Məhkəmə qərarları › İş №e-2(027)-2502/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2502/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2502/2025 07.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibabala oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1252,12 manat ödənilməmiş hissə, 125,21 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 260,31 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 26,03 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 257,8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 25,78 manat cərimə olmaqla, ümumilikdə 1994,45 manat borc, 39,95 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, BENK asqı, HİSENSE TV, PALTARYUYAN HİSENSE, 2 ədəd ZƏMANƏT + 3 İL XİDMƏTİ, İMEİ KODU **********26801 HUAWEİ NOVA Y91 markalı telefon, İMEİ KODU **********02169 HONOR X6B markalı telefon, PAKET L XİDMƏTİ almış və nəticədə 1994,45 (min doqquz yüz doxsan dörd manat, 45 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1392,12 (min üç yüz doxsan iki manat, 12 qəpik) manat (18 ay x 77,34 manat + 0 manat ilkin ödəniş) olan BENK asqı, HİSENSE TV, PALTARYUYAN HİSENSE, 2 ədəd ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 1377,33 (min üç yüz yetmiş yeddi manat, 33 qəpik) manat olmaqla ondan, 1252,12 (min iki yüz əlli iki manat, 12 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 125,21 (yüz iyirmi beş manat,21 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 370,8 (üç yüz yetmiş manat,80 qəpik) manat (12 ay x 30,9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********26801 HUAWEİ NOVA Y91 markalı telefon üçün ümumilikdə, 309,94 (üç yüz doqquz manat,94 qəpik) manat olmaqla ondan, 260,31 (iki yüz altmış manat, 31 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 26,03 (iyirmi altı manat, 03 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 410 (dörd yüz on) manat (12 ay x 31,25 manat + 35 manat ilkin ödəniş) olan İMEİ KODU **********02169 HONOR X6B markalı telefon, PAKET L XİDMƏTİ üçün ümumilikdə, 307,18 (üç yüz yeddi manat, 18 qəpik) manat olmaqla ondan, 257,8 (iki yüz əlli yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 25,78 (iyirmi beş manat, 78 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 402,69 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilənin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə BENK asqı, HİSENSE TV, PALTARYUYAN HİSENSE, 2 ədəd ZƏMANƏT + 3 İL XİDMƏTİ almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilənin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə İMEİ KODU **********26801 HUAWEİ NOVA Y91 markalı telefonalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilənin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə İMEİ KODU **********02169 HONOR X6B markalı telefon, PAKET L XİDMƏTİ almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı MMCyə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1252,12 manat ödənilməmiş hissə, 125,21 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 260,31 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 26,03 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 257,8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 25,78 manat cərimə olmaqla, ümumilikdə 1994,45 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən göründüyü kimi, Cavabdeh borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən göründüyü kimi, iddia qaldırılması üçün 37 manat 93 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilənin predmetini cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malın dəyərini müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə müqavilə üzrə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca hesablanmış 125,21 manat cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 12 manat məbləğində müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca hesablanmış 26,03 manat cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 2 manat məbləğində müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca hesablanmış 25,78 manat cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 2 manat məbləğində müəyyən edilməli edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, beləliklə də iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 39,95 manat dövlət rüsumunun 9,95 manat hissəsi iddiaçıya aid edilməli, 30 manat isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1252,12 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 260,31 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 2 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 257,8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 2 manat cərimə olmaqla, ümumilikdə 1833,43 manat İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 39,95 dövlət rüsumunun 9,95 manat hissəsi iddiaçıya aid edilsin, 30 manat isə cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar