Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2672/2024 04.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə 599,94 manat ödənilməmiş hissə, 59,06 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 575,88 manat ödənilməmiş hissə, 57,12 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 117,17 manat ödənilməmiş hissə, 11,83 manat cərimə olmaqla, ümumilikdə 1421 manat borc və 34,21 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, sonuncu Hoffmann markalı paltaryuyan, Samsung 25 wcharger, İmei Kodu **********86637 Samsung Galaxy A24 markalı telefon, HOFFMANN LED TV almış və nəticədə 1421 manat yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 599,94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59,06 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 575,88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57,12 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 117,17 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11,83 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 810,15 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin ona göndərilmiş xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 33,33 manat ödəmək şərtilə 599,94 manat dəyərində “Hoffmann” markalı paltaryuyan maşını Cavabdeh satmışdır; xx.xx.2023-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC 65 manat ilkin ödənişlə 18 ay müddətinə hər ay 41 manat ödəmək şərtilə 803 manat dəyərində “Samsung” markalı telefonu Cavabdeh satmışdır; xx.xx.2022-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 38,90 manat ödəmək şərtilə 700,20 manat dəyərində “HOFFMANN LED TV” markalı televizoru Cavabdeh satmışdır; maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri gecikdirməsi ilə müqavilənin şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 599,94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59,06 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 575,88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57,12 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 117,17 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11,83 manat cərimə borc hesablanmışdır; xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 34,21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilələrin münasibətlərindən göründüyü kimi, tərəflər əşyaların nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyların dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 34,21 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2024-ci il tarixli müqaviləyə 599,94 manat ödənilməmiş hissə, 59,06 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 575,88 manat ödənilməmiş hissə, 57,12 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 117,17 manat ödənilməmiş hissə, 11,83 manat cərimə olmaqla, ümumilikdə 1421 manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 34,21 manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2672/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2672/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver