Məhkəmə qərarları › İş №e-2(027)-218/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-218/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-218/2023 09.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********14382 XİAOMİ POCO M3 markalı telefon üçün 339.7 (üç yüz otuz doqquz manat, yetmiş qəp) manat ödənilməmiş hissə, 33.3 (otuz üç manat, otuz qəp) manat cərimə ümumilikdə 373 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********14382 XİAOMİ POCO M3 markalı telefon almış və nəticədə 373 (üç yüz yetmiş üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 483.4 (dörd yüz səksən üç manat, qırx qəp) manat (18 ay x 24.3 manat + 46 manat ilkin ödəniş ) olan İmei kodu **********14382 XİAOMİ POCO M3 markalı telefon üçün ümumilikdə 373 (üç yüz yetmiş üç) manat olmaqla, ondan, 339.7 (üç yüz otuz doqquz manat, yetmiş qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.3 (otuz üç manat, otuz qəp) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 143.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmdan baxmağı xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz ilə məhkəməyə müraciət edərək, onun İddiaçı MMC-yə ilkin ödəniş olaraq 46 manat, 4 ay ərzində 143.73 manat ödədiklərindən başqa 339,67 manat məbləğində olan borcu ilə razıdır. Lakin, o, bu borcun vaxtında ödənilməməsində İddiaçı MMC-ni günahkar bilir. Çünki, onun İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixdə aldığı Xiaomi Poco М3 4/64GB markalı mobil telefon aparatında, telefon aparatının qəflətən sönməsi və uzun müddətdən sonra öz-özünə yanması deffektləri ilə bağlı iddiaçıya dəfələrlə məlumat vermişdir. Sonuncu dəfə iddiaçı telefon aparatını təmir etdirmək üçün servisə göndərilməsi barədə razılığa gəlmişdir. xx.xx.2021-ci il tarixdə servisdən verilən məlumatda göndərilmə səbəbi kimi “Cihaz ekranı açılmır Rəsmi zəmanət əsasında diaqnostika üçün servisə göndərilir”, xarici görünüş qrafasında - “ Ekranın yuxarı hissəsində qırılma” qeyd edilib. Ekranın yuxarı hissəsində qırılma faktını əsas gətirərək, telefon aparatının “Ana Plata” adlanan əsas hissəsini təmir etməkdən imtina ediblər. O, həmin telefon aparatını işləməyən müddətdə bir neçə telefon təmir edən ustalara göstərmişdir, onlar nöqsanın “Ana plata”da olduğunu bildirmişlər. O, həmin ustalara “Ana Plata”-nı təmir etməklərini xahiş etdikdə, onlar telefon aparatının zəmanətli olduğunu, kənar şəxslərin açdıqları təqdirdə zəmanətin pozulacağını bildirmişlər. Bu səbəbdən təmirdən imtina etmişlər. İddiaçının Servis xidməti isə telefonun işləməməsini ekrandakı çatla əlaqələndirərək, təmirdən boyun qaçırmışdır. Telefon aparatı ilə eyni vaxtda qardaşı Əlimuradov Fuad üçün də qeyri-rəsmi olaraq zamin durub, (yəni, pulunun o, ödəyəcəyək) eyni modeldən olan digər bir telefon götürmüşdür. Həmin telefon aparatında problem olmadığından öhdəlik üzrə bütün ödənişləri vaxtında etmişdir. Həmçinin, ondan sonra "xxxx" MMC-nin Quba Filialından öz adına təqribən 800 manat dəyərində olan telefon aparatı almış və krediti vaxtında ödəmişdir. Buna görə də etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********14382 XİAOMİ POCO M3 markalı telefon almış və nəticədə 373 (üç yüz yetmiş üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 483.4 (dörd yüz səksən üç manat, qırx qəp) manat (18 ay x 24.3 manat + 46 manat ilkin ödəniş ) olan İmei kodu **********14382 XİAOMİ POCO M3 markalı telefon üçün ümumilikdə 373 (üç yüz yetmiş üç) manat olmaqla, ondan, 339.7 (üç yüz otuz doqquz manat, yetmiş qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.3 (otuz üç manat, otuz qəp) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 143.7 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2022ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 373 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh İmei kodu **********14382 XİAOMİ POCO M3 markalı telefon almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021 -ci il tarixli müqavilələrinə əsasən İmei kodu **********14382 XİAOMİ POCO M3 markalı telefonu tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi borca dair arayışa əsasən cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 339.7 manat, cərimə borcu kimi 33.3 manat olmaqla, ümumilikdə 373 manat pul öhdəliyi vardır. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddələrinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh müdddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 339,7 manat ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və cərimənin məbləğini məhkəmə borcluya xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 2 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 339,7 (üç yüz otuz doqquz manat yetmiş qəpik) manat əsas, 2 (iki) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar