Məhkəmə qərarları › İş №e-2(027)-2251/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2251/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2251/2025 26.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarş”subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh1 müştərək qaydada ümumilikdə 3377,69 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 54,00 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 16:40 radələrində Bakı şəhəri, Babək prospekti ərazisində X2 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən və tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 320” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin"xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış “Skoda Rapid” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP5038970 saylı qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Baş vermiş hadisə üzrə “Skoda Rapid” markalı, **-PL- ***dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3377,69 (üç min üç yüz yetmiş yeddi manat, altmış doqquz qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən PXA113358/22 saylı sığorta aktı tərtib edilməklə “Skoda Rapid” markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" Sığorta Şirkəti ASC-nin bank hesablarına 3177,69 (üç min bir yüz yetmiş yeddi manat, altmış doqquz qəpik) manat, PXA119840/22 saylı sığorta aktı tərtib edilməklə 200 (iki yüz) manat hissəsi Mirmövsümlü Mircavad Cavid oğluna sığorta ödənişi ödənilmişdir. (ümumilikdə 3377,69 (üç min üç yüz yetmiş yeddi manat, altmış doqquz qəpik) manat). II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdеh Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən avtomobili Cavabdeh1 satmışdır. Onun bu iddia üzrə cavabdeh qismində cəlb edilməsinə etiraz edir. İş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İİİ. İşin faktiki halları: İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola və TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddəsində qeyd olunan inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü i tarixli xəbərdarlıq məktubuna əsasən Cavabdeh1 zərərçəkənə sığorta tərəfindən ödənilmiş 3377,69 (üç min üç yüz yetmiş yeddi) manat məbləğində pulun tərəfindən ASC-yə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumata əsasən “Mercedes Benz 320” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. PXA********** saylı “Sığorta Aktı”ına əsasən "xxxx" Sığorta Şirkəti ASC-nin bank hesablarına 3177,69 manat sığorta ödənişi ödənilmişdir. PXA119840/22 saylı “Sığorta Aktı”ına əsasən Mirmövsümlü Mircavad Cavid oğluna 200 (iki yüz) manat sığorta ödənişi ödənilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiaçı) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbayan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə “Mercedes Benz 320” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 60 manat məbləğində cərimə edilmişdir. İddiaçı subroqasiya tələbinin əsası olaraq Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etməsinə istinad etmişdir. Əlavə olaraq həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olmuş Cavabdeh2 da tələbi yönəltmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 törədilmiş hadisədən bir gün sonra, yəni 22 may 2022ci il tarixdə etibarnamə verilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Qanunvericilik normalarının təfsir etsək görərik ki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmaması sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aid məsələ deyildir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Etibarnamə olmadan avtomobilin idarə edilməsi inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. İstifadə müqaviləsinin isə forma tələbi yoxdur. Şifahi şəkildədə bağlana bilər. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Ona görə də iddiaçının cavabdehə qarşı mövcud subroqasiya tələbi əsassızdır. Həmçinin, məhkəmə hesab edir ki, digər Cavabdeh2 münasibətdə də iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Belə ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə müvafiq olaraq mülkiyyətçinin hazırki halda məsuliyyəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə V.Nəticə q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasındasında sığorta ödənişi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 54 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar