Məhkəmə qərarları › İş №e-2(027)-2272/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2272/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2272/2025 04.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat əsas borc məbləği, illik 5% hesablanmaqla 175 manat gecikmə faizi olmaqla ümumilikdə 3675 manat borc məbləği, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat xidmət haqqı, dövlət rüsumu olaraq ödənilmiş 57 manat vəsaitin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh 2500 manat əsas borc məbləği, illik 5% hesablanmaqla 125 manat gecikmə faizi olmaqla ümumilikdə 2625 manat borc məbləği, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat xidmət haqqı, dövlət rüsumu olaraq ödənilmiş 57 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – Satıcı/İddiaçı) ilə Cavabdeh (bundan sonra – Alıcı/Cavabdeh) arasında 26 iyul 2024-cü il tarixli şifahi alqısatqı müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqavilə üzrə Satıcı Alıcıya nektarin (bundan sonra “mal” adlandırılacaq) satılmağı, Alıcı isə həmin malı qəbul edib onun dəyərini razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə Alıcı tərəfindən sifariş olunan Malları tərəflər arasında imzalanmış 26 iyul 2024-cü il tarixli “Satış Qaiməsi”nə əsasən, Alıcıya təhvil vermiş, lakin Alıcı həmin Malların dəyərini Satıcıya tam ödəmədiyindən müqavilə üzrə öhdəliyini pozmuşdur. Belə ki, Alıcı xx.xx.2024cü il tarixində Qusar Rayonu Polis Şöbəsinə verdiyi izahatda təsdiq etmişdir ki, Satıcı ilə bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən, o, xx.xx.2024-cü il tarixində Qusar rayonu Yeni həyat kənd ərazisində yerləşən meyvə bağından ümumi dəyəri 4000 AZN olan 2700 kq alma almışdır. X2 alınan mallara görə 500 AZN verdiyini və 3500 AZN borclu qaldığını etiraf etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin hazırlıq iclasında onunla telefon vasitəsilə əlaqə saxlanılan zaman həqiqətən də borclu olmasını etiraf etmiş, 4000 manat məbləğində puldan ümumilikdə 1500 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh xx.xx.2024-cü il tarixdə Qusar RPŞ-yə verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Qusar rayonu, Yeni həyat kəndində yerləşən bağ sahəsində olan soyuducudan 2700 kq alma meyvəsini 1.50 manatdan 500 manat verməklə götürmüşdür. 3500 manat məbləğində borcu qalmışdır. 10 sentyabrda 1500 manatı, qalan məbləği isə 30 sentyabra kimi qaytaracağını bildirmişdir. xx.xx.2025-ci il tarixli pretenziya qaydasında xəbərdarlıq məktubuna əsasən Cavabdeh 3500 manat məbləğində borcun ödənişinin həyata keçirilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır

567. alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alğı-satqı barədə şifahi qaydada razılıq əldə olunmuş, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən dəyəri ümumilikdə 4000 manat təşkil edən mallar cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh ödənişi tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Belə ki, məhkəmə iclasında cavabdehlə əlaqə saxlanıldığı zaman özü də 4000 manat məbləğin cəmi 1500 manat hissəsini ödədiyini etiraf etmişdir. Əlavə olaraq Qusar RPŞ-də verdiyi izahatında da sadalanan halları təkzib etməmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçıya məxsus meyvə bağı vardır. Meyvə bağından toplanmış meyvələrin satışını o təşkil edir. Cavabdehə bağdan yığılmış meyvələrdən dəfələrlə satılmışdır. Sonuncu dəfə cavabdeh 4.000 manatlıq meyvə almış, lakin meyvənin ödənişini etməmişdir. Cavabdeh ümumilikdə 1500 manat məbləğində pul ödəmiş, lakin 2500 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borc məbləğinin tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, 2500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iddiaçı illik 5% hesablanmaqla 125 ( yüz iyirmi beş) manat gecikmə faizinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə almaqla hesab edir ki, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmədiyi sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddiaçı pul öhdəliyinin gecikdirilməsinə münasibətdə gecikmə faizinin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan məbləğə münasibətdə isə məhkəmə iddianı tələbini bu hissədə də əsaslı hesab edir. Qeyd edilməlidir ki, mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Konstitusiya Məhkəməsinin Qərarı). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddiaçı eyni zamanda hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 57 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən iddiaçı hüquqi yardımla bağlı 325 manat məbləğində pul ödəmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli qəbzə əsasən iddia ərziəsinin verilməsinə görə iddiaçı tərəfindən 57 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 57 manat dövlət rüsumu və hüquqi yardımla bağlı ödənilmiş 325 manat da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat, 125 (yüz iyirmi beş) manat gecikmə faizi, hüquqi yardımla bağlı ödənilmiş 325 (üç yüz iyirmi beş) manat və 57 (əlli yeddi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar