Məhkəmə qərarları › İş №e-2(027)-1977/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1977/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1977/2023 13.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdim: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1385.8 manat məbləğində əsas borcu və 33.86 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsinə əsasən ona 18 ay müddətinə ümumi qiyməti 1574 manat dəyərində olan Airfel 24 KW Kombi və Ventino VN 2260 Bişirmə paneli satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən100 manat ilkin ödəniş etməklə hər ay üçün 81.89 manat ödəmək şərti ilə aldığımalın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 188.2 manat ödəniş etmiş, qalan 1385.8 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqımüqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə onun biznes fəaliyyətinə ciddiziyan vurmuşdur. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir, lakin o borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız aramızda bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınmasını tələb edir. Alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmış məbləğ əşyanın qiymətinin 50%-dən artlq olduqda “Satıcı” öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş sənədlərini hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin sənədlərində olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* saylı alqı-satqı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı Airfel 24 KW Kombi və Ventino VN 2260 Bişirmə panelinə görə, 100 manat ilkin ödəniş olmaqla 18 ay ödəniş cədvəli üzrə hər ay 81,87 manat olmaqla, cəmi 1474,00 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və arayışından görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borca görə ödənilməmiş 1385,8 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC hazırki iddianın qaldırılması ilə əlaqədar 33,86 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 600.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vasitədən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1385,8 manat əsas borcun və 33,86 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə tələb əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 1385,8 manat məbləğində əsas borcu və 33.86 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar