Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-173/2023 26.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Quba rayonu, Paşaoba kəndində 8.000842 ha torpaq sahəsində olan yaşayış evinə verilən elektrik enejisinin verilişinin dayandırılmasının qanunsuz hesab edilməsi və 5000 manat məbləğində mənəvi zərərin "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tərəfi iddia ərizəsinə dəqiqləşmə verərək, "xxxx" ASC tərəfindən Quba rayonu, Paşaoba kəndində 8.000842 ha torpaq sahəsində olan yaşayış evinə verilən elektrik enejisinə görə 5063,06 manat dəyərində hesablanmış borcun (tələbin) əsassız hesab edilməsi və həmin borcun hesabdan silinməsi, "xxxx" ASC tərəfindən Quba rayonu, Paşaoba kəndində 8.000842 ha torpaq sahəsində olan yaşayış evinə verilən elektrik enejisinin verilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi, 2000 manat məbləğində mənəvi zərərin "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayonu, Paşaoba kəndində 8.000842 ha torpaq sahəsi atası X3 mülkiyyətindədir. X6 mülkiyyətində olan göstərilən torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin evə elektrik xətti çəkilmişdir. Buna dair enerji təchizatı müəssisəsi "xxxx" ASC ilə elektrik enerjisindən istifadəyə dair müqavilə bağlanmışdır. Göstərilən ünvanda elektrik enerjisindən istifadə edilmiş və elektrik enejisinin haqqı daimi olaraq tam ödənilmişdir. X8 08 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra da göstərilən ünvanda yerləşən yaşayış sahəsində elektrik enerjisi istehlak olunmuş və mütəmadi olaraq elektrik enejisinin haqqı daimi olaraq tam ödənilmişdir. 19 sentyabr 2022-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilmişdir. Baxışın keçirilməsinə dair 19 sentyabr 2022-ci il tarixdə 274656 nömrəli akt tərtib edilmişdir. 19 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 274656 №-li aktda “EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sayğacın alt dövlət möhürü qırılıb, üst gövdə ilə alt gövdə bir-birindən aralı qalır, bir-birinin üzərində tam qalmır. Sayğacın daxilində nəyimsə pozulduğu ehtimal edilir” göstərilmişdir. Sayğac yenisi ilə əvəz edilmiş və çıxarılan sayğaca laboratoriya şəraitində rəy verilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 274656 nömrəli akta əsasən sayğacın yenisi ilə əvəz edilməsi, çıxan sayğacın rəyi verilməsi üçün göndərilməsinə dair məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 288090 nömrəli protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə 8,32 manat hesablanmış və həmin məbləğ tam ödənilmişdir. Enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinə görə uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən hesablanmış dəyər (elektrik enerjisindən istifadə haqqı) tam ödənilmişdir. Cavabdeh "xxxx" ASC-nin əvvəlki dövrlər üzrə və daha artıq məbləğ hesalaması əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istfiadə Qaydaları»nın 8-ci “Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar" bölməsində hesablaşma dövrü bir qayda olaraq 1 ay qəbul olunmuşdur. Bu 1 aylıq müddətdən daha uzun müddətə hesablaşma həyata keçirilə bilməz. Buna görə də cavabdeh "xxxx" ASC tərəfindən 5063,06 manat dəyərində sərfiyyatın hesablanması və bunun tələb edilməsi əsassızdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, sayğac torpaq sahəsindən kənarda yerləşir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Hər ay yoxlama aparılır. 1 ay üçün 5063,06 manat ziyanın hesablanması qeyri-mümkündür. Sonuncu yoxlama xx.xx.2022-ci il tarixdə olmuş, abonent məhkəməyə müraciət edilənədək təxminən 20 gün işıqsız qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə yoxlama aparılan zaman sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. Sayğac alboratoriyaya göndərilmiş sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmışdır. 5063,06 manat ziyan məbləği düzgün olaraq hesablanmışdır. 187 gün sərfiyyata görə 5063,06 manat hesablanmışdır. Sayğacdan kənar müdaxilə olunmamış, sayğacın özünə müdaxilə edilmişdir. Mənəvi zyan üçün də heç bir əsas yoxdur. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Amid Musayev tərəfindən iddia ərizəsinə etiraz verilərək, iddia tələbinin əsassız hesab edilərək, təmin olunmamamsı barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2013-ci il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus fərdi yaşayış evinin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın axan yükü qeyd etmədiyi məlum olmuş və müdaxilə izləri müşahidə olunmuşdur. Elektrik hesabat sayğacının alt və dövlət möhürü qırılıb üst gövdə ilə alt gövdə bir birindən aralı qalır, bir birinin üzərinə tam oturmur. Sayğacın daxilində hər hansı uzaqdan idarə olunan mexanizm quraşdırıldığı ehtimal olunması halı aşkar edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalarının (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, 274656 saylı akt tərtib edilərək 5062,95 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacının gövdə qapağına vurulmuş 059195 saylı nəzarət möhürünün trosu kəsilmişdir. Gövdə qapaq açılan zaman daxilində sayğac mikrosxeminə kənardan məsafədən idarə olunan blokun (pult) əlavə olunması aşkar olundu sayğacın açılması prosesi video çəkilişlə qeydə alınaraq xx.xx.2022-ci il tarixli 239485 saylı protokolla təsdiq edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin nümayəndəsinin etirazını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Paşaoba kəndində 8.000842 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında” 19 sentyabr 2022-ci il tarixdə 274656 nömrəli aktından görünür ki, yoxlama zamanı abonent X3 evində yerləşdirilmiş sayğacın alt dövlət möhürü qırılması, üst gövdə ilə alt gövdə bir-birindən aralı qalması, bir-birinin üzərində tam qalmaması, sayğacın daxilində pozulmaların olması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı atası X3 mülkiyyətində olan Quba rayonu, Paşaoba kəndində yerləşən evinə məxsus sayğac üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən, abonentin elektrik enerjisindən qanunsuz istifadə etdiyi əsas gətirilərək 19 sentyabr 2022-ci il tarixdə 274656 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında ona 5063,06 manat borc yazılmışdır. İddiaçı hesab edir ki, tərtib olunmuş akt “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun tərtib edilmədiyindən onun əsasında qəbul edilmiş qərar ləğv edilməklə, həmin borc abonent kodundan silinməlidir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazını bildirərək, quraşdırılmış elektrik hesabat sayğacına enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi faktı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar dahada obyektiv araşdırma aparılması məqsədi ilə sayğac quraşdırıldığı yerdən çıxarılaraq "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacının gövdə qapağına vurulmuş 059195 saylı nəzarət möhürünün trosu kəsilmiş, sayğac mikrosxeminə kənardan məsafədən idarə olunan blokun (pult) əlavə olunması aşkar olunmuş, bununla əlaqədar xx.xx.2022-ci il tarixli, 274656 nömrəli akt tərtib edildiyini, və həmin akta əsasında abonenta 5063,06 manat borc yazılmışdır. Cavabdeh iddiaçının “Elektrik enerjisindən istifadə qaydaları”nı pozaraq, öz vəzifələrini yerinə yetirməyərək, hüquqlarından sui-istifadə etdiyindən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edilən qaydalar üzrə müəyyən edir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Hazırkı iddia tələbinin verilməsinə əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və iddiaçının iştirakı təmin edilməmiş və bununla da qaydaların tələbləri pozulmuşdur. Aktda eyni şəxslər həm "xxxx" ASC-nin nümayəndəsi kimi, həm də hal şahidləri kimi qeyd olunmuşdur. Həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilməz. Aktda qeyd olunmuş, mənzildə sayğacın hesabat aparmaması faktı sübut olunmamışdır. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim edilmiş etirazında qeyd olunan hallara dair sübutlar təqdim olunmamışdır. Həmin akt əsasında qəbul olunmuş qərar təsdiq edilməmiş və razılaşdırılmamışdır. Buna görə də həmin qərar ləğv olunmalı və onun əsasında hesablanmış borc abonentin hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında izah olunmuşdur ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, cavabdeh tərəfin hərəkətləri nəticəsində iddaçıya zərər dəyməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından İddiaçı oğlunun cavabdehdən 2000 manat mənəvi zərər tutulmasına dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 274656 saylı akt ləğv edilsin. xx.xx.2022-ci il tarixli 274656 saylı akt əsasında hesablanmış 5063,06 manat məbləğində borc X3 **********00134 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-173/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-173/2023
26.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver