Məhkəmə qərarları › İş №e-2(027)-2224/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2224/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2224/2025 25.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS PRO 2ND qulaqlıq üçün 577.04 (beş yüz yetmiş yeddi manat, 04 qəpik) manat ödənilməmiş hissə, 57.70 (əlli yeddi manat, 70 qəpik) manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, APPLE 20W, USB-C ADAPTER, CASE üçün 51.90 (əlli bir manat, 90 qəpik) manat ödənilməmiş hissə, 5.19 (beş manat, 19 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, BOROFONE BO19 qulaqlıq üçün 47.20 (qırx yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, 4.72 (dörd manat, 72 qəpik) manat cərimə olmaqla ümumilikdə 743.75 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, 29.12. 2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, APPLE AİRPODS PRO 2ND qulaqlıq, APPLE 20W, USB-C ADAPTER, CASE, BOROFONE BO19 qulaqlıq almış və nəticədə 743.75 (yeddi yüz qırx üç manat, 75 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 770.04 (yeddi yüz yetmiş manat, 04 qəpik) manat (12 ay x 64.17 manat + 0 manat ilkin ödəniş) olan APPLE AİRPODS PRO 2ND qulaqlıq üçün ümumilikdə, 634.74 (altı yüz otuz dörd manat, 74 qəpik) manat olmaqla ondan, 577.04 (beş yüz yetmiş yeddi manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57.70 (əlli yeddi manat, 70 qəpik) manat cərimə; xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 174.98 (yüz yetmiş dörd manat, 98 qəpik) manat (12 ay x 12.99 manat +19.10 manat ilkin ödəniş) olan APPLE 20W, USB-C ADAPTER, CASE üçün ümumilikdə, 57.09 (əlli yeddi manat, 09 qəpik) manat olmaqla ondan, 51.90 (əlli bir manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.19 (beş manat, 19 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 77.04 (yetmiş yeddi manat, 04 qəpik) manat (12 ay x 6.42 manat + 0 manat ilkin ödəniş) olan BOROFONE BO19 qulaqlıq üçün ümumilikdə, 51.92 (əlli bir manat, 92 qəpik) manat olmaqla ondan, 47.20 (qırx yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.72 (dörd manat, 72 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cəmi ödədiyi məbləğ 345.92 manat təşkil edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə, APPLE AİRPODS PRO 2ND qulaqlıq almışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə, APPLE 20W, USB-C ADAPTER, CASE almışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə, BOROFONE BO19 qulaqlıq almışdır. - xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tarixli təhvil-təslim aktına əsasən APPLE AİRPODS PRO 2ND qulaqlıq, HİSENSE TV, QİZİL ZƏMANƏT UTRA 1 İL xidməti, HİSENSE TV, QİZİL ZƏMANƏT UTRA 1 İL xidməti Cavabdeh təhvil verilmiş, sonuncu malları təhvil almasını öz imzası ilə təsdiq etmişdir. - Maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 577.04 (beş yüz yetmiş yeddi manat, 04 qəpik) manat ödənilməmiş hissə, 57.70 (əlli yeddi manat, 70 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 51.90 (əlli bir manat, 90 qəpik) manat ödənilməmiş hissə, 5.19 (beş manat, 19 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 47.20 (qırx yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, 4.72 (dörd manat, 72 qəpik) manat cərimə olmaqla ümumilikdə 743.75 manat məbləğində borcu yaranmışdır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən göründüyü kimi, Cavabdeh borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzə əsasən iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilənin predmetini cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malın dəyərini müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə müqavilə üzrə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın əsas borca hesablanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 57.70 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 5 manat məbləğində müəyyən edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5.19 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 0.50 manat məbləğində müəyyən edilməli və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4.72 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 0.50 manat məbləğində müəyyən edilməli həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, beləliklə də iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 577.04 (beş yüz yetmiş yeddi manat, 04 qəpik) manat ödənilməmiş hissə və 5 (beş) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 51.90 (əlli bir manat, 90 qəpik) manat ödənilməmiş hissə və 0.50 (əlli qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 47.20 (qırx yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə və 0.50 (əlli qəpik) manat cərimə olmaqla, ümumilikdə 682.14 (altı yüz səksən iki manat, 14 qəpik) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar