Məhkəmə qərarları › İş №e-2(027)-2429/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2429/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2429/2024 29.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 420 (dörd yüz iyirmi) manat məbləğində vurulmuş zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, “Fiat Dovlo 1,4 MAXİ” markalı, 99–TC–464 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci il yanvarın 13-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Fiat Dovlo 1,4 MAXİ” markalı, 99–TC– 464 dövlət nömrə nişanlı avtomobillə Quba şəhəri, H.Əliyev prospektində “VAZ 21154” markalı, 99–UP–977 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Quba rayon RPŞin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Quba rayon RPŞ-in xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilnmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 411 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 21154” markalı, 99–UP–977 dövlət nömrə nişanlı avtomobilə 420 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 731 nömrəli ödəniş tapşırığı ilə 420 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə əsasən “Fiat Dovlo 1,4 MAXİ” markalı, 99–TC–464 dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə sığortalanmışdır. İş materiallarında olan PXA103023 “Sığorta Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" ASC-nə 420 manat məbləğində ödənilməmiş sığorta borcu yaranmışdır. İş materiallarında olan Qüsur Aktından görünür ki, qəzaya uğramış avtomobilə 420 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********41 nömrəli mədaxil qəbzindən göründüyü kimi, iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 420 (dörd yüz iyirmi) manat vurulmuş zərər və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar