymişdir. “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC tərəfindən hadisə nəticəsində ziyan dəymiş icarəçi X2 zərərə görə sığorta ödənilmişdir. Hazırda iddiaçı olan sığorta şirkəti subroqasiya qaydasında ödənilmiş sığorta ödənişlərini icarə verən Cavabdeh tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Qanunun 13.1-ci və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Qeyd edilən Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. İddiaçı iddia tələbinin maddi əsası olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108, 1097 və 1114-cü maddələrinə və Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın 6.1, 6.2-ci bəndlərinə istinad etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıları qeyd edir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasn qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İstər mülki hüquq nəzəriyyəsində, istərsə də, qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Lakin obyektiv surətdə hüquqa zidd əməl üçün zərərvuranın təqsiri olmadıqda zərərin əvəzinin ödənilməsi üzrə dispozitiv şərtlərin yoxlanması üçün qanunvericiliklə müəyyən olunmuş hər hansı maddi əsas olaraq normaya bağlanmalıdır. Yalnız belə olan halda şəxs yaranmış zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyəti müəyyən oluna bilər. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddə: Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti, 1114-cü maddə: başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin ödənilmiş əvəz miqdarında reqres hüququ müəyyən edir. Göründüyü kimi, hazırki iş üzrə icarə obyektinə dəymiş zərər üzrə hüquqa zidd əməl üçün zərərvuranın təqsiri olmadıqda zərərin əvəzinin ödənilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş hər hansı maddi əsas müəyyən olunmamışdır. Yuxarıda qeyd edildiyi kimi, elektrik naqillərində yaranmış qısaqapanmadan yanğın baş verməsi sığorta hadisəsi kimi müəyyən olunmuşdur. Ticarət, və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 3.5.3.3 və 3.5.4-cü bəndlərinin tələblərinə əsasən qısaqapanma, artıq yükləmədən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozulmalardan mühafizə aparatlarının saz olmasına müntəzəm nəzarət etmək, bütün elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatının olmasına elektrik qurğularının vəziyyətinə cavabdeh olan şəxslər borcludurlar. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq otaraq ticarət ictimai iaşə müəssisələrinin baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri inzibatı heyəti və ya sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən şöbələrin bölmələrin, sexlərin, emalatxanaların, ticarət köşklərinin, çadırların, pavilyonların, bufetlərin, qəlyanaltıların, ayrıca anbarların və sair binaların yanğın təhlükəsizliyinə cavabdehliyi onların sahibləri icraçıları və ya ticarət ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli şəxslər daşıyır, Yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan şəxslərin adları qeyd olunan lövhələr gözə çarpan yerlərdən asılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd edilən Məcələnin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Sığorta hadisəsi baş verən anda sahiblik cavabdehlə sığorta hadisəsi üzrə faydalanan şəxs arasında bağlanmış icarə müqaviləsi əsasında icarəçidə olmuşdur. Habelə, qeyd edilən xx.xx.2023-cü il tarixli qərar üzrə araşdırma zamanı ekspertiza aparılması mümkünsüz olduğundan, qısaqapanmanın hansı səbəbdən baş verməsi müəyyən olunmamışdır, Cavabdeh tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahəsində baş vermiş yanğınla əlaqədar əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Belə olan halda, sığorta haqqında qanunvericiliyin tələbini əsas götürərək, cavabdehin sığorta şirkəti qarşısında qeyd edilən məbləğdə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı mülki hüquqi məsuliyyəti müəyyən olunmadığından, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmçinin, iddia ilə 103 (yüz üç) manat, 35 (otuz beş) qəpik məbləğində dövlət rüsumu tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, qeyd edilən məbləğ iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-170/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-170/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver