Məhkəmə qərarları › İş №e-2(027)-2889/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2889/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2889/2025 09.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 17 mart 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Apple İphone 16 Pro 256 GB Black Titanium” markalı cihazın qalıq borcu 3301.25 (üç min üç yüz bir manat iyirmi beş qəpik) manat borc məbləğinin və ödənilmiş 53.01 (əlli üç manat bir qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 17 mart 2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3306.51 (üç min üç yüz altı manat əlli bir qəpik) manat təşkil edən “Apple İphone 16 Pro 256 GB Black Titanium” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 183.7 (bir yüz səksən üç manat yetmiş qəpik) manat olmaqla, 18 ay müddətinə ödəməli olduğu halda cəmi 5.26 (beş manat iyirmi altı qəpik) manat ödəniş etmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə borcu 3301.25 (üç min üç yüz bir manat iyirmi beş qəpik) manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə Abonentin mobil nömrəsi Operator tərəfindən ikitərəfli blok statusuna keçirildikdən sonra 15 (on beş) gün ərzində ödəniş həyata keçirilməzsə, qalıq borc məbləği bütövlükdə Abonentin mobil telefon nömrəsinin balansına borc kimi yüklənir. Borc ödənilmədikdə isə Operator Abonentin mobil telefon nömrəsini yenidən satışa çıxara və üçüncü şəxslərə təqdim edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 17 mart 2025-ci il tarixli müqaviləyə görə cavabdehə aylıq 183.34 manat olmaqla, 18 ay müddətinə dəyəri 3306.51 manat təşkil edən “Apple İphone 16 Pro 256 GB Black Titanium” markalı telefon cihazı verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı MMC-yə 17 mart 2025-ci il tarixli müqavilə üzrə 3301,25 (üç min üç yüz bir manat iyirmi beş qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş-pretenziya məktubunun surətindən göründüyü kimi, Cavabdeh borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********95 nömrəli mədaxil qəbzdən göründüyü kimi, iddia qaldırılması üçün 53 (əlli üç) manat 01 (bir) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə mal satmağı, cavabdeh isə həmin malı almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilənin predmetini cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malın dəyərini müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə müqavilə üzrə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 53 (əlli üç) manat 01 (bir) qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 29-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 17 mart 2025-ci il tarixli müqavilə üzrə 3301.25 (üç min üç yüz bir manat iyirmi beş qəpik) manat borc və 53.01 (əlli üç manat bir qəpik) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar