Məhkəmə qərarları › İş №e-2(027)-171/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-171/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-171/2024 17.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «İcbari Sığorta Bürosu» X2 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: «İcbari Sığorta Bürosu» X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat, ümumilikdə 5070 (beş min yetmiş) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış Mercedes Benz E220 markalı, 10GX464 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Bakı-Quba yolu 92 km-də Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində AR DİN Maddi-Texniki Təminat Baş İdarəsinə Bilavasitə tabe olan Avtomobil Təsərrüfatının əmlakına maddi zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sərxoş olmuşdur. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar DİN tərəfindən verilmiş “cinayət işinin başlanmasının rədd edilməsinə dair” 16 mart 2020-ci il tarixli Qərardan (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh MERCEDES BENZ E220 markalı, 10GX464 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bu səbəbdən onun barəsində İXM-nın 333.3-cü maddəsi ilə protokol tərtib edilməsi barədə qərar qəbul edilmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 25.1.2-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İcbari sığortalar haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən, Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Nəzərə çatdırır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. “İcbari Sığortalar haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. İddiaçı «İcbari Sığorta Bürosu» X2 nümayəndəsi Əziz Quliyev ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, iddianını təmin olunmasına etirazının olmadığını, imkanı olan qədər ödənişlər edəcəyini bildirmişdir. Mülki işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus “MERCRDES BENZ” markalı,**-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC-də xx.xx.2020-ci il tarixdə 1 il müddətinə sığortalanmışdır. Mülki işin materiallarında olan Sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin xx.xx.2020-ci il tarixdə Bakı-Quba yolunun 92 km-də avtomobillərin toqquşması nəticəsində baş verməsi, “MERCRDES BENZ E220” markalı,**-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin Cavabdeh olması, zərər çəkən avtomobilin markasının “Mercedes Benz C300” markalı, **-YP-*** dövlət qeydiyyat nişanının olması, həmin avtomobilə dəymiş ziyanın ümumi məbləğinin 5000 manat təşkil etməsi göstərilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, «İcbari Sığorta Bürosu» X3 tərəfindən X1 5000 manat pul ödənilmişdir. İş materiallarında olan DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 mart 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh avtomobili sərxoş halda idarə edərkən qarşıda, dayanmış vəziyyətdə, üzərində sayrışan işıq siqnalları, qəza işıqları və digər işıqları qoşulu olan operativ nəqliyyat vasitəsi ilə ara məsafəsini düzgün seçməmiş, buna görə hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanmı həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda görməmiş, nəticədə idarə etdiyi avtomobillə həmin operativ nəqliyyat vasitəsi arasmda toqquşma baş vermiş, bununla da o «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla zərərçəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olmuşdur. Odur ki, sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 333.3-cü maddələri ilə inzibati tənbeh tədbir görülməlidir. HK-1/159 nömrəli materialda cinayət hadisəsi olmadığınddan material üzrə cinayət işinin başlanmasının rədd edilmiş qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 333.3-cü maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün BDYPİ-nin YPX Alayına göndəriməsi qərara alınmışdır. Mülki işin materiallarında olan AP №0165625 saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə inzibati xətalar törətmişdir. Mülki işin materiallarından görünür ki, hazırki iddia ilə bağlı iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh, AR DİN Maddi-Texniki Təminat Baş İdarəsinə Bilavasitə tabe olan “Mercedes Benz C300” markalı, **-YP-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq, həmin avtomaşını zədələmiş, bununla da sığorta hadisəsi baş vermişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün «İcbari Sığorta Bürosu» X3 tərəfindən 5000 manat məbləğində sığorta ödənişi X1 ödənilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası Qaydaları»nın 12-ci bəndinə müvafiq olaraq sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunan və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 930.1-ci maddəsinə əsasən sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etimək vacib deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.1 və 933.1.2-ci maddələrinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədə əsasən sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiaçı) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu qanun normasına uyğun olaraq sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin-sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq əmələ gəlir. Belə ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsində əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və sair istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə ilə və sair) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqazidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqazidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının tələbinə əsasən göstərilənlər cavabdehdən tələb olunan 5000 manat məbləğin ondan iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətininin xeyrinə tutulması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki işin materiallarında olan sübutları araşdırıb, onlara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat pul və ödənilmiş 70 manat dövlət rüsumu iddiaçı «İcbari Sığorta Bürosu» X2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5000 manat pul və ödənilmiş 70 manat dövlət rüsumu iddiaçı «İcbari Sığorta Bürosu» X2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar